Salmanlı R.

 

Abidələrə qayğı Şəmkirin turizm məkanına çevriləcəyinə zəmin yaradır

 

İki-üç il bundan öncə Şəmkirdə olanların yolu indi buralara düşəndə o dəqiqə hiss edirlər ki, şəhərin özü, qəsəbə və kəndləri nəzərəcarpacaq dərəcədə dəyişib, təzələnib, müasirləşib. İstər rayonun dağlıq ərazisində, istərsə də aran kəndlərində fermerlərin, icarədarların, əkin-biçin sahiblərinin fəallığı xeyli artıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təsərrüfat adamlarına, sahibkarlara yaradılan şərait onlarda yeni ovqat yaradıb. İşə münasibət, yaxşı mənada, yüzə-yüz dəyişib.
Gəncədən Qazaxa tərəf gedəndə, Şəmkirdən keçən magistral yolun sağında-solunda əkin-biçinlə, torpaqla əlləşən adamlarda müşahidə olunan əzmkarlığı, zəhmətsevərliyi rayonun ən ucqar kəndlərində, ondan da yüksək formada görmək olur. Bütün bunlara baxmayaraq rayonda abadlıq, səliqə-sahman, tikinti-quruculuq işləri bir an da olsun səngimir. İnsanlara yaradılan sosial-iqtisadi şəraitlə yanaşı, milli mədəniyyətimizə, tarixi abidələrimizə qayğı da ön plandadır. Xatırladım ki, rayonun ümumrespublika abidələri siyahısında bu gün mövcudluğu məlum olan 20-dən çox tarix və mədəniyyət abidəsi var. Açığını deyək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra tarixi yerlərə və dünyamızın çox uzaq keçmişindən söhbət açan abidələrə, qədim tikililərə münasibət, qayğı və diqqət kökündən dəyişib. Sovetlər dönəmində bu kimi işlərin önə çəkilməsi, məsələyə milli baxımdan yanaşılması çox çətin idi, bəlkə də qeyri-mümkün idi. Ona görə də müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyev bu kimi problemlərin həllindən söhbət gedərkən demişdir: "İndi heç kəs, heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən də Azərbaycan Prezidenti kimi sizə və bütün əhalimizə, bütün alimlərimizə, ziyalılarımıza bildirmək istəiyrəm ki, Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu bardə heç kəsə nə millətçi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bir daha bildirmək istəyirəm ki, indi, müstəqil dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var...". Ulu öndərin tapşırıq və tövsiyələrindən sonra Azərbaycanın hər yerində, eləcə də Şəmkirdə itib-batmaqda olan tarixi abidələrin üzünə gün doğub. Üç ilə yaxındır ki, burada Mədəniyyət və Turizm Nazirliyinin, habelə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri axtarış-tədqiqat işləri aparırlar. 2006-cı ilin aprel ayında rayonun Yuxarı İrmaşlı kəndində uca dağ zirvəsində aşkarlanmış V-VIII əsrlərə aid, el arasında "İrmaşlı piri" kimi tanınan alban abidəsində yenidənqurma işləri aparılıb. Aşağı İrmaşlı kənd qəbiristanlığında isə daha bir tarixi yenilik - VII-VIII əsrlərə aid yazılı daş kitabələrlə yanaşı, tərcümeyi-halı çox-çox qədimlərə gedib çıxan iki ədəd qoç və səkkiz ədəd at heykəlləri tapılıb qeydiyyata alınıb.
Rayonun ən böyük kəndlərindən və köhnə yaşayış məskənlərindən hesab olunan Qaracaəmirli kəndində aparılan arxeoloji qazıntılar zamanı Qafqazın ən qədim tikililərindən biri aşkarlanıb. Bir ilə yaxındır ki, həmin ərazidə qızğın iş gedir. Almaniyanın maliyyə dəstəyi ilə oraya azərbaycanlı alimlərlə yanaşı, Almaniya və Gürcüstan alimləri də cəlb olunub, xeyli tədqiqat işləri aparılıb. Ekspedisiya əməkdaşlarının açıqlamalarına görə Qaracaəmirli kəndi ərazisində aşkarlanan yaşayış binası təxminən 2500 il bundan öncə tikilib. Arxeoloqlar saray tipli inzibati binada səkkiz otaq və bir neçə sütun müəyyən ediblər. Binanın bünövrəsi çınqıl daşdan, divarları isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikilib. Bu, eramızdan əvvəl birinci minilliyin ortalarında mövcud olmuş Əhəmənilər dövrünün yadigarıdır. Belə bir qədim yaşayış məskəni Azərbaycanda 1958-59-cu illərdə Qazax rayonunun Sarıtəpə istiqamətində tapılıb. 1990-cı illərdə isə oxşar abidə Gürcüstanın Qubbati deyilən ərazisində aşkar olunub.
Ekspedisiyanın çalışdığı ərazidə Almaniyanın Münhen muzeyindən, Arxeologiya İnstitutundan və Hall Universitetindən təcrübəli tədqiqatçılar, mütəxəssislər dəvət alıblar. Qonşu Gürcüstandan bir professor və bir nəfər rəssam gələrək həmkarlarına lazımi kömək göstəriblər. Ötən il Almaniyanın Azərbaycandakı səfiri Şəmkirdə arxeoloqların qonağı olub, yeni tapıntılarla maraqlanıb, onların işlərinə yüksək qiymət verib. Regionda aparılan beynəlxalq arxeoloji ekspedisiyanın tədqiqat işlərinin nəticəsi olaraq ötən il "Şəmkir: Arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.
Şəmkirin ərazisində böyük təpələr çoxdur. Həmin ərazilər geniş bir sahəni əhatə edir. Mütəxəssislərin fikrincə, bura Əhəmənilər dövründə böyük inzibati mərkəz olub. Arxeoloqlar Almaniyada istehsal olunmuş xüsusi aparatlarla bu təpələrin altında nələr olduğunu yoxlamaqda, aşkarlamaqda maraqlıdırlar.
Rayonun digər ərazisində - Şəmkir çayının sol sahilində yerləşən "Qala yeri" də alimlərin diqqətini cəlb edib. İlkin tədqiqatlar nəticəsində qala divarları içərisində qədim Şəmkir şəhərinin iyirmi səkkiz hektar sahədə mövcudluğu müəyyən edilib. Ötən il qalanın sərhəd ərazisi təmizlənib, divarın 84 metr uzunluğundakı hissəsi üzə çıxarılıb. Onun hündürlüyü 5 metr, bəzi yerlərdə isə 5,5 - 6 metrə çatır. Qala Arran memarlıq məktəbi üçün səciyyəvi olan polixrom, qarışıq hörgü ilə inşa edilib. Qazıntılar zamanı müxtəlif təyinatlı əmək alətləri, məişət avadanlığı nümunələri, saxsı qablar, bəzək əşyaları, mis pullar və s. tapılıb. Ərazinin şərq tərəfində - azı dörd yüz kvadratmetrdən çox sahədə qazıntı işləri aparılıb. Burada bişmiş kərpic və çay daşından hörülmüş tikili kompleksi aşkar edilib. Divarlarının qalınlığı bir metrdən çox olan həmin kompleks iki otaq və bir dəhlizdən ibarətdir. Otaqlardan yalnız birinin zirzəmisi qalıb. Digər otağın, habelə dəhlizin döşəməsi bişmiş kərpiclərlə örtülüb.
Qədim Şəmkir şəhərinin xarabalıqları olan ərazidə - "Qala yeri"ndə ötən ildən başlanan arxeoloji tədqiqatlara bu ilin iyun ayında yenidən start verilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Rəşid Bağırovun məlumatına görə, Şəmkir çayının sol sahilində, Muxtariyyə və Keçili kəndləri arasında arxeoloji araşdırmalar aparılan ərazidə yaşayış evləri, habelə IX-X əsrlərə aid kanalizasiya və su xəttinin olduğu müəyyənləşdirilib. Arxeoloji qazıntılar havalar soyuyanadək - təxminən oktyabrın sonlarına kimi davam etdiriləcək. Bu ilin sentyabrında isə dünya alimləri Şəmkirə toplaşıb, "Qafqazın Arxeologiyası və Etnoqrafiyası" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirəcəklər.
Şəmkirlilər çalışırlar ki, Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə "Azərbaycanın qədim abidələri" (Bakı,1948-ci il) kitabında rast gəlinən, eləcə də müxtəlif dövrlərdə fransız rəssamı və səyyahı Yan Mon Pere, rus səyyahı və rəssamı B.Qaqarin tərəfindən çəkilmiş əzəmətli "Şəmkir minarəsi"ni, "Şəmkir qülləsi"ni bərpa etsinlər. Qədim Azərbaycan memarlığının şah əsərlərindən hesab olunan Şəmkir minarəsinin hündürlüyü təxminən 61 metrdir. Aşağıdan yuxarıya içərisində 124 pilləkən olub. Minarənin kürsüsü 5x5 metrə, dairəvi gövdəsinin diametri aşağıdan 4 metrə, yuxarıdan isə 3 metrə çatırdı. Minarənin yaxınlığında şəhəri Şəmkir çayının sağ sahili ilə birləşdirən körpü olub. Onların 12-yə qədər sütunu indi də durur və bərpaçılar bu sütunların ömrünün uzadılması üçün əllərindən gələni edirlər.
Ölkə başçısı cənab İlham Əliyevin tarixi abidələrimizin mühafizəsi və bərpası ilə əlaqədar sərəncam və göstərişlərinə əsasən son illər Şəmkir Rayon İcra Hakimiyyətinin, habelə respublika Mədəniyyət Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə şəhərin mərkəzində 1909-cu ildə inşa edilmiş alman kilsəsində, eləcə də digər bu kimi tarixi tikililərdə yüksək səviyyəli təmir və bərpa işləri aparılıb. Alman kilsəsinin dam örtüyü tamamilə təzələnib. Sövetlər dönəmində baxımsızlıq üzündən uçulub-dağılmaqda olan, Qərb memarlıq üslubunda ucaldılmış bu tarixi tikili-abidəyə indi baxmaqdan doymaq olmur. Kilsədə tez-tez mədəni-kütləvi tədbirlər - sərgilər təşkil olunur, konsert proqramları və təqdimat mərasimləri keçirilir. Şəmkirdə Kiçik Qafqaz dağlarının qoynunda və bu dağların insan yaşayan məskənlərinə yaxın ərazilərdə tarixi abidələr çoxdur. Qədim Şəmkirin müəyyən bir dövrünü özündə yaşadan "Qala yeri", Didvan bürc qalası, Şəmkir körpüsü, Qız qalası, Qannı Qobu, Koroğlu qalası, Zəyəm qəsəbəsi yaxınlığında qaya üzərindəki istehkam, Təzəkənd kəndində Azərbaycan - alman dostluğu şərəfinə ucaldılmış abidə həmişə seyrçilərin marağını özünə cəlb etməkdədir... Şəmkirin qədim tarixi və milli mədəni abidələri haqqında söhbət açmaq nə qədər maraqlıdırsa, yaxın keçmişi - dünəni və bu günü ondan da maraqlı, ondan da fəxarətlidir. Buradakı tarixi yerləri və abidələri seyr edənlər Boz dağın ətəklərində, Qarayazı meşələrinin qoynunda, ana Kürün üstündə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində tiiklib istifadəyə verilmiş qoşa nur seli Şəmkir SES və Yenikənd SES-də olmağı, burada şəhər tipli energetiklər qəsəbəsi ilə tanışlığı çox xoşlayırlar. Heydər Əliyev muzeyində olmaq, rayon Diyarşünaslıq muzeyində uzaq keçmişimizlə yaxından ünsiyyətdə bulunmaq insanları mənən zənginləşdirir. Qədim İpək yolunun üstündə Koroğlu abidəsi, 31 Mart - azərbaycanlıların soyqırımı abidəsi, şəhərin mərkəzində 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış xatirə-kompleksi, XIX əsrin sonu, XX əsrin əvvəlləri Rusiya hərb tarixinin tanınmışlarından "Rus ordusu artilleriyasının allahı" adlandırılan general-leytenant Əliağa Şıxlinskinin, erməni işğalçıları ilə müharibədə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid Habil Əliyevin, Qaralılar kəndində Milli Qəhrəman Zaur Sarıyevin, Kür qəsəbəsində məşhur topçu, Milli Qəhrəman İsgəndər Aznaurovun, digər kənd və qəsəbələrdə daim ehtiramla xatırlanan və mühafizə olunan "20 Yanvar şəhidləri" "Qarabağ müharibəsi şəhidləri" abidə kompleksləri, Çənlibeldə Aşıq Ələsgərin, rayon mərkəzində Aşıq Teymurun, Dəllər-Cırdaxan kəndində el şairi Yəhyə bəy Dilqəmin, Qapanlı kəndində Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstləri görməli, insanlara vətənpərvərlik hissləri aşılayan, mənəvi toxtaqlıq və qürur gətirən müqəddəs yerlərdəndir. Yeni yaradılan heykəllər, qoyulan büstlər, göz oxşayan tikililər öz mahiyyəti, məzmunu və tərcümeyi-halı etibarilə gələcək nəsillər üçün tarixi abidə nümunəsidir. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Şəmkirdə tarixi yerlərə və milli abidələrə dövlət səviyyəsində qayğı tezliklə bu bölgənin turizm məkanına çevriləcəyinə zəmin yaradır.

 

Azərbaycan.- 2008.- 17 iyul.- S. 6.