Rzalı R.

 

Turizm dövlətin iqtisadi gücünü təmin edən çox mühüm gəlir sahəsidir

 

Onun bir qolu da təbliğatdır-baxımlı və gözoxşayan suvenirlərlə

 

Yay gəldimi, insanlar onbir ayın yorğunluğunu çıxarmaq üçün məzuniyyətə çıxıb təbiət qoynuna, dəniz kənarına, imkanı olanlar xarici ölkələrə, uzaq-uzaq adalara səyahət edib dincəlir, həm də necə deyərlər, dünyanı gəzib dolanırlar. Etiraf edək ki, turist səfərinə çıxmaq, səyahət etmək təcrübəsi və ənənəsi daha çox inkişaf etmiş ölkələrin vətəndaşlarında formalaşıb. Elə turistlər var ki, səyahət etdikləri ölkələrdən xatirə kimi alıb gətirdikləri əl işlərindən, həmin ölkələrin mədəniyyətini, tarixini, milli ənənəsini əks etdirən suvenirlərdən və başqa atributlardan zəngin kolleksiya yaradıblar, yəni, bu onlarda bir hobbiyə çevrilib.

Bu, çox xoşagəlimli və təqdirolunası vərdişdir. Çünki bu maraq bir tərəfdən həmin ölkənin təbliğatına xidmət edir, turistlər fərqli mədəniyyət, fərqli adət-ənənə, yaşam tərzi ilə tanış olur, öyrənirlər, digər tərəfdən də səfər etdikləri ölkənin vətəndaşının dolanışıq yeri, gəlir mənbəyidir. Azərbaycanın qədim tarixi, milli mədəniyyəti, musiqisi, məişəti xarici vətəndaşlar üçün həmişə maraqlı olub. Ona görə də ölkəmizə istirahətə gələn hər bir xarici turist geri dönərkən bu atributları ifadə edən suvenirlərdən heç olmasa bir-ikisini alıb özləri ilə aparırlar. İllah da bu suvenirlər əl işidirsə, ona pul xərcləməkdən çəkinmirlər. Deməli, turizmin inkişaf istiqamətinin biri də təbliğatdır, özü də baxımlı və zövqoxşayan milli suvenirlərlə. Bəs, biz bu imkanlardan necə yararlanırıq?

Sovet dövründə suvenirlər hazırlanan istehsal sahələri var idi. Ancaq bu ittifaqa daxil olan respublikaların milli dəyərlərinə deyil, ümumsovet ideologiyasına xidmət edirdi. Suvenirlər yalnız dövlət sifarişi əsasında hazırlanırdı. Məsələn, azərbaycanlı qızı suvenirdə pambıq toplayarkən və ya tarlada üzüm dərərkən, arxasında da oraq çəkicli bayraqla təsvir olunurdu. Bu ideologiya süquta uğradıqdan sonra hər respublika müstəqilliyə nail olaraq öz dəyərləri, qədim adət-ənənələri üzərində inkişaf istiqaməti götürdü. Yəni, milli dəyərlərinə, tarixinə, keçmişinə, ənənəsinə sahib çıxmaqla.

Turizm dünyanın iqtisadi gücünü təmin edən çox böyük gəlir sahəsidir. Son illər Azərbaycanda bir çox sahələrin inkişafı istiqamətində sürətli islahatlar aparılır. Turizm bu sırada birincidir. Çünki yaxın bir neçə ildə dövlətimiz bu sahədə xeyli uğurlara imza atıb. Qeyd etdiyimiz kimi, turizmin inkişafının bir qolu da ölkənin təbliğatına xidmət edən dəyərlərin suvenir və miniatür şəklində istehsalı və turistlərə satışıdır.
Bu sahənin inkişafı ilə məşğul olan şirkətlər, istehsal sahələri və ya kustar şəklində əl işilə miniatür nümunələr yaradan insanlar axtarışına başladıq. İlk olaraq təbii ki, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirdi ki, bu sahədə bir sıra layihələr həyata keçirilir: "Nazirliyin tabeçiliyində belə istehsal sahələri fəaliyyət göstərməsə də, ölkəmizin təbliğatına xidmət edən müxtəlif açıqçaların, bukletlərin hazırlanması üçün özəl şirkətlərə, hüquqi və fiziki şəxslərə sifarişlər verilir. Muzeylər də bu cür məhsulların istehsalçılarına tez-tez müraciət edir və miniatür xalçalar, xalqımıza məxsus milli geyimlər, açıqçalar, xəritələr hazırlatdırıb qonaqlara hədiyyə edirlər".

Əntiq əşyaların, milli sənət və mədəniyyət nümunələrimizi ifadə edən suvenirlərin, bu tipli xatirə və hədiyyələrin satışına daha çox paytaxtın keçmiş "Torqovı",-indiki Nizami küçəsində rast gəlmək olur. Burada keramikadan hazırlanmış qabların içərisində İçərişəhəri, Qız qalasını, Şirvanşahlar Sarayını və qədim tarixi-mədəniyyət abidələrimizi təsvir edən şəkillər, miniatür xalçalar, ağac üzərində oyma işləri, milli geyimdə rəqs edən qadın-kişi fiqurları, xalça üzərində muğam üçlüyü, meynə ağacının kölgəsində əyləşmiş qoca suvenirləri göz oxşayır. Axtardığımız suallara burada cavab tapmaq mümkündür. Satıcılardan biriylə söhbətə körpü salmaq üçün ondan suvenirlərin içərisində ən ucuzunu - kiçik duz qabını qaşığıyla birlikdə aldıq. Yüngülvari bazarlıqdan sonra Samirlə söhbətimiz baş tutdu. Həmsöhbətim deyir ki, bizdən ən çox bazarlığı xaricilər edir, onlar olmasa batarıq: "Özümüzünkülər nadir halda dostuna-qohumuna hədiyyə almaq istəyəndə bizdən nəsə alırlar". Xaricilər daha çox hansı suvenirlərə üstünlük verirlər, - deyə soruşduq. Müsahibim bildirdi ki, ən çox milli geyimli qadın-kişi fiqurlarına, bir də musiqi alətlərimizə. Ən çox əl işləri alırlar. Armudu stəkanlarımızı da çox sevirlər.

Gündə nə qədər suvenir sata bilirsən? Cavab verdi ki, baxır xaricilərin az və çox gəlməsinə: "Bazardı də, elə gün olur ki, heç nə sata bilmirik. Xaricilər alanda bir az üstünə də qoyuruq, sərf eləyir".
Maraqlıdır, satılan suvenirlərin çoxu Çin istehsalıdır. Təəcübümüzü satıcılar o saat anladılar. Novruz adlı satıcı dedi ki, ölkəmizdə milli suvenirlərin istehsalı ilə məşğul olan müəssisə olmadığından belə məhsullar Çin müəssisələrinə sifariş edilir: "Çinlilər bizim ənənəmizi, bu cür atributlarda zərgər dəqiqliyi ilə yaradılmalı olan milli dəyərlərimizi haradan bilsinlər?! Sifarişləri verdiyimiz nümunələr əsasında hazırlayırlar ki, bu da istənilən səviyyədə alınmır. Xaricilər yerli ustaların əl işilə hazırlanmış suvenirləri sevə-sevə alırlar, lakin üzərində Çin markası olan məhsulu hədiyyə də etsək götürmürlər".

- Daha çox hansı ölkələrdən olan insanlar suvenirlərimizə, miniatürlərimizə maraq göstərir?

Müsahiblərim maraqlı cavablar verdilər. Novruz deyir ki, bir-iki ay öncə Türkiyənin Baş naziri Ərdoğanın həyat yoldaşı bura gəlmişdi, bəlkə saat yarım gəzdi buranı, bir xeyli rəsm əsərləri aldı, lövhə üzərində dəniz yosunundan, qum və balıqqulağından hazırlanmış gül xonçasına baxmaqdan doymurdu. Əsərin müəllifi ilə maraqlandı, dedilər məktəbli qızdır. Heyrətini gizlədə bilmədi, onu da aldı, bir xeyli müxtəlif fiqurlar da "Ən çox ingilisləri, fransızları, almanları, türkləri, isveçliləri görürük". Elə bu vaxt bir neçə türkiyəli həmsöhbətimizin mallarına yaxınlaşdı. Əlbəttə, biz də məqamı fövtə verməyib nə ilə maraqlandıqlarını soruşduq. Özcan Uğur zarafatla dedi ki, çarşı cibimizdəki hesaba uyğun gələrsə, bir-iki dənə əl işi almaq istəyirik. Cibimizdəki hesab azdı deyərək, satıcını birtəhər yola gətirib qiyməti əməlli-başlı aşağı salıb milli geyimli qadın fiquru, bir də ağacdan işlənmiş Qız qalası aldılar.
Ağahəmid dayı neçə illərdir burada satıcılıq edir və bu işə hobbi kimi baxır.
Deyir ki, burada dinclik tapıram: "Keçən il bir fransız gəlmişdi. Məndən Alim Qasımovun qavalla ansamblı ilə xalça üzərində əyləşmiş halda suvenirini istədi. Məsləhət gördük ki, ustayla tanış edək bir-iki həftəyə düzəltsin. Razılaşmadı, dedi ki, bir-iki günə getməlidir. Əl işi olan hər bir suvenirə maraq göstərirlər, xəsislik etmirlər". Emin suvenirlər satır: "Ölkəmizdə milli suvenir istehsal edən müəssisələrin olmaması problemdir. Bəzi kiçik sexlər var ki, onların da istehsalı məhduddur, tələbata cavab vermir, çünki kustar şəklində işləyirlər: "Ən pisi odur ki, bəzən Yaxın Şərq ölkələrində istehsal olunan suvenirlər Azərbaycanın milli suveniri ya atributu kimi təqdim olunur".

Satıcılar deyir ki, bura bir kişi gəlib gedir, əlləri qızıldır. Həftədə bir-iki dənə ağac üzərində oyma işi gətirir. Bu tarçalan kişi fiqurunu, tar-kamança qavalı da o düzəldib. Çörəyini çıxarır. Ancaq istehsal sahələrimiz, müəssisələrimiz olsa, milli adət-ənənəmizi, tariximizi, məişət mədəniyyətimizi, musiqimizi belə gözəl bilən ustalar orada işləyər, davamçılar yetişər, məhsullar öz istehsalımız olar, xalqımızın təbliğatı da düzgün aparılar.

Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi, professor Kamran İmanov bu sahədə işlərin son zamanlar qaydasına düşdüyünü söylədi: "Şübhəsiz ki, paytaxtımıza gələn xarici vətəndaşların maraqlandığı baş vurduğu yer İçərişəhərdir. Biz bunu nəzərə alıb bu cür miniatürlərin, suvenirlərin həm maddi, həm nəşr şəklində istehsalına başladıq. Hazırda daş üzərində dəmirdən hazırlanmış fiqurlar, suvenirlər, keramik qablarin içərisində İçərişəhərin, Qız qalasının, Atəşgahın başqa bir çox tarixi memarlıq abidələrimizin, xəritəmizin təsvirləri hazırlanır. Miniatür xalçalar toxunur, broşürlər, açıqçalar nəşr edilir, milli geyimlər papaqlar tikilir. Bunlar çox vaxt İçərişəhərə gələn xarici qonaqlara hədiyyə edilir".

Söhbət zamanı türkiyəli adamı Bülənd Kaya bildirdi ki, onlar bu mərhələni çoxdan keçiblər: "Antalya Bodrum kimi məşhur turizm mərkəzlərində bu cür malların istehsalı satılması təbliğatdan çox, biznes xarakteri daşıyır. Əhalinin kasıb təbəqəsi hər il turizm mövsümündə xeyli para qazanır. Elə turizm şirkətləri var ki, özlərinin suvenirlər, fiqurlar, xırda məişət miniatürləri istehsal edən müəssisələri var. Bunlar ayrıca bazarlarda deyil, daha çox turistlər qalan otellərin qarşısında, muzeylərdə, yəni, daha çox turistlərin getdiyi yerlərdə satılır. Bizdə turistlər daha çox ocaqda bişən xörəklərə, lahmacuna, kababa, bir milli oyunlarımıza can atırlar. Bədənlərini yağlayıb yerlilərlə güləşirlər. Bu, həm turist axınına səbəbdir, həm insanlar kiçik bizneslə məşğul olub pul qazanırlar".

Heç şübhəsiz ki, Azərbaycanda turizm inkişaf etdikcə bu sahələrə diqqət artacaq, bu cür istehsal sahəsi inkişaf edəcək. Bundan həm insanlar yararlanacaq, həm milli mədəniyyətin təbliği genişlənəcək.

 

Azərbaycan.- 2008.- 29 iyul.- S. 2.