Nadir Qəmbər oğlu Əbdürrəhmanov

 

Azərbaycan incəsənətinə ağır itki üz vermişdir. Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 2008-ci il iyul ayının 26-da ömrünün 83-cü ilində vəfat etmişdir.

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır.

Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilmişdir.

Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olmuşdur. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. Nadir Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yaddaqalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Nadir Əbdürrəhmanovun Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Onun həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirmişdir.
Nadir Əbdürrəhmanov özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamların hazırlanmasına sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr vermişdir.

Tanınmış fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərmişdir.
Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.

Görkəmli rəssam, gözəl pedaqoq və səmimi insan Nadir Qəmbər oğlu Əbdürrəhmanovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!


İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev,
Misir Mərdanov, Fərhad Xəlilov, Tahir Salahov, Ömər Eldarov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tokay Məmmədov, Kamil Nəcəfzadə

Mərhumun cənazəsi 2008-ci il iyulun 27-də saat 15.00-da Tərlan Əliyarbəyov küçəsindəki 2 nömrəli binadan götürüləcəkdir.
Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.

 

Azərbaycan.- 2008.- 27 iyul.- S. 3.