Abdullayeva F.

 

Turizm şirkətlərinin rəhbərləri İordaniyadan zəngin təəssüratlarla qayıdıblar

 

İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında imzalanmış sazişin şərtlərinə uyğun olaraq, bu ölkələrin mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlığı getdikcə genişlənir. İnfoturların təşkil edilməsi, ölkələrin turizm potensialı və tarixi-mədəni abidələri ilə tanışlıq, hökumətlər səviyyəsində müxtəlif sənədlərin imzalanması və s. məsələlər bu sırada əsas yer tutur.

Azərbaycan da adıçəkilən təşkilatın üzvü, eyni zamanda turizmin inkişafı baxımından yeni-yeni təşəkkül tapan ölkə kimi İKT-yə daxil olan dövlətlərlə bu sahə üzrə əməkdaşlığını artırır. Bugünlərdə ölkəmizdə fəaliyyət göstərən "Millenium", "İntour", "İmprotex" və "İsr travel" turizm şirkətlərinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə İordaniya Həşimi Krallığına səfəri də sözügedən məqsədlə həyata keçirilmişdi.

Qeyd edək ki, bir həftə davam edən səfərdə Mədəniyyət və Turizm Nazirliyinin bir qrup nümayəndəsi, o cümlədən Nazirliyin Turizm İdarəsinin rəhbəri Aydın İsmiyev və bəzi KİV-lərin təmsilçiləri də iştirak edib.

İnfoturda iştirak edən "Millenium" və "İsr travel" turizm şirkətlərinin rəhbərləri Ruslan Quliyev və Rüfət Hacıyevlə görüşüb səfər təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik.

Ruslan Quliyev bildirdi ki, səfərlərinin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi olub. İnfotur "İordan Tourism Board" - İordaniya Turizm Assosiasiyasının dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib: "Yüksək dövlət səviyyəsində həyata keçirilən səfərbu ölkə haqqında gözəl təəssüratlarla, maraqlı əlaqələrlə və çox böyük əhəmiyyət kəsb edən müqavilələrlə yadda qaldı. Qeyd edim ki, ərəb dünyasına daxil olan İordaniya müxtəlif mədəniyyətlərin birləşdiyi mərkəzdir. Burada bütün dinlərə mənsub olan təriqət sahiblərinə münasibət eynidir. Səfər çərçivəsində bu ölkənin bir sıra şəhərlərində, turizm-istirahət mərkəzlərində və tarixi-mədəni yerlərində olduq. O cümlədən, Amman, Ceraş, Petra kimi ildə minlərlə turistin maraq dünyasına çevrilən şəhərləri gəzmək, iki min illik tarixi olan abidələrlə tanış olmaq imkanı əldə etdik. Eyni zamanda Qırmızı dənizin sahilində yerləşən 4, 5 ulduzlu hotellərin xidmət səviyyəsi bizi valeh etdi. Çoxulduzlu olmasına baxmayaraq, bu hotellərdə qiymətlər də qənaətbəxşdir. Həmin qiymətlər Azərbaycandan gedən turistlərin cibinə də uyğundur. Burada biz həmçinin gördüyümüz və gələcəkdə həyata keçirəcəyimiz işlərlə bağlı geniş müzakirələr apardıq".

Artıq azərbaycanlı turistlərin yenilik axtarışında olduğunu deyən R.Quliyevin bildirdiyinə görə, bu baxımdan İordaniya turist şirkətləri üçün yeni bir istiqamətdir: "Bu ölkəyə bir neçə tur həyata keçirmək mümkündür. Belə ki, İordaniya istirahət, müalicəvi (Ölü dənizin sahilində yerləşdiyinə görə), ailəvi gəzintilər və s. istiqamətlərdə turistlərin marağını cəlb edən ölkədir".

R.Quliyev onu da bildirdi ki, iyulun 6-da bu ölkənin turoperatorları ilə görüşüblər: "Görüşdə İordaniyanın 10-a yaxın özəl turist şirkəti iştirak edirdi. Onlar ölkənin ən böyük və qabaqcıl şirkətləri kimi, bizə özlərinin həyata keçirdikləri rəngarəng turlarla bağlı təkliflərini verdilər. Bu sahədə şirkətlərimiz arasında müqavilələr bağlandı. Onu da qeyd edim ki, bu sənədlərdə qarşılıqlı turların təşkil edilməsi nəzərdə tutulur. Biz də öz növbəmizdə Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmi onlara nümayiş etdirdik, "İpək yolu" çərçivəsində bir neçə marşrutlar təklif etdik. Qarşı tərəfdə bu, müsbət reaksiya doğurdu".

Qeyd edək ki, hər həftənin 1-ci günü Bakı-Amman-Bakı təyyarə reysləri həyata keçirilir. R.Quliyevin dediyinə görə, bu, turların rahatlığını və normal olmasını aktual edən amillərdən biridir.

"İsr travel" turizm şirkətinin rəhbəri Rüfət Hacıyeyin fikirləri də maraqlı oldu: "İordaniyada fəaliyyət göstərən turoperatorların işi ilə tanış olduq, onlardan müxtəlif sərfəli təkliflər aldıq. Bu ölkənin tarixi-mədəni abidələrini gəzdik. Hotellərdə xidmətin keyflyyəti və səviyyəsi, qiymətlər çox qənaətbəxşdir. İordaniyanın mentaliteti ilə Azərbaycanın adət-ənənələri arasında da yaxınlıqlar çoxdur. Digər ərəb ölkələrinə nisbətən onlar daha qonaqpərvərdilər ki, bu da azərbaycanlı turistlər üçün çox maraqlıdır. Gələcəkdə İordaniya ilə Azərbaycan arasında daha geniş əməkdaşlığın qurulacağına inandığını deyən R.Hacıyevin dediyinə görə, hazırda bu ölkəyə birbaşa turlar təşkil etmə imkanları var: "Əvvəllər isə belə deyildi. İordaniyaya turlar təşkil etmək üçün mütləq üçüncü ölkənin xidmətindən istifadə etməli olurduq. Səfərimizin əsas təşkilatçısı olan İordaniya Turizm Assosiasiyası də özəl turist şirkətlərinə yaxınları kömək edir. Bizdə isə təəssüflər olsun ki, belə imkanlar hələlik məhduddur. Bu baxımdan çox çətinlik çəkirik. Şirkət rəhbəri onu da bildirdi ki, Azərbaycanda da belə bir qurumun yaradılmasına ehtiyac var: "Çünki gələn turistləri yerləşdirmək baxımından bu qurumun fəaliyyətinin əhəmiyyəti böyükdür. Demək olar ki, xərclərin əksəriyyətini həmin assosiasiya öz üzərinə götürür. Ölkənin turizm sahəsi üzrə inkişafı baxımından bu təşkilat çox böyük işlər görür".

Sonda R.Hacıyev qış aylarında Tunis, Malayziya və Tailand kimi ölkələrə çarter reyslərini reallaşdırmaq planlarının olduğunu da söylədi.

 

Mədəniyyət.- 2008.- 12 iyul.- S. 6.