Fırçanın dili ilə fikrin bədiiləşdirilmiş obrazını yaradan sənətkar
Həyat
hadisələrinin hərəkət və jestlərlə,
şeirin dili ilə ifadəsi müşahidələrin
obrazlaşdırılmış bir nümunəsidir. Bu
ifadələrdə müxtəlif yollar vasitəsilə
dərk olunan məqamlar fəlsəfi mahiyyəti açaraq,
fərdlə icra olunan hərəkət arasında
böyük bir həqiqətin dayandığını
görür.
Sözsüz ki,
sənət adamları qeyd olunan bu və ya digər məqamlarla yanaşı,
müxtəlif üsullarla da həyatın cizgilərini
ətrafa çatdırmaqla gücləndirirlər. Rəqqas plastik hərəkətləri
ilə böyük bir əsərin ideyasını, aktyor
oynadığı
obrazın psixoloji
məqamlarını
ustalıqla roldan-rola girib
dəyişərək təqdim etməsi ilə, rəssam
isə rənglərin min bir çalarından
süzülən ifadələrin köməyi ilə,
musiqiçi isə notlardan
eşidilən müxtəlif
səslərin köməyi ilə sənətlə
dinləyici, tamaşaçı arasında mənəvi
körpü yaradırlar. Bu gün fırçanın dili
ilə sözünün və fikrin
bədiiləşdirilmiş obrazını yaradan bir
sənətkarın respublikanın xalq rəssamı
Qaryağdı Cəlalın doğum günüdür.
Azərbaycan rəssamlıq sənətində sözlə
deyilməyi bacaran və rənglərin içərisində
öz sənət və həyat rəngini tapan
Qaryağdı Cəlal zamanla sənət
nümunələrı arasında, qeyd etdiyimiz kimi,
mənəvi körpü yaratmışdır. Bu
körpünün üzərində dayanan
əsərlərin hər birində Qaryağdı
Cəlalın mükəmməl sənət
nümunələri əks olunur. Qaryağdı Cəlal sənətin
orijinal üslubunu dəsti-xəttində yaşatmış,
neçə-neçə qalereyasını
zənginləşdirən əsərləri ilə Azərbaycan
sənətsevərlərini, eləcə də, dünya
miqyasındakı rəssamlığa qiymət verən
insanların ruhunu qidalandırmış, onlara rahatlıq,
sakitlik gətirmişdir.
Qeyd edim ki,
Qaryağdı Cəlal 1928-1932-ci illərdə Azərbaycan
Rəssamlıq Texnikumunda təhsil almış, rəssamlıq
məktəbinin, məhz sirlərinə bu təhsil
ocağında yiyələnməyə müvəffəq olmuşdur.
Cəlal Qaryağdıoğlu rəssamlıq
sənətinə bağlı olduğundan 1932-1935-ci
illərdə Tbilisi Rəssamlıq Akademiyasına daxil olaraq,
rəssamlığın akademik səviyyədə
öyrənilməsinə çalışmışdır.
O, rəssam, heykəltəraş kimi müxtəlif janrlarda
monumental heykəl, portret, büst, barelyef və s.
əsərlər yaratmışdır. Bu cür
yaradıcılığı ilə seçilən rəssam
Azərbaycanda keçirilən sərgilərdə
sənət nümunələrini təqdim etmiş və
uğurlar qazanmışdır. Çox keçmir ki, onu
keçmiş İttifaq səviyyəsində təşkil
olunan sərgilərdə iştirak etməyə dəvət
edirlər. Bu sərgilərdə də Cəlal
Qaryağdıoğlu sənət nümunələrini
uğurla təqdim edir. Onun yaratdığı Samux-Dəvəçi
kanalının kənarında qoyulmuş kolxozçu fiquru Nizami
Muzeyinin fasadının leciyasında Molla Pənah Vaqifin
heykəli və digər əsərləri ilk yaradıcılıq
eşqi ilə yaranan nümunələrdir. Gənc
rəssamın yaradıcılığının əsas qolu
Böyük Vətən müharibəsi illərinə
təsadüf edir. Bu illərdə, o, insanların bədii obrazını,
onların hünər və rəşadətini əks
etdirərək, qəhrəmanlıq nümunəsindən
çıxış edən şəxslərin portretini
yaradır. Cəlal Qaryağdıoğlu yaradıcılığı
zamanın müxtəlif illərini özündə
yaşadır. Bu mənada ki, onun inqilabçı Bünyad
Sərdarovun büstü, Nizaminin "Xosrov və Şirin"
poemasının motivləri əsasında
hazırlanmış "Fərhad Bisütun dağını
yararkən" barelyefi, Xurşudbanu Natəvanın büst
və portretləri bu və ya dediklərimizi xatırlayan
monumental heykəltəraşlıqda Cəlal Qaryağdıoğlunun
yaradıcılığı diqqəti cəlb edir. Nəriman
Nərimanovun, Mirzə Ələkbər Sabirin
heykəlləri, Qara Qarayevin, Fikrət Əmirovun
büstləri, Səməd Vurğunun qəbirüstü
abidəsi və digər əsərlər onun müxtəlif
janrlarda olan əsərlərinin müəyyən
hissəsidir. Onun "Tarçalan",
"Kamançaçı", "Xanəndə" fiqurlarında
obrazların yığcamlığı və milli kolorit özünu
göstərir. Göründüyü kimi, Cəlal
Qaryağdıoğlu bu və ya digər əsərlərin
hər birində sənətkarlıq nümayiş etdirmiş,
hər bir sənət nümunəsində bədii
təfəkküründən yaranan incə ştrixləri
rənglərin və fırçanın köməyi ilə
kətan üzərində əks etdirərək,
böyük bir sənətkar kimi tanınmışdır. Onun
həm heykəltəraşlıq, həm də rəssamlığın
müxtəlif janrındakı əsərləri böyük
sənətkarlar tərəfindən yüksək
qiymətləndirilmiş, yaradıcılığı
dövlət qayğısından kənarda qalmamışdır.
Belə ki, rəssama fəxri adlar, mükafatlar verilmişdir.
Bu gün böyük rəssamın doğum
günüdür. Belə insanları yad etmək və zamandan-zamana
ötürülən sənət əsərlərini qiyabi
də olsa nəzərdən keçirmək, hər
birimizə mənəvi zənginlik gətirir.
Səs.- 2008.- 10 iyul.- S. 12.