Niftəliyev E.

 

Berlində Azərbaycan incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi açılmışdır

 

Almaniyada Azərbaycan mədəniyyət ili uğurla davam edir. Nəzərdə tutulan mədəniyyət tədbirləri çərçivəsində iyulun 14-də Almaniya Xarici İşlər Nazirliyinin (XİN) binasında Azərbaycan incəsənət xadimlərinin əsərlərindən ibarət sərginin açılışı olmuşdur.
Azərbaycanın Almaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Anar Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Leyla Axundzadə, Almaniya XİN-in mədəniyyət idarəsinin şöbə müdiri Mixael Zenner tədbirdə çıxış etmiş, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində və möhkəmlənməsində bu cür tədbirlərin əhəmiyyətindən söz açmışlar.

Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları səhnəciklər nümayiş etdirmişlər.
Sərgidə Azərbaycan mədəniyyət xadimlərinin əsərləri, o cümlədən fotoşəkillər, rəsm əsərləri nümayiş etdirilmişdir. Sərgi avqustun 7-dək davam edəcəkdir.

Almaniyanın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının, elm və mədəniyyət mərkəzlərinin, səfirliklərin nümayəndələrinin, Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirin sonunda qonaqlar Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrəyə dəvət edilmişlər.

 

Azərbaycan.- 2008.- 16 iyul.- S. 7.