Azərbaycan
rəssamlıq məktəbinin görkəmli nümayəndəsi
Tahir Salahovun
80 illiyi dövlət səviyyəsində qeyd olunacaq
Bildiyimiz kimi, ölkə rəhbəri Azərbaycan
mədəniyyət və incəsənətinin inkişafı
istiqamətində çox böyük əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
xüsusi diqqət yetirir. Klassik və müasir Azərbaycan sənətinin
dünyada tanınması və bu sənət nümunələrini
təbliğ edən sənətkarların layiqli bir
şəkildə dəyərləndirilməsi İlham
Əliyev cənablarının məqsədyönlü
siyasətinin müəyyən bir qolunu təşkil
edir. Respublika daxilində
aparılan qurulucuq işləri muzey və sənət
məbədlərinin yaradılması, təmir və
bərpa olunması bu istiqamətdə görülən
işlərin davamıdır.
Ümummilli lider Heydər Əliyev hər zaman
Azərbaycan mədəniyyətinə və onu inkişaf
etdirən sənət xadimlərinə diqqət göstərmiş,
onların fəxri adlara və mükafatlara layiq görülməsini
təmin etmişdir. Sözsüz
ki, bu sənət xadimləri milli-mənəvi dəyərlərimizə
söykənən bir aləmin dünya miqyasında,
eləcə də, Azərbaycan səhnəsində
təbliğinə çalışmış və nail
olmuşlar. Bu gün bu ənənə ölkə Prezidenti
tərəfindən davam etdirilir. Bu təqdiralayiq
diqqətin daha bir bariz nümunəsi ölkə Prezidentinin
iyulun 11-də görkəmli Azərbaycan rəssamı,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı,
SSRİ xalq rəssamı Tahir Salahovun 80 illik yubiley
tədbirinin keçirilməsi ilə bağlı iyulun
11-də imzaladığı sərəncamdır.
Sərəncamda deyilir ki, Tahir Salahov parlaq ənənələrə
malik müasir Azərbaycan rəssamlıq məktəbinin
görkəmli nümayəndələrindəndir. Onun
mövzu və janr zənginliyi, bədii forma əlvanlığı
və estetik kamilliyi ilə seçilən rəsm
əsərləri milli sənət xəzinəmizin
qızıl fonduna daxil olmuşdur. Sənətkarın
dünyanın mötəbər muzeylərində
və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan
əsərləri Azərbaycan mədəniyyətinin
geniş təbliğində mühüm əhəmiyyət
kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti
və təşkilatçılıq bacarığı
ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə
və milli rəssamlığın inkişafına sanballı
töhfələr vermişdir. Sərəncama əsasən
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Rəssamlar İttifaqının təklifləri nəzərə
alınmaqla, Tahir Salahovun 80 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirəcək. Qeyd edim ki, Tahir Salahov
1979-cu ildə SSRİ Rəssamlar Akademiyasının akademik
katibi və təsviri sənət şöbəsinin
vtse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
1996-cı ildən elm, təhsil səhiyyə, mədəniyyət
üzrə palatanın sədr müavini təyin olunan
Tahir Salahov Rusiya Federasiyasının prezidenti
yanında yaradıcı ittifaqla əlaqələr
üzrə siyasi məşvərətçi komissiyanın
sədridir. O, YUNESKO-nun yanında Beynəlxalq Plastik
Sənətlər Assosiasiyasının Fəxri Prezidenti,
Almaniya Rəssamlar İttifaqının fəxri üzvü,
Fransa, İspaniya və bir sıra ölkələrin
təsviri incəsənət akademiyasının
müxbir üzvüdür. Göründüyü kimi,
Tahir Salahov Azərbaycan mədəniyyətini və incəsəntini
təbliğ edən bir rəssam kimi dünyaya yol
aça bilmişdir. Onun rəssamlığın müxtəlif
janrlarında yaratdığı əsərlərinin
tərcüməsi yoxdur. O, nümunələr hər
bir xalqın nümayəndələri tərəfindən
məhəbbətlə qəbul olunur. Tahir Salahov palitrasında
rənglərin seçimi müasirliklə klassiklər
arasında bir körpüdür. Bu rənglərdən
Tahir Salahov öz dünyasına məxsus olan düşüncələrini
izhar etmək üçün istifadə etmişdir. Onun
müxtəlif illərdə yaratdığı
əsərləri Azərbaycanın füsünkar
görkəmi ilə yanaşı, bu ölkəni təmsil
edən nümayəndələri də obrazlaşdırılaraq
təqdim olunmuşdur. Belə ki, "Ehtiyat parkı",
"Cığır açanlar", "Səhər
eşalonu", "Təmirçilər", "Abşeron",
"Tretyakova" və digər əsərləri
adından göründüyü kimi, müxtəlif
məzmunlurı əks etdirən nümunələrdir.
Bu əsərlərdən Tahir Salahovun müxtəlif peşə
sahiblərinin əməyinə verdiyi qiymət, eləcə
də, onların vətənə olan bağlılığı
özünü göstərir. Tahir Salahov sovet məkanında
yaşadığı illərdə, həmçinin,
müasir dövrdə vətənpərvərlik duyğuları
əks etdirən tablolarını yaratmış və
yaratmaqda davam edir. Tahir Salahov yaradıcılığının
bir qolu onun teatrla sıx bağlılığıdır.
Belə ki, rəssam Opera və Balet Teatrının
səhnəsində tamaşaya qoyulan əsərlərin
quruluşçu rəssamı olmuşdur. Həmin
əsərlər bu gün də qızıl fonda daxil olan
dəyərli əsərlərdir. Belə bir sənətkarın
80 illik yubileyinin geniş bir məkanda qeyd olunması
təqdirəlayiqdir. Ölkə Prezidenti məlum
Sərəncamı rəssamın yaradıcılığa
verilən qiymətlərdən biridir.
Səs.-2008.- 15 iyul.- S. 12.