Vəliyev M.

 

Cümə məscidi yenidən dindarların

istifadəsinə verilmişdir

 

İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan Cümə məscidi əsaslı təmir və bərpa işlərindən sonra yenidən dindarların istifadəsinə verilmişdir. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam şəkildə bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Məscidin divarlarında nəqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.

İçərişəhər Cümə məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli bildirmişdir ki, son illərdə respublikamızda tarixi memarlıq və eləcə də dini abidələrin təmiri və bərpası işlərinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün bir sıra dini ocaqlarda təmir işləri gedir artıq bir neçə il ərzində əsaslı təmir işləri aparılan Cümə məscidinin istifadəyə verilməsini biz böyük səbirsizliklə gözləyirdik. Məsciddə dindarların ibadəti üçün hər cür şərait yaradılıb, buradakı gözəllik göz oxşayır. Müxtəlif çeşidli xalça çilçıraqlar məscidə xüsusi yaraşıq verir.

Məsciddə təmir işlərinin başa çatdırılması dindarların istifadəsinə verilməsi mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev, ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi, Azərbaycandakı diplomatik korpusların nümayəndələri digər rəsmi şəxslər aparılan təmir işlərindən razı qalmış, rəssam restavratorların əməyini yüksək qiymətləndirərək öz dərin təşəkkürlərini bildirmişlər.

Məscidin fəaliyyətinin bərpası eləcə Həzrət Əlinin mövludu günü ilə əlaqədar Cümə məscidində tədbir keçirilmiş, dindarlar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

 

Respublika.- 2008.- 19 iyul.- S. 4.