Nəzərli T.
Qaxın turizm perspektivləri
Son illər
respublikamızda turizm potensialının beynəlxalq
aləmdə tanınması, turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ
aktların qəbul edilməsi, turizm sahəsində orta və
kiçik sahibkarlığın inkişaf etdirilməsi
sahəsində mühüm işlər görülmüşdür.
Qax respublikamızın
zəngin yeraltı-yerüstü, su
sərvətlərinə, mineral xammal ehtiyatlarına,
əlverişli iqlim şəraitinə malik
rayonlarındandır. Qaxın mülayim və saf iqlimi, zəngin
mineral bulaqları, gözəl təbii
mənzərələri, düzənlik və dağ
meşələri burada il boyu fəaliyyət
göstərən istirahət və turizm
mərkəzlərinin yaradılması və turizmin
inkişafı üçün çox əlverişlidir.
Qax Rayon
Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Nəzir Omarovun bildirdiyinə görə, Qaxda turizmin bir neçə
növü inkişaf edib. Onlardan kənd yaşıl turizmi,
müalicə turizmi, istirahət turizmi daha geniş
yayılmışdır. Qaxda mövsümi ovçuluq
turizminin, atçılıq turizminin, dağ turizminin,
qış turizminin və digər turizm növlərinin
yaradılması üçün münbit şərait var. Əgər
turizm inkişaf etdirilərsə, rayon üçün
çox gəlirli sahəyə çevrilə bilər.
Qax turizmin
inkişafı üçün geniş imkanlara malik flora
və faunası ilə yanaşı, qədirn
yaşayış məskənlərindən olub, onun tarixi
abidələri ilə də mühüm əhəmiyyət
kəsb edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti
getdikləri ölkənin tarixi, məişəti,
adət-ənənələri, gəzməli və
görməli yerləridir. Abidələr də bu sırada
önəmli yerlərdə durur. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə
təsdiq edilmiş siyahıya əsasən Qaxda 68 tarix və
mədəniyyət abidəsi qeydiyyata
götürülmüşdür. Onlardan 2-si dünya
əhəmiyyətli, 18-i ölkə əhəmiyyətli,
48-i isə yerli əhəmiyyətlidir. Abidələrin 48-i
memarlıq, 18-i arxeoloji, 2-si monumental-xatirə abidələridir.
Respublikada mövcud tarix və mədəniyyət
abidələrinin yenidən siyahıya alınması ilə
bağlı qərara müvafiq olaraq rayonda aşkar edilmiş
35 memarlıq, 35 arxeoloji abidə haqqında məlumatlar
hazırlanaraq şəkilləri ilə birlikdə
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq
şöbəsinə təqdim edilmişdir.
İlisu kəndində
yerləşən "Sumuq" qalası
"Kürmük" məbədi Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təmir edilmiş, Qum
kəndindəki qədim alban məbədinin konservasiyası
isə ABŞ Konqresinin qrant layihəsi
çərçivəsində həyata
keçirilmişdir. Qaxbaş kəndində mövcud
"Həsənxan" qalasının əsaslı
bərpası və konservasiyası ilə bağlı ilkin
işlərə başlanmışdır.
Azərbaycan Milli
Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şəki-Zaqatala sektorunun mütəxəssisləri
tərəfindən e.ə.lV -III minilliklərə aid olan
Sarıca-Minbərək arxeoloji abidəsində tədqiqat
işləri aparılmışdır. Burada 200-dən
çox kurqan var, Belə bir arxeoloji zona gələcəkdə
turizmin inkişafı üçün çox
əlverişli, milli-mənəvi dəyərlərimizin,
tariximizin təbliği istiqamətində əvəzsiz rola
malik ola bilər. Ona görə də Sarıca-Minbərək
arxeoloji abidə zonasında qoruq yaradılması təklifi
ilə rayon icra hakimiyyəti tərəfindən
Mədəniyyət və Turizm Nazirliyinə müraciət
olunmuş, həmin ərazidə yerləşən
abidələri əks etdirən xəritə təqdim
edilmişdir.
Rayon
mədəniyyət və turizm şöbəsinin müdiri
Nəzir Omarov:
- Qax rayonu
özünəməxsus mətbəxi ilə seçilir. Ətdən
qaxacın hazırlanması, qurudulmuş ətdən
"sürhüllü" adlı xörəyin
hazırlanması yalnız Qax rayonuna məxsusdur. Ətin
qurudulması və "sürhüllü"nün
bişirilməsi dağ kəndləri üçün daha
xarakterikdir. Toyuqlu xəngəl, lobyalı, qozlu aş Qax
əhalisinin ən sevimli yeməklərindəndir. Qoz və
fındıqdan xüsusi şirniyyat, xörəklər də
hazırlanır. Rayona gəlmiş hər bir turistə belə
ləziz yeməklər təklif olunur.
Qax rayonu kurort resursları
cəhətdən zəngindir. Bol mineral su
ehtiyatlarının mövcudluğu rayonda iqlim-baneoloji kurort
zonalarının salınmasını zəruri edir. İlisu və Sarıbaş kəndləri
yaxınlığındakı, eləcə də Hamam
çayı boyunca yerin üzünə çıxan termal
bulaqlar ta qədimdən xalq təbabətində yel
xəstəliyinə qarşı istifadə olunsa da, bu
bulaqların suyu boş yerə axıb gedir. Hamam çayı sahilində Oğlanbulaq,
Qızbulaq və Hamam adlı hovuzlar pərakəndə halda
gələn yüzlərlə insana şəfa bəxş
edir.
Respublikamızın hər
yerində olduğu kimi, Qaxda da turist xidməti obyektlərində
işləyəcək kadrlara böyük ehtiyac var.
Son dövrlər
Azərbaycanda turizmin inkişafına xidmət edən
sahələrə, maddi və mədəni irsimizə
diqqət güclənmişdir. Bu baxımdan Qaxın
da tezliklə öz turizm potensialını göstərmək
imkanına malik olacağı şübhəsizdir.
Azərbaycan.- 2008.- 18 iyul.- S. 6.