Qaliboğlu E.
Azərbaycan
rəssamlarının yay sərgisi
Muzey
Mərkəzində "Yay impressiyası" davam edir
Muzey
Mərkəzində açılmış "İlin
fəsilləri" silsiləsindən "Yay
impressiyası" vizual sənət sərgisi
özünəməxsus cəhətlərilə
diqqəti cəlb edir. Muzey Mərkəzinin Sərgi Qalereyası, Mədəniyyət və
Turizm Nazirliyinin incəsənət idarəsinin
və Azərbaycan Rəssamlar İttifaqının
birgə dəstəyilə
gerçəkləşən sərgi iyulun 18-dək davam edəcək. Sənətşünas
Nailə Babayeva deyir ki, bu,
artıq məşhur
mövsümi sərgilər
silsiləsindən növbəti
vernisajdır. Bu silsilədən növbəti
qış vernisajı
ilin sonlarında baş tutacaq. Hazırkı ekspozisiyada
50-dən çox rəssamın 200-ə qədər işi sərgilənir ki, bunlar da boyakarlıq,
qrafik lövhələr,
heykəltəraşlıq və instalyasiya işləridir. Muzey Mərkəzinin Qalereyasında
sərgilənən işlərə
unikal bir tərtibat verilib. Hər bir mövsüm üçün rəssam
və dizayner Əli Həsənov interyerin dekorlarını ərsəyə gətirmək
üçün bir-birinə bənzəməyən
sistemlər düşünür.
2008-ci ilin yay sərgisi də bu mənada maraqlı sürprizlərlə
sənətsevərlərin diqqətini cəlb edir.
"İmpressionizm"
fransız sözü olub, mənası
"hissiyyatçılıq" deməkdir. Bu rəssamlıq cərəyanında əsas
məqsəd sənətçinin
gerçəkliyi duyduğu
kimi ifadə etməsidir. İmpressionizmin
dünyaca ünlü
ismi isə Van Qoqdur. Azərbaycanda hələ sovet dövründə impressionizmin
(daha doğrusu, impressionizmdən artıq olan) ən gözəl
nümunələrini yaradan
Səttar Bəhlulzadə
olub. Səttar Bəhlulzadənin yaradıcılığında
millilik son dərəcə güclüdür.
Bu səbəbdən də onu konkret
bir cərəyana şamil etmək mümkün deyil. Səttar dünyasında nağıllaşma çox
güclüdür.
Amma təəssüf
ki, bu sərgidə
Səttar üslubunda olan əsərlərə
çox rast gəlmədik. Məsələ burasındadır ki, böyük rəssam əslində impressionizmin təsirinə
düşmürdü, belə
demək mükündürsə,
bu sənət cərəyanını öz
təsirinə salırdı.
"Kəpəzin göz
yaşları"na bu mənada sadəcə, impressionizm nümunəsi demək mümkün deyil...
Gülarə
Məcidovanın "Baharın oyanışı"nda
(kətan, yağlı boya) güllər insan kimi təsvir
olunub. Rənglərin təbii, çoxçalarlı
olması diqqəti cəlb edir. Ümumiyyətlə, tamaşaçı
impressionist əsərlərdə
təbii olaraq dəqiq təsvirlərlə
qarşılaşmır, burada
sənət cərəyanının
təbiətindən gələn
rəmziliklər kifayət
qədərdir. Elə
əsərlər var ki, ən peşəkar
sənətşünas belə
ilk baxışda əsərin alt məzmunu barədə bir söz deyə
bilməz; amma ümumi şəkildə
bir neçə məna çalarını
ifadə edə bilər. O deməkdir ki, bu əsərlərdə
məna, məzmun çox hallarda gerçəkliyin dərki
qaydasından fərqlənir,
itirilir, mənasızlıq
dünyanı anlama xətti, məhz intellektuallıq kimi təqdim olunur. Guya ki, pis
mənada mücərrədliklə,
mürəkkəbliklə dünyanı,
təbiəti, həyatı,
insanı anlamaq olurmuş. Amma əksinə, belə mücərrədliklər bəşərin
duyumunu, fəhmini daha da korşaldır,
onu mahiyyəti anlamaqdan tamamilə uzaq salır.
İlahə
Zeynalovanın "Biz sizi saat 19.00 tamamda gözləyirik"
əsəri mücərrədliyin məhsuludur. Sarı, boz-bulanıq nöqtələrin
"sonsuzluğa" kimi
təsviri ön planda diqqəti cəlb edir. Vüqar Muradovun "Firuzəyi yaylıq" əsərində sifətinin
cizgiləri sezilməyən
qadının obrazı
təsvir olunub. Vüqarın "Kürən"i nisbətən Səttarvaridir, qızın
saçları şəlaləyə
bənzədilib.
Mehriban Əfəndinin
"Qəlbin səslənən bağı"nda
qəribə əhvalların ifadəsi var. Burada həndəsi obrazlar biçimində çoxlu milli çalarlar, təbiət
rənglərinin uyarlığı,
bolluğu, biri-birinə mənalı keçidi diqqəti cəlb edir. "Yay alovu"nda isə yuxuvarilik
diqqəti cəlb edir. Nazim Məmmədovun
"Lalələr"i
gözəl alınıb.
Gündüz Hunların
Azərbaycan təbiətini
ifadə edən əsərlərində rənglərin
nisbətən aydın
birliyi, ifadəsi var. Sərgidə Naira Rüstəmovanın
ötən sərgilərdə
bu zaldaca asılmış əsərlərinin
bir neçəsinə
rast gəlmək olur. Rəssam rəngləri mövzuya uyğun gözəl seçib, janra uyğun ifadə edib. Afət Axundzadənin "Sarı
qızılgüllər"i zəngin təəssürat
yaradıb və s.
"Yay İmpressiyası"
sərgisinin çoxcəhətli konsepsiyasının
məzmununu, anlamını Muzey Mərkəzinin direktoru
L.Vəzirova belə izah edir: "Yay fəsli bizdə hansı
təəssüratları oyadır və bu
təəssüratların Yer üzünə, bütün
kainata təsiri necədir? Sərginin
iştirakçıları bu geniş fəlsəfi
suala cavab tapa biləcəklər. İlin bu fəsli
maraqlı bir "qonaqdır". Adətən
ölkəmizdə yay
fəsli uzun çəkir. Yay məzuniyyətlər dövrüdür,
yay həm də çimərlik, bol-bol çiçək deməkdir... Həm də bu fəsil maraqlı əhval-ruhiyyədir: günəşli günlərin
sayı artır, insan daha da
fəallaşır və
bir tərəfdən
də ətalətə
qapılır, dünya
qayğılarından azad
olmaq istəyir; bir sözlə, istirahət mövsümü
başlayır. Gəlin
razılaşaq ki, yay fəsli həm də məhəbbət çağıdır.
Baharda məhəbbət
zərif, kövrək
olur, yayda isə daha parlaq,
yetkin, ekspressiv və çox rəngarəngliyi ilə seçilir. Bu da azdır. Ona görə ki, yay fəsli,
yadda qalan istirahətdir. Biz də tamaşaçılarımız
üçün məhz
belə istirahət düşünmüşük. Sərgidə rəngkarlıq
işləri üstünlük
təşkil edir. Nə qədər insan varsa, bir
o qədər də zövq var. Yay mövsümü
çox genişdir, rəngarəngdir. Sərginin
əsas leytmotivini rənglərin coşğunluğu,
təbiətin qaynar dövrünün qeyri-adi
çalarları təşkil
edir. Bütün bunlar bizim doğma
Abşeronda var. Xüsusilə yayda Abşeron dünyanın ən gözəl guşələrindən birinə
çevrilir. Bu qədim diyar bütün gözəlliyi
ilə qarşımızda
dayanır. Sərgidə nümayiş olunan
əsərlərin müəllifləri
sırf yay mənzərələrilə kifayətlənməyiblər.
Əksər müəlliflər
təklif olunmuş mövzuya öz yaradıcılıq təxəyyüllərindən
yanaşmış, ilin-ayın bu dövrünü
özünə xas olan bir istedadla
təcəssüm
etdirə bilmişlər.
Kimsə təbiətə
insanlara xas keyfiyyətlər bəxş
edib, bir başqası isə çiçəklərdən və kəpənəklərdən
qadın portretləri
yaradıb. Kimisi də rəngləri muğama çevirib. Müəlliflərin çoxu
əsərlərində koloritin
bolluğuna üstünlük
vermişlər.
Sərgidə iştirak
edən rəssamların çoxluğu, əsərlərin
isə onlardan da çox olması, mövzunun genişliyi imkan
verir ki, "İlin fəsilləri" silsiləsindən
keçirilən bu tədbir rəssamlarımızın
fəaliyyət meydanına çevrilsin. Bütün bunlar
incəsənət nəzəriyyəçilərinə
analiz və düşünmək üçün
geniş imkan verir, qaleristlər, rəssamlar və art-menecerlər isə rəssamlarımızdan
gələn təklifləri
bir daha nəzərdən keçirəcək
və gələcək
fəaliyyət proqramına
çevirəcəklər
Xalq cəbhəsi.- 2008.- 3 iyul.- S. 14.