Ağaoğlu T.
Mikayıl Abdullayevin əsərləri 23 ildən sonra
vətənə qaytarıldı
Hər bir xalqın
keçdiyi tarixi mərhələlərin sübutu kimi
misilsiz dəyərlərə malik milli-mədəni irsin
qorunması olduqca vacibdir və onların muzeylərdəki
həyatı maraqlıdır. İlk baxışda sükutlu
görünən bu həyat, əslində, gündəlik
qayğı tələb edir, vətəndaşlıq
təəssübkeşliyinə ehtiyac duyur. Muzey eksponatı
hər hansı bir dövrün yadigarı olaraq öz
mahiyyəti ilə insanların diqqətini çəkir,
cəmiyyətin nəsillərarası inkişaf
tendensiyalarını, mədəni-estetik
həqiqətlərini yaşadır, nəzərə
çatdırır. Xalqımızın yaşam tarixinin
daşıyıcıları olan muzey əşyaları bu
baxımdan xarakterikdir. Odur ki, onların toplanması,
mühafizəsi, öyrənilməsi və təbliği
olduqca gərəklidir. Bu məsələlərlə
əlaqədar R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyinin direktoru, professor İsrafil İsrafilov
dedi:
- Müstəqillik
yolunda uğurla irəliləyən ölkəmizin
beynəlxalq aləmdə siyasi nüfuzunun artması,
görünməmiş iqtisadi tərəqqisi
sosial-mədəni sahənin də inkişafına
müsbət təsir göstərmişdir. Bu, ən
əvvəl ulu öndər Heydər Əliyevin siyasi kursunu
ləyaqətlə və uğurla davam etdirən Prezident
İlham Əliyevin varislik missiyasının
təzahürləridir.
Ölkə başçısının apardığı
siyasətin prioritet istiqaməti kimi mədəniyyətə
verilən önəm, göstərilən qayğı və
diqqət ictimai fikirdə müsbət yer almışdır.
Son iki ildə təkcə muzey sahəsi ilə bağlı
dövlət başçısı tərəfindən bir
neçə sərəncam verilmişdir. Həmin
sənədlər ölkəmizdə bu sahəyə
göstərilən diqqəti aşkarlamaqla bərabər,
muzey işinin inkişafını təmin edəcək
perspektivlər də müəyyənləşdirmişdir.
Xüsusən 2007-ci il 6 mart tarixli "Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında"
sərəncama əsasən, bu sahədə fəaliyyətimizin
miqyasını və səviyyəsini artırmaq
istiqamətində geniş imkanlar
açılmışdır. Həmin sənəddən
irəli gələn məqsədlərin həyata
keçirilməsi istiqamətində işlər
ardıcıllıqla aparılır. Azərbaycan Milli
Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi əsaslı
təmirdən sonra fəaliyyətə başlamış,
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində
aparılan əsaslı təmir işləri sona
çatmışdır. R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyinin binasında
isə rekonstruksiya prosesləri yekunlaşmaq üzrədir.
Binanın bünövrəsindən tavan
örtüyünədək bütün konstruksiyaları
əsaslı təmir edilmişdir. Muzeydə ən müasir
texnoloji avadanlıqların, o cümlədən
qızdırıcı və sərinlətmə,
yanğın əleyhinə və təhlükəsizlik
sistemlərinin quraşdırılması, ekspozisiyada
işıqlandırma parametrlərinin, temperatur rejiminin
tənzimlənməsi müvafiq cihazlarla təmin
olunacaqdır.
1936-cı ildə yaradılan Dövlət
İncəsənət Muzeyi ötən illər
ərzində şərəfli inkişaf
mərhələləri yaşamışdır. Azərbaycanın
elmi-estetik fikir tarixində xüsusi yeri olan Rasim
Əfəndiyev, Salam Salamzadə, İsmayıl Axundov,
Mürsəl Nəcəfov, Kazım Kazımzadə,
Məmmədağa Tərlanov kimi unudulmaz
şəxsiyyətlər bu muzeyin inkişafı
üçün qədərsiz zəhmət
çəkmişlər. Sonrakı nəslə mənsub olan
muzey mütəxəssislərinin əməyi sayəsində
tarixi yadigarların saxlandığı ünvanın
nüfuzu, şöhrəti daha da artmış, sorağı
Avropanın, Asiyanın, eləcə də Şərqin
müxtəlif, tanınmış sərgi salonlarından
gəlmişdir. Təkcə son beş ildə Dövlət
İncəsənət Muzeyinin kolleksiyalarına aid eksponatlar
Fransa, BƏƏ, İngiltərə, Almaniya, Rusiya,
Türkiyə və başqa ölkələrdə
təşkil edilən sərgilərdə nümayış
etdirilmişdir. On altı mindən artıq eksponat - unikal
sənət nümunələri saxlanılan muzeyin
fondlarında Qərbi Avropa, Rusiya, İran, Türkiyə,
Çin, Hindistan, Yaponiya, xüsusilə Azərbaycan
mədəniyyətinə aid zəngin təsviri və
tətbiqi sənət nümunələrindən ibarət
kolleksiyalar toplanmışdır.
Dövlət İncəsənət Muzeyinin xarici
əlaqələri də getdikcə genişlənir. Bir
sıra ölkələrin, o cümlədən Fransanın
məşhur Luvr, Belarus Respublikasının Milli
İncəsənət Muzeyi ilə qarşılıqlı
əməkdaşlıq haqqında müqavilələr
bağlanmış, Almaniyanın Baden-Baden, İtaliyanın
Venesiya, Qırğızıstan, Özbəkistan,
Lixtenşteyn muzeyləri ilə bu istiqamətdə
danışıqlar aparılmışdır.
Əməkdaşlarımız İngiltərədə,
Norveçdə, Rumıniyada, İranda, Avstriyada, Rusiyada
keçirilən müxtəlif beynəlxalq konfranslarda və
seminarlarda iştirak etmişlər. Bu, respublikamızı
xarici ölkələrdə təmsil etməklə
yanaşı, beynəlxalq mədəni məkan daxilində
qarşılıqlı elmi-nəzəri bəhrələnmə
prosesinə qatılmaq kimi olduqca böyük
əhəmiyyət kəsb edən fəaliyyətdir.
Dünyanın bir
çox ölkəsinin muzeylərində Azərbaycan
izlərini axtarmaq, milli-mədəni irsimizi soraqlamaq hər bir
Azərbaycan vətəndaşı kimi, muzey
mütəxəssisləri üçün də vacib
əməldir. Odur ki, bu sahədə aparılan
axtarışlar hər dəfə yeniliklərlə
mənalanır. Belə sorğular sabiq SSRİ
məkanında da aparılmış və uğurlu nəticələr
əldə etmişik. Yaxın günlərin əlamətdar
hadisəsi fikrimin sübutu kimi yadda qalıb. Xalq
rəssamı, C.Nehru adına beynəlxalq və dövlət
mükafatları laureatı, professor Mikayıl Abdullayevin
1964-1965-ci illərdə yaratdığı üç
əsər (triptix) faşizm üzərində qələbənin
40 illiyinə həsr edilmiş sərgidə nümayiş
etdirilmək üçün Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin 9 aprel 1985-ci il tarixli 168
saylı əmrinə əsasən 6 ay müddətinə
Moskva Dövlət Rəsm Qalereyasına
göndərmişdir.
Ötən illər ərzində baş verən
fövqəladə siyasi hadisələr, o cümlədən
bədnam qonşularımızın Dağlıq Qarabağ
ətrafında yaratdıqları qarşıdurma,
böyük insan tələfatları, 20 Yanvar faciəsi,
Xocalı soyqırımı, ölkəmizin siyasi-ictimai
həyatında hərc-mərclik mühitinin yaranması,
SSRİ-nin dağılması keçmiş müttəfiq
respublikalar arasında əvvəllər mövcud olan
iqtisadi-mədəni əməkdaşlıq
əlaqələrini də pozmuşdur. Bu
səbəblərdən də cəmi 6 aylıq
müddətə sərgiyə aparılan Mikayıl
Abdullayevin əsərlərinin ünvanı bəlli deyildi.
Həmin
əsərlərin axtarışı istiqamətində Rusiya
Federasiyasının Rəssamlıq Akademiyasına,
Rəssamlar İttifaqına, Moskva şəhərində
ayrı-ayrı rəsm qalereyalarına, bədii fondların
müdiriyyətinə, Moskva şəhərindəki
müxtəlif muzeylərin rəhbərlərinə, Belarus
Respublikasının Milli İncəsənət Muzeyinə
müraciətlər etdik. Çoxsaylı
yazışmaların, danışıqların
nəticəsi olaraq M.Abdullayevin əsərlərinin yerini
müəyyən etmək mümkün oldu.
İncəsənət muzeyinin baş mühafizəçisi
Nailə Rəhimovanı Moskva şəhərinə
ezamiyyətə göndərdik. Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin
vasitəçiliyi sayəsində, eləcə də
R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyinin ardıcıl səyləri
ilə mərhum Mikayıl Abdullayevin Tretyakov qalereyasında
saxlanılan "Hospitala", "1941-ci ilin iyunu",
"Əsgər" əsərləri 23 ildən sonra
Dövlət İncəsənət Muzeyinin fondunda layiqli
yerini tutdu. Başladığımız nəcib iş
uğurlu nəticəsini verdi. Bu, nəzərdə
tutduğumuz məqsədlərin
başlanğıcıdır. Hələ neçə-neçə
dəyərli əsərlərimiz, görkəmli
rəssamlarımızın sənət inciləri
vətənimizdən uzaqlarda, yad kolleksiyalarda
saxlanılır. Ölkəmizin görkəmli fırça
ustalarının əsərləri vətənə
gətirilməlidir. Bu, bizim işimiz, borcumuzdur...
Daha sonra İsrafil müəllim dedi ki, muzeyin hər bir
əməkdaşı qürur hissi keçirir ki, burada
mühafizə olunan, nümayiş etdirilən tarixi yadigarlara
qayğı, diqqət göstərir. Maraqlananlara dəqiq,
dolğun məlumatlar verilir. Direktor xüsusi vurğuladı
ki, ömürləri, taleləri, yadigarları yaşadan
ünvanımızın qapısı qədirbilən insanların
üzünə həmişə açıqdır.
Azərbaycan.- 2008.-12 iyul.- S. 7.