Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2008-ci ilin noyabr
ayında görkəmli Azərbaycan rəssamı, Sosialist
Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan
Dövlət mükafatları laureatı, SSRİ xalq
rəssamı Tahir Teymur oğlu Salahovun anadan olmasının
80 ili tamam olur.
Tahir Salahov parlaq
ənənələrə malik müasir Azərbaycan
rəssamlıq məktəbinin görkəmli
nümayəndələrindəndir. Onun
mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və
estetik kamilliyi ilə seçilən rəsm əsərləri
milli sənət xəzinəmizin qızıl
fonduna daxil olmuşdur. Yaratdığı
tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından
uzaqlarda da şöhrət qazandırmışdır.
Sənətkarın dünyanın
mötəbər muzeylərində
və qalereyalarında,
şəxsi kolleksiyalarda
saxlanılan əsərləri
Azərbaycan mədəniyyətinin
geniş təbliğində
mühüm əhəmiyyət
kəsb edir. Tahir Salahov öz
pedaqoji fəaliyyəti
və təşkilatçılıq
bacarığı ilə
gənc rəssamlar nəslinin yetişdirilməsinə
və milli rəssamlığın inkişafına
sanballı töhfələr
vermişdir.
Azərbaycan
incəsənətinin inkişafında və
təbliğində təqdirəlayiq xidmətlər
göstərən Tahir Salahovun 80 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Rəssamlar İttifaqının təklifləri
nəzərə alınmaqla, Tahir Salahovun 80 illik yubileyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyul 2008-ci il
Azərbaycan.- 2008.- 12
iyul.- S. 1.