Məhərrəmova
T.
Reallığı
o qədər də sevmirəm
Vəfa Əliyeva, rəssam:
"Rəssamın gözü ilə hər şey
gözəl görünür"
Təbiət Tanrının ən
böyük möcüzəsidir. Min bir rəngi,
gözoxşayan mənzərələri ilə insanı valeh
edən bu gözəllik sirli bir aləmdir. İnsan idrakı nə
qədər inkşaf etsə də, bu misilsiz gözəlliyin
sirrinii açmaqda acizdir. Təbiətin
ecazkarlığına insan heyranlığı bəzən
öz əksini kağız üzərində tapır.
Beləliklə, misilsiz rəsm əsərləri yaranır.
Lakin bu əsərlərə baxanda onun insan əli ilə
yaradıldığını unudursan. Bəlkə ona
görə ki, rəssamlar bu əsərləri təkcə
əlləri ilə deyil, həm də ürəkləri
ilə yaradırlar. Bu sənətə ürəklə bağlananların
gəlməsi həmişə uğurlu olur. Gənc rəssam
Vəfa Əliyeva da rəssamlığa ürəklə
bağlananlardandır.
- Rəssamlığı
özünüzə peşə seçməyiniz ailə
ənənəsinin davamıdırmı?
- Ailəmizdə rəssam olmayıb. Bu həvəs təkcə məndə yaranıb. Atam rəssam olmağımı istəmirdi. O inanmırdı ki, işlərimi özüm çəkirəm. Deyirdi ki, müəllimin
çəkir, sən də onları yığıb
gətirirsən. Anam isə həmişə mənə dəstək
olub. Lap uşaqlıqdan rəsm çəkməyi
xoşlamışam. Çox vaxt əsəbi
dəqiqələrimdə mənə ilham gəlir.
Özümdən kompozisiyalar fikirləşirəm.
Üç yaşımdan dərnəyə getmişəm.
Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq
Birliyində məşğul olmuşam. Orda oxuduğum
vaxtlarda müxtəlif sərgilərdə iştirak edirdim. Bu
sənətə olan məhəbbətim get-gedə daha da
çoxalıb. Orta məktəbdə oxuyanda yaxşı
şəkillər çəkdiyimə görə
müəllimimiz məni həmişə sərgilərə
aparırdı. Daha sonra Polşada, Fransada keçirilən
sərgilərdə iştirak edərək laureat adını
almışam.
Fransada Rembrantın
natürmortlarına həsr olunan sərgi keçirilirdi. Mən də
həmin sərgiyə əsər göndərdim. Çəkdiyim şəkil
təşkilatçıların çox xoşuna gəldi
və müsabiqədə yer tutdum. Eləcə
də br-nin Bakıda keçirdiyi sərgidə
əsərlərimi nümayiş etdirmişəm. Həmin sərgidə əsərimi aldılar.
Bu sərgi İngiltərənin
ənənəsinə uyğun keçirilirdi. Orta məktəbi bitirəndən sonra Qərb
Universitetinin memarlıq fakültəsinə daxil oldum. Bizdə təsviri sənətlə
məşğul olmasalar da, mən çəkirdim.
-
Rəssamlıqda təhsilin nə qədər rolu var? Bəzən deyirlər ki, incəsənətin
elə sahələri var ki, orda təhsil lazım deyil,
yalnız Tanrı vergisi olan istedad əsasdır.
- Mənə elə gəlir ki,
hər bir insan şəkil çəkə bilər. Düzdür, adamın öz içindən də
gəlməlidir. Təhsilsə adama ona
görə lazımdır ki, bacardıqlarını
cəmləşdirə, qruplaşdıra biləsən.
Mən çox şey bacarırdım, ancaq
müəllimim olmasaydı, onları qruplaşdıra
bilməzdim. Hər şey
dağınıq olardı. Təhsil
adamı bir nöqtəyə yönəldir.
- Siz
rəssamlığı əsas sənətiniz kimi qəbul
edirsiniz, yoxsa hobbi kimi?
- Hobbi demək olmaz. Düzdür,
kənardan elə görünür, amma əslində belə
deyil. Əgər hobbi kimi
yanaşsaydım, nadir hallarda çəkərdim, bu
qədər əsərlərim olmazdı. Elə bir gün olmayıb ki, çəkmək
üçün nəyləsə maraqlanmayım. Mən əsərlərimi əsasən fantaziyam
əsasında çəkirəm. İstəmirəm
ki, oxşarlıq olsun, qeyri-adilik axtarıram. Daha doğrusu, öz stilimi tapmağa
çalışıram. Heç vaxt
öyrənmək həvəsindən əl
çəkmirəm, daima müəllimlərimlə
məsləhətləşirəm, nəsə
öyrənməyə çalışıram.
- Hər hansı
tanınmış rəssam sərgidə nümayiş
etdirilən əsərinizi görəndən sonra deyibmi ki,
sənətdə öz yolunuz var?
- Bu sözü bir çox
tanınmış rəssamdan eşitmişəm. Mənə ən çox deyirlər ki, sən
rəngləri hiss edirsən.
- Elə
rəssamlar var ki, yaradıcılığında daha çox
təbiət mənzərələri, bəzilərində
silsilə qadın portretləri və s. yer tutur. Siz ən çox nə çəkirsiniz?
- Hal-hazırda qadın portretləri
çəkməyə başlamışam. Bizim
adamların çoxu reallığa meyillidir. Mən reallığı o qədər də
sevmirəm, ancaq cəmiyyətə uyğunlaşmaqdan
ötrü reallığı çəkməyə
başlamışam. Daha çox
abstraksiya, fantaziyaya meyil edirəm.
- Reallıqda sizi
nə qorxudur ki?
- Özümdən asılı deyil,
reallığı çəkməyi sevmirəm. Reallığı fotoaparatla da çəkmək
olur. Mən istərdim ki, çəkdiyim
əsərlərdə qeyri-adilik olsun. Reallığı
çəkən çoxlu rəssamımız var. Ona
görə də istəyirəm ki, işlərimdə yenilik
olsun.
- Yeniliyi yaratmaq
asandırmı?
- Çox çətindir. Məsələn, Salvador Dalinin işlərinə
baxanda, o, hamıdan fərqlidir. Eləcə
də Pikassonun əsərləri yeniliyi ilə
fərqlənir. Rəssamlıqda əsas
öz yolunu tapmaqdır.
- Bəzən
deyirlər ki, abstraksiya çəkən rəssamların
əsərlərini özlərindən başqa heç
kəs başa düşmür.
- Mənə elə gəlir ki, bu
fikir doğru deyil. Əgər insan bir az
incəsənətə yaxındırsa, o, başa
düşə bilər. İncəsənətdən uzaq adam üçün hər hansı
əsərin başa düşülməsi çox
çətindir. Bizim adamların çoxu
ümumiyyətlə, abstraksiyanın nə olduğunu başa
düşmür. Mən isə
çalışıram ki, bunu əsərlərim
vasitəsilə cəmiyyətə anladım. Ona görə də abstraktdan istifadə etməklə
reallığı çəkməyə
başlamışam.
- Sizin
üçün rənglərin nə anlamı var?
- Hər bir rəngin öz
fəlsəfəsi, öz mənası və sirri var. Hər
bir rənglə söz demək mümkündür.
- Fərdi
sərgi keçirmək fikriniz varmı?
- Bu barədə çoxdan
düşünürəm, daha doğrusu, neçə illərdir
ki, bu sərgiyə hazırlaşıram. Sadəcə,
bir qədər maddi sıxıntılar var. Ona görə
də bu arzuma çata bilməmişəm. Əsərlərim 50-dən çoxdur. Ona görə tələsirəm ki,
böyüyürəm. Sərgidə
uşaqlıq illərimin şəkillərini nümayiş
etdirməyi sevmirəm. Düzdür,
əvvəl fikirləşirdim ki, həmin şəkilləri
də nümayiş etdirim, indi artıq bu fikirdən
daşınmışam. Daha çox
yaşıma uyğun şəkilləri nümayiş
etdirmək fikrim var. Bu şəkillərə baxan kimi bilinir
ki, bunlar uşaq fantaziyasının məhsulu deyil. Kiçik yaşlarımda çəkdiyim
şəkillərin heç birində reallığa yer
verməmişəm. İstəyirəm
ki, çəkdiklərim get-gedə inkişaf etmiş
şəkillər olsun.
- Bu gün
ümumilikdə rəssamlıqla məşğul olan
gənclərin dolanışıq vəziyyəti sizdə
hansı təəssüratlar yaradıb?
- Bizdə rəssamlara qiymət
verilmir. Çox istedadlı rəssamımız
var ki, onlar xaricə gedib və özlərinə karyera
qurublar. Sözün düzü, mən
həmişə getmək istəmişəm, ancaq atam
icazə verməyib. Burda nə qədər can atsam da,
istədiyim pilləyə qalxa bilməmişəm. Məsələn, mən sərgilərdə
çox iştirak etmişəm, ancaq həmişə də
ədalətsizliyin şahidi olmuşam. Görmüşəm
ki, tanışlıqla çox da yaxşı olmayan
işlərə yer verilir, ancaq yaxşı işlərə
yer verilmir. Məsələn, br-nin
keçirdiyi sərgini buna misal göstərmək olar. Ümumiyyətlə, bizdə
incəsənətə yüksək qiymət verilmir.
-
Əsərlərinizi çəkəndə onları satmaq
məqsədi güdürsünüzmü?
- Hərdən imkan olmayanda satmaq
haqqında düşünürəm. Amma
çox vaxt da fikirləşirəm ki, sərgimi başa
çatdırandan sonra sataram. Köhnə
Bakıya həsr olunan çoxlu şəkilim var. Xaricdən
gələn dostlarıma onları bağışlayıram.
Mən onlara sata bilmərəm. Onlar bu şəkilləri çox sevirlər,
hətta sonradan sifariş də verirlər. Elə əsərlərim var ki, istəyiblər,
satmamışam. "Don Kixot", "Skripkaçı
qız" əsərlərimi və köhnə Bakıya
həsr olunan bir-iki işimi satmışam.
- Sifariş
üçün çəkilən hər hansı
əsərin içinizdən gələn ilhamla
çəkilən əsərdən nə fərqi var?
- Sifariş
olunan bir əsəri çəkərkən o qədər
içimə salmıram, ancaq içimdən gələn bir
əsəri elə həvəslə çəkirəm ki,
əsəblərim sakitləşir. Elə bil ki, həmin əsərdə
özümü tapıram.
- Uşaqlıqdan bu
sənətlə məşğulsunuz. Özünüz
üçün nə cür kəşf etmisiniz, nədir
rəssamlıq?
-
Rəssamlıq - həyatı adi adamlardan fərqli
görməkdir. Rəssamın gözü ilə hər
şey gözəl görünür. Yəni rəssamlar
hər şeydə bir gözəllik görürlər. Hətta
adi zibilliyə də baxanda orda nəsə gözəl bir
şey tapıram.
- Onda belə çıxır ki,
rəssam gözü ilə baxanda həyatda heç bir
eybəcərlik olmamalıdır. Bunun üçün
hamının rəssam olmasımı lazımdır?
- Hər bir
eybəcərliyin içərisində bir gözəllik var.
Sadəcə, bu gözəlliyi görmək və
qiymətləndirmək lazımdır.
- Bütün hissləri kətana
köçürmək, rənglərlə vermək
mümkündürmü?
-
Təəssüf ki yox. Elə vaxt olur ki, adam istədiyini
çəkə bilmir. Çox fikirləşirsən, ancaq
özünü toplayıb çəkə bilmirsən. Ancaq
elə əsərlər də var ki, "bu, sırf mənim
düşündüyüm əsərdir" deyə
fikirləşirsən. Onda özünü daha rahat hiss
etmək olur.
Kaspi.- 2008.- 5-7 iyul.- S. 20.