Mehbalıyev S.

 

Vətəndaşların əmək hüquqları qorunur, istirahətləri təşkil edilir

 

Bununla məşğul olan qurumlardan biri həmkarlar təşkilatlarıdır

 

Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması və iqtisadi münasibətlərin hazırkı inkişaf tendensiyası vətəndaşların sosial müdafiə və əmək hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə də əsaslı zəmin formalaşdırmışdır. Azərbaycanda vətəndaşlara həssas münasibətin təzahürü olaraq həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyəti üçün münbit zəminin formalaşması da ölkədəki sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə, əsas qayəsinə çevrilmişdir.
Təcrübə göstərir ki, hər bir inkişaf etmiş dövlətdə bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusilə diqqət yetirilir. Vətəndaşların sosial və iqtisadi təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdəndir. Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının sosial-iqtisadi şəraitinin qorunması və normativ möhkəmləndirilməsi məsələlərinə toxunur, insanların qorxu və ehtiyacdan azad olma şəraitinin yaradılması məqsədilə əmək və məişət, məşğuliyyət, güzəran və sosial müdafiəsi sferasındakı vəziyyətini müəyyənləşdirir. Bəşər cəmiyyəti sivilizasiyanın ən yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərlər qorunub saxlanılmaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ həmin cəmiyyətin mənəvi göstəricisinə çevrilir.
İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Uzun illər mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb prosesdir. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin həllinin diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ var. Yəni ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır. Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır.
Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçmişdir. Bu sistemdə sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır. Bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq, Azərbaycanda bazar iqtisadiyyatının sərt tələbləri şəraitində məhz vətəndaşların aztəminatlı təbəqəsi üçün ünvanlı sosial yardım sistemi formalaşdırılmış, sosial ədalət prinsipi bütün səviyyələrdə bərqərar olmuşdur.
Azərbaycan təcrübəsi deməyə əsas verir ki, bazar iqtisadiyyatı prinsiplərinin sürətlə bərqərar olması dövlətin sosial funksiyalarının həyata keçirilməsinə qətiyyən mane olmur. 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman bir ictimai-siyasi formasiyadan digərinə keçidin doğurduğu obyektiv problemlərin sürətli həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Bu fundamental sənəd aiddiyyəti dövlət strukturları qarşısında ümumi istiqamətləri müəyyənləşdirərək ölkəmizdə işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması, müasir texnologiyalar əsasında yenidən qurulmalı olan yerli müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsalı və bu məhsulların dünya bazarına çıxarılması, habelə aqrar islahatların başa çatdırılmasına dair bir sıra dövlət proqramlarının hazırlanmasına rəvac vermişdir.
Azərbaycan Respublikasının sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bu siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. İqtisadiyyatda liberallaşdırma və insanların mənafelərinin qorunması bazar iqtisadiyyatı prinsiplərinə də mütərəqqi yeniliklər gətirmişdir.
2007-ci ilin yanvar ayında Tarif Şurasının qərarı ilə bəzi enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi də məhz dövlət büdcəsinin əlavə xərclərdən, xüsusən də kommunal xidmətlərə görə dotasiyalardan azad olunması zərurəti ilə şərtlənmişdir. Eyni zamanda kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi ilə bağlı vətəndaşların mənafeyinə toxunacaq cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri ilə kompensasiya edilmişdir. Son bir il yarımda səhiyyə, elm, təhsil, mədəniyyət və sosial təminat sahəsində çalışan vətəndaşların aylıq məvacibləri xeyli artırılmışdır.
Uzun illərdən bəri vətəndaşları narahat edən məsələlərdən biri kimi sovet dövründən banklarda qalan əmanətlərin indeksasiyası prosesinə start verilməsi, həmçinin gənc ailələrin mənzil probleminin həlli üçün vətəndaşlara ipoteka kreditlərinin ayrılması prosesinin başlanması da sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş vəsaitlərin ünvanına düzgün çatdırılması məqsədilə 2006-cı ildən etibarən ünvanlı sosial yardımlara dair xüsusi proqramın icrasına başlanmışdır. Bu proqram hazırda 70 mindən çox ailəyə şamil olunur. Ümumilikdə yoxsulluğun ləğvinə hesablanmış kompleks tədbirlər də ölkənin iqtisadi siyasətində mühüm yer tutur. Cəmi beş il müddətində ölkədə yoxsulluğun həddinin 49 faizdən 16 faizə düşməsi, vətəndaşların yaşayış səviyyəsinin əsaslı şəkildə yaxşılaşması da deyilənləri bir daha təsdiqləyir.
Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bir vaxtlar əgər kimlər üçünsə Qubanın Xınalıq kimi ucqar dağ kəndinə müasir standartlara cavab verən magistral yolun çəkilişi, yaxud da keçmiş sovetlər birliyinin iqtisadi cəhətdən ən qüdrətli çağında belə mavi yanacaq üzü görməyən Lerik və Yardımlı rayonlarına qazın verilməsi əfsanə kimi görünürdüsə, ölkənin artan iqtisadi imkanları bu layihələri artıq gerçəkliyə çevirmişdir. 13 illik fasilədən sonra kontinental iqlimi - sərt qışı ilə tanınan Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin olunması da bu baxımdan xüsusi vurğulanmalıdır. Vətəndaşların mənafeyi əsas tutulmaqla böyük maliyyə vəsaiti tələb edən bu layihələrin həyata keçirilməsi həm də Azərbaycan üçün gerçəkləşməsi müşkül heç bir sosial layihənin olmadığını göstərir.
Sosialyönümlü siyasətin nəticəsi olaraq bu gün respublikada hər bir vətəndaşın əmək hüquqlarının qorunması da diqqət mərkəzindədir. Azərbaycan bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə olduğundan həmkarlar təşkilatlarının roluna yüksək önəm verilir. Milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi cəmiyyətin mənəvi təkamül yolu ilə inkişafının mühüm şərti sayılır. Son illər həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun vətəndaşlar tərəfindən daha düzgün dəyərləndirilməsi deyilənləri bir daha təsdiqləyir. 2007-ci ildə həmkarlar təşkilatlarının qurultayının yüksək səviyyədə keçirilməsi, habelə bu sahədə çalışan işçilərin bir qisminin dövlət mükafatlarına layiq görülməsi bu sistemin səmərəli fəaliyyətinə olan etimadın nəticəsidir. Bundan əlavə, Milli Məclisdə yeni dövrün tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunması istiqamətində atılmış addımlardandır.
Tarixə ekskurs etməklə xatırladaq ki, zəngin ənənələrə malik Azərbaycan həmkarlar ittifaqı hərəkatı yarandığı vaxtdan - yüz ildən də artıq dövrdə bir sıra tarixi mərhələlərdən keçmişdir. 1905-ci ilin oktyabrında Bakıda fəhlə və qulluqçuların ilk həmkarlar ittifaqlarının yaradılması ilə başlayan bu hərəkat tezliklə geniş vüsət alaraq əsas istehsal, nəqliyyat və xidmət sahələrini əhatə etmişdir. Bu dövrdə həmkarlar ittifaqları əmək hüquqlarının əsas müdafiəçisi olmuş, iş şəraitinin yaxşılaşdırılmasında, sosial-məişət problemlərinin həllində böyük rol oynamışdır. Unudulmaz həqiqətdir ki, istər rus imperiyası dövründə, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti illərində müxtəlif siyasi qüvvələr həmkarlar ittifaqlarını öz məqsədləri naminə ideoloji təzyiqlərə məruz qoymuş, onları siyasi mübarizələrə cəlb etməyə səy göstərmişdir. Sovet hakimiyyəti illərində də həmkarlar ittifaqları, əslində siyasi-ideoloji və idarəçilik sisteminin mühüm tərkib hissələrindən biri idi. Lakin o dövrdə müəssisə və təşkilatlarda əməyin mühafizəsi, sosial hüquqların qorunması, müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılması həmkarlar ittifaqı təşkilatlarının fəaliyyət sferasının mühüm tərkib hissəsinə çevrilmişdi. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra həmkarlar ittifaqlarının tarixində başlanan yeni mərhələ öz məzmunu, fəaliyyət dairəsi və digər spesifik xüsusiyyətləri ilə tamamilə fərqli istiqamət almağa başladı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ali siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra həmkarlar ittifaqlarını müxtəlif siyasi qüvvələrin təsiri və təqibindən bütün ciddiyyəti ilə qorudu, onların onilliklər boyu yaratdığı maddi bazasının dağıdılmasının qarşısını aldı. Görkəmli siyasi və dövlət xadiminin ardıcıl səyləri, prinsipiallığı nəticəsində həmkarlar ittifaqlarının idarəçiliyində və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati amirlik metodlarından tamamilə imtina edildi.
1993-cü ildə demokratik idarəçilik və fəaliyyət prinsiplərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılması ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildi. 1994-cü ildə qəbul edilmiş "Həmkarlar ittifaqları haqqında" qanun bu təşkilatların müstəqilliyini bir daha təsbit etdi, onların yalnız qanun və nizamnamə çərçivəsində fəaliyyət göstərməsini təmin edən zəruri hüquqi baza yaratdı. Həmkarlar ittifaqları keçmiş sovet hakimiyyəti illərində cəmiyyətin sosial-iqtisadi həyatının yenidən qurulmasında, vətəndaşların sosial-məişət problemlərinin həllində, əmək şəraitinin yaxşılaşdırılmasında fəal iştirak etmişdir. Bu, danılmaz faktdır, üstündən sükutla keçmək olmaz. Lakin fərəh hissi ilə bildirmək istərdim ki, həmin dövrdə təşkilatımızın fəaliyyətinin ən məhsuldar mərhələsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev cəmiyyətin sosial problemlərinin həllində və işçilərin əmək hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı. Bu gün Heydər Əliyevin Azərbaycanda kurort sahəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri xatırlatmaq yerinə düşərdi. Məhz ümummilli liderin təşəbbüsü, cəsarətli mübarizəsi nəticəsində keçmiş SSRİ Nazirlər Soveti 70-ci illərdə "Naftalan", "İstisu" kurortları və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi barədə" qərar qəbul etdi. Bundan sonra həmin ərazilərdə sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. Azərbaycan KP MK-nın respublika Nazirlər Soveti ilə birgə 1976-cı il noyabrın 4-də "Şuşada kurort kompleksinin tikintisi barədə" qəbul etdiyi qərar o dövr üçün çox mühüm bir dövlət sənədi idi. Həmin illərdə kurort və sanatoriyaların inşasına ümummilli lider şəxsən nəzarət edir, işinin çoxluğuna baxmayaraq, vaxt tapıb tez-tez tikinti meydanlarına baş çəkirdi. Heydər Əliyev ölkəni yaxşı tanıyır, ürəkdən sevirdi. Doğma vətənini kurortlar ölkəsi kimi görmək istəyirdi. Bu istəyin məqsədi əhalinin sağlamlığına və normal istirahətinə şərait yaratmaq, respublikanı turist diyarı kimi ittifaq miqyasında tanıtmaq idi. 1983-cü ilin aprelində SSRİ Nazirlər Sovetinin "Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında" qərarı da dahi şəxsiyyətin Azərbaycanın gələcəyinə hesablanan nəcib təşəbbüslərinin davamı kimi yozulmalıdır.
Azərbaycanın həmkarlar ittifaqları bazar iqtisadiyyatının sərt qanunları kontekstində cəmiyyətdə işçilərin sosial-məişət, mədəni-maarif və müalicə-istirahət hüquqlarının təmin olunmasına, əhalinin müxtəlif qrupları arasında həmrəylik və konsensus yaradılmasına, aztəminatlı təbəqələrə qayğı göstərilməsinə və digər məsələlərin həllinə mühüm töhfə verirlər. Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəmiyyətdə konstruktivlik ruhu təbliğ edir, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Hökumət, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyası arasında hər il imzalanan Baş Kollektiv Saziş də bu məqsədə xidmət edir və onun tələblərinə dönmədən əməl olunması bütün iştirakçı tərəflərin mühüm vəzifəsi kimi qarşıya qoyulur.
Məlum həqiqətdir ki, son illərdə Azərbaycan iqtisadiyyatı görünməmiş dərəcədə inkişaf etmiş, istehsal sahələrinə investisiya qoyuluşu nəzərəçarpacaq dərəcədə artmışdır. İndi ölkədə çoxsaylı yerli və xarici müəssisələr, transmilli şirkətlər fəaliyyət göstərirlər. "Əsrin müqaviləsi" imzalandıqdan sonra respublikanın neft sənayesində 50-dən çox xarici şirkət fəaliyyətə başlamışdır. Bu şirkətlər ölkəyə ən yeni və təkmil texnologiya gətirirlər. Onların fəaliyyəti həm də yeni iş yerlərinin açılması deməkdir. Lakin yaddan çıxarmayaq ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə güclü həmkarlar ittifaqı yoxdursa, azərbaycanlı işçilərin sosial və əmək hüquqlarının tam müdafiəsindən danışmaq olmaz. Aparılan müşahidələr və mövcud faktlar göstərir ki, xarici şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarının hüquqları bir çox hallarda pozulur, milli qanunvericilik aktlarının tələblərinə riayət olunmur, əməkhaqqının ödənilməsində ayrı-seçkiliyə yol verilir. Müəssisələrin bir çoxunda işəgötürənlər işçilərin təşəbbüsü ilə həmkarlar ittifaqı yaradılmasına və kollektiv müqavilələrin bağlanmasına mane olurlar. Buna baxmayaraq, ötən il həmkarlar ittifaqları 11 min 965 kollektiv müqavilə, 74 tarif sazişi bağlamağa nail olmuşdur. Azərbaycanda BƏT-in üçtərəfli prinsipi əsasında əməkdaşlıq edən sosial tərəfdaşların Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"nı işləyib hazırlamaları da sözügedən problemin həllinə zəmin yaradacaq. Bu proqram "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", Minilliyin İnkişaf Məqsədləri və Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım Mexanizminin müəyyənləşdirdiyi prioritet vəzifələr əsasında yaradılmışdır.
Bu gün həmin müəssisə və şirkətlərdə işləyən vətəndaşların sosial hüquqlarının müdafiəsi, əmək qanunvericiliyinə və müqavilələrinə əməl edilməsinə nail olmaq həmkarlar təşkilatları qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycan həmkarlar ittifaqları müvafiq beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurur, mütərəqqi təcrübəni öyrənir, sosial problemlərin həlli sahəsində uğurlu nəticələr qazanırlar. AHİK-in Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu təşkilatların üzvlüyünə qəbul olunması qazanılmış beynəlxalq nüfuzun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Əməkçilərin hüquq və mənafelərinin müdafiəsi, layiqli əmək uğrunda mübarizə, əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması həmişəki kimi Azərbaycan həmkarlar ittifaqlarının mühüm vəzifələrindən biri olaraq qalır. "2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"na uyğun olaraq tikinti-inşaat komplekslərində əməyin mühafizəsi və təhlükəsizliyi məsələləri üzrə yoxlamalar keçirilmişdir. Konfederasiyanın təklifi ilə "Azərbaycan Respublikasının qadın problemləri üzrə 2000-2005-ci illər üzrə Milli Fəaliyyət Planı"nın yerinə yetirilməsi üçün həmkarlar ittifaqları orqanında qadın və kişilərin hüquq bərabərliyinə dair hesabat forması tətbiq olunmuşdur. AHİK-in təşəbbüsü ilə sahə həmkarlar ittifaqları qadınlar üçün sanitar-gigiyenik normalara cavab verən iş yerlərinin yaradılmasına dair ictimai nəzarəti öz üzərlərinə götürmüşlər. Biz əmək şəraiti zərərli, ağır olan işlərdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklərinə, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərclənən vəsaitlərin məhsulun maya dəyərinə daxil edilməsi haqqında üzv təşkilatlardan aldığımız müraciətləri nəzərə alaraq hökumətə müvafiq təkliflər ünvanlamışdıq. Danışıqlar müsbət nəticəsini vermiş, ali qanunvericilik orqanında müalicə-profilaktik yeməklərlə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilmiş, Nazirlər Kabinetində qərar imzalanmışdır. Bu işi tam həcmdə başa çatdıracaq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərclənən vəsaitlərin də məhsulun maya dəyərinə daxil edilərək pulsuz verilməsinə nail olacağıq.
"Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərin həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Proqramda nəzərdə tutulan problemlərin həyata keçirilməsində, gənclərin təhsil və məişət problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin edilməsində müvafiq dövlət orqanları ilə birlikdə həmkarlar təşkilatları da məsuliyyət daşıyırlar. Ona görə də bu gün gənclərlə aparılan iş fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab olunur. Xatırladım ki, hazırda respublika həmkarlar ittifaqı üzvlərinin 37,6 faizini gənclər təşkil edir.
"Azərbaycan kurortları Dövlət Proqramı haqqında" 2007-ci il 27 fevral tarixli sərəncam həmkarlar ittifaqları sistemində kurortlar şəbəkəsinin inkişafına böyük təkan vermişdir. Xatırladaq ki, bu proqramın layihəsi hazırlanarkən AHİK-in təklifləri də nəzərə alınmışdır. Ölkə ərazisində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyən "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi və bu qanunun tətbiq edilməsi ilə bağlı fərman təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstələrin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktik fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsində müstəsna rol oynayacaq.
Bir sıra taleyüklü məsələlərlə yanaşı, əhalinin normal istirahəti, müalicəsi və onların sosial problemlərinin həlli ilə bağlı dövlət qarşısında duran vəzifələrin icrası da mühüm aktuallıq kəsb edir. Təbii müalicə ehtiyatlarına, güclü həkim və mütəxəssis korpusuna malik "Naftalan" hələ keçmiş SSRİ dövründə hər 20 gündən beş minədək adama yeni həyat verir, xəstələrə və onların yaxınlarına böyük sevinc bəxş edirdi. 1982-1986-cı illərdə mən də Naftalanda sıravi həkim kimi fəaliyyət göstərirdim və bu kurortda şəfa tapanların hansı hisslər keçirdiklərini yaxşı xatırlayıram. İndi burada öz yurd-yuvalarından didərgin düşən yüzlərlə soydaşımız məskunlaşıb. Bununla yanaşı, bir sıra korpusların təmiri, yenidən qurulması, müasir tələblərə uyğunlaşdırılması nəticəsində bu şəfa ocağına üz tutanların sayının yenidən artacağına inanırıq.
İndi Azərbaycanda "Naftalan"la yanaşı, "Şıx", "Günəşli", "Abşeron", "Bilgəh", "Qaranquş" kimi məşhur sanatoriyalar əhalinin və MDB ölkələrindən müxtəlif turizm təşkilatlarının xətti ilə gələnlərin ixtiyarındadır. Bu sanatoriyalarda eyni vaxtda 1100 adama xidmət olunur. Yalnız "Bilgəh" kardioloji sanatoriyasında hazırda 400 nəfər öz sağlamlığını bərpa edir. "Şıx", "Naftalan", "Günəşli" sanatoriyalarında aparılan yenidənqurma və bərpa işlərindən sonra çarpayıların da sayı xeyli artırılacaq.
AHİK-in 2008-ci il fevralın 5-6-da keçirilmiş III qurultayının yekunları bir faktı da göstərmişdir ki, həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası möhkəmlənmiş, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyəti təmin edilmişdir. Həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq hüququnun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görmək əzmindədir.
Ümumilikdə, Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Ölkədə hər bir vətəndaşın mənafeyinə hesablanmış sosialyönümlü islahatlar da hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Həmkarlar İttifaqları Konfederasiyası isə respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən irəli gələrək öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə həyata keçirməyə çalışacaqdır.

 

Azərbaycan.- 2008.- 27 iyul.- S. 1-2.