Cavadov S.

 

Masallının şəfa ocağı – İstisu

 

Yay fəslində yaşıl ormanlarla örtülü dağlar qoynunda dincəlmək, təbiətin gözəlliklərini seyr etmək, çayların, bulaqların, şəlalələrin zümzüməsinə qulaq asmaq, təmiz dağ havasından doyunca udmaq, səs-küydən uzaq olmaq hər kəsin istəyi, arzusudur.

Son illər bu məqsədlə respublikamızın müxtəlif bölgələrində istirahət zonaları yaradılmışdır. Onların çoxu dünya standartları səviyyəsindədir. Turizmin inkişafı, insanların istirahətinin təşkili baxımından dövlət tərəfindən bu işlərə böyük diqqət yetirilir.

Masallıda da istirahət yerləri çoxdur. Yay fəslində paytaxt Bakıdan, müxtəlif rayonlardan, Rusiyadan və digər xarici ölkələrdən buraya çoxlu sayda adamlar gəlir. Onların arasında isə ən çox qonağı olan İstisu sanatoriyasıdır. Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Viləş çayının sahilində yerləşən bu şəfa ocağının yaranma tarixini dəqiq bilən yoxdur. Ulu əcdadlarımız bu yerə min bir dərdin dərmanı olan möcüzəli şəfa ocağı adını veriblər. Bu suyun tərkibində hidrogen sulfid, natrixlor, kalsi, maqnezili hidrokarbonat, habelə bir litrində 30 milliqram yod vardır. Yerin təkindən, 90-250 kilometr dərinlikdən çıxan suyun hərarəti 60 dərəcədən yüksəkdir. Məşhur həkim-alim Mir Kazım Aslanlı ötən əsrin 60-cı illərinin əvvəllərində sübut edib ki, sözügedən su ilə revmatizm, radikulit, mədə-bağırsaq, böyrək, prostat, hipertoniya, qadın və kişi sonsuzluğu və s. xəstəlikləri müalicə etmək olur. 1971-ci ildə İstisu şəfa ocağı sanatoriya statusu alıb.

1998-ci ildə bura iş adamı İldırım Allahyarov tərəfindən özəlləşdirilərək Masallı İstisuyu "Fatmeyi-Zəhra şəfa sanatoriyası" adlandırılıb. Elə həmin vaxtdan da burada genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri görülməyə başlanıb. İndi sanatoriyada Avropa standartlarına uyğun müalicəvi vannalar, istirahət üçün kotteclər, 160 yerlik mehmanxana və digər infrastruktur obyektləri mövcuddur. Bunlardan başqa, buraya gələnlər Viləş çayındakı çimərlikdən, dəryaçada qayıqla üzməkdən, idman meydançasından, atla gəzintidən istifadə edirlər. Eyni zamanda, onlar üçün qonşu Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarına turist səfərləri təşkil edilir.

Ümumiyyətlə, sanatoriyaya gələnlərə xüsusi diqqət və qayğı ilə yanaşılır, onların arzu və təklifləri nəzərə alınır. Ona görə də burada dincələnlərin, demək olar ki, hamısı aldıqları müalicədən, onlara göstərilən xidmətdən ürəkdolusu razılıq edirlər. Onların bir neçəsi ilə söhbət etdik. İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Yavər Məmmədov buraya 6-cı dəfə gəldiyini söylədi. Göstərilən xidmətdən, aldığı müalicədən razıdır. O, hər dəfə buraya gələrkən səhhətinin xeyli yaxşılaşdığını, oynaqlarında olan ağrıların çəkilib getdiyini, bir az da zarafata salıb cayanlaşdığını bildirdi. Bakı Baş Təhsil İdarəsində təhsilin idarə olunması sektorunun müdiri Vüsalə Fətəliyeva da həkimlərdən, sanatoriyanın müdiriyyətindən, yaradılan təmizlikdən, səliqə-səhmandan razı qaldığını söylədi. İmişli rayonunun Qulubəyli kənd sakini Tofiq Mirzəyev: "Bura gələndə ağrılardan çox əziyyət çəkirdim. Radikulit məni taqətdən salmışdı. Yediyimi-içdiyimi bilmirdim. Hətta bura gəlib çatanda məni maşından güclə düşürdülər. Maşallah olsun, indi yaxşıyam. Vanna qəbul etmək üçün pilləkənlərlə sərbəst, ağrı bilmədən qalxıb-düşürəm. Ona görə də nə qədər canım sağdır, hər il yayda buraya gəlib müalicə olunacağam".

Sanatoriyada dincələnlərdən Bakı şəhər Əzizbəyov rayonu 156 saylı məktəbin müəllimi Gülxanım Məmmədova, Qadın və İnkişaf Mərkəzinin işçisi Səriyyə Səfərova, Bakı şəhər Yasamal rayon 225 saylı məktəbin müəllimi Ofeliya Quliyeva, onun həmkarı - Bakı şəhər Nizami rayon 214 saylı məktəbin müəllimi Esmira Quliyeva, Sumqayıtdan olan Xanlar Alverdiyev və başqaları burada istirahət və müalicə üçün hər bir şərait olduğundan razılıq etdilər.

Sanatoriyanın sahibi İ.Allahyarov isə bildirdi ki, bütün bunlar ölkə rəhbəri İlham Əliyevin sahibkarlar üçün yaratdığı şəraitin nəticəsidir. O, eyni zamanda həmişə köməyinə yetən, ortaya çıxan problemlərin həllində lazım olan anda əlindən tutan yerli icra orqanlarından da razılıq etdi.

 

Azərbaycan.- 2008.- 20 iyul.- S. 4.