Ağayev N.

 

Monumental abidənin yeni həyatı

 

Nizami Gəncəvinin Bakının mərkəzində ucaldılmış heykəli mükəmməl sənət nümunəsidir
Hər bir şəhərin özünəməxsus əlamətləri var. Bu parlaq, təkrarolunmaz əlamətlər şəhərin simasını müəyyənləşdirir, onun şərəfli tarixinin səhifələrindən bəhs edir. Ölkəmizin paytaxtı Bakı şəhərinin də gözəl guşələrindən biri, heç şübhəsiz, dünya ədəbiyyatının klassiki, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldıldığı bağdır. Şəhərin tarixi mərkəzinin – İçərişəhərin və müasir tikililər rayonunun – Hüsü Haciyev küçəsi və ölkəmizin Həmkarlar İttifaqları Konfederasiyasınin, Konstitusiya Məhkəməsinin yerləşdiyi möhtəşəm binaların, Gənclər meydanının, memarlıq incisi olan İçərişəhərin Qoşa qapı girişinin yaxınlığında yerləşən abidə tarixiliklə müasirlyi bir növ tamamlayır.
Bu abidə, həmçinin, Nizami meydanının ansamblına daxil olan müxtəlif üslublu tikililər arasında əlaqə yaradır. Abidənin təsvir olunduğu fotoşəkillər, kitablar, cürbəcür əşyalar ölkəmizin hər bir guşəsinə və onun hüdudlarından kənara, azərbaycanlıların yaşadığı xarici ölkələrə yayılmışdır. Bizdə olan məlumatlara əsasən, demək olar ki, bu abidənin surəti və onun təsviri olan müxtəlif əşyalar turistlərlə yanaşı, Azərbaycan diasporası üçün onların tarixi vətəni barədə ən çox sevilən xatirə rəmzi – suvenirdir. Abidənin ucaldıldığı bagda onu gözdən keçirən, videokamera ilə çəkən, onun fonunda şəkil çəkdirən bakılıları, ölkəmizdə işləyən əcnəbiləri və xarici turist qruplarını tez-tez görmək olar. Sovetlər dövründə Azərbaycanın rəhbəri olan ulu öndərimiz Heydər Əliyevin təşəbbüsu ilə böyük şair və mütəfəkkir Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri və təbliği işini yaxşılaşdırmaq məqsədi ilə qəbul olunmuş xüsusi qərara müvafiq olaraq, 1979-cu ildən başlayaraq hər il sentyabrda keçirilən Nizami poeziya günləri bu abidənin önündə açılır və bağlanırdı. Monumental abidə sənətinin bu gözəl incisinə maraq son illərdə xüsusilə artmışdır. Bu maraq Bakının tarixi mərkəzində həyata keçirilən böyük miqyaslı rekonstruksiya, bərpa və ilyuminasiya işləri ilə bilavasitə əlaqədardır. Bəs, bu abidənin yaranma tarixi barədə nə bilirik? ...1939-ci ildə dahi Azərbaycan şairinin 800 illiyi ilə əlaqədar olaraq Bakının mərkəzində muzeyin yaradılması və Nizaminin heykəlinin qoyulması barədə qərar qəbul edildi. 1935-ci ildə İstiqlaliyyət (keçmiş Kommunist), Əzizbəyov, Hüsü Hacıyev və Qara Qarayev küçələri arasındakı, təxminən bir hektar sahədə köhnə binalar söküldü və onların yerində memar Y.Abramovanın layihəsi ilə bag salındı. Məhz bu bagda, Nizami muzeyinin qarşısında abidəni qoymaq nəzərdə tutulmuşdu.İncəsənət işləri üzrə idarənin Nizami Gəncəvinin abidəsinin layihəsini yaratmaq üçün elan etdiyi açıq və qapalı müsabiqələrə 70 layihə təqdim edildi. Onlardan heç biri bəyənilmədi. Əsas səbəb müəlliflərin şairin obrazını lazımınca tərənnüm etməmələri idi. Bu da təsadüfi deyildi. Dövrümüzə qədər şairin təsviri olan nə bir freska, nə bir qədim miniatür rəsm gəlib çatmamışdı ki, onun xarici görünüşü barədə bir təsəvvür yaratmağa kömək etsin. Lakin müsabiqənin münsiflər heyəti və yubiley komitəsi layihəsində şairin surətinin maraqlı cizgilərini vermiş heykəltəraş F.Əbdürrəhmanova 1940-cı ildə abidənin bitkin variantını işləməyi tapşırdılar. Abidənin postamentini yaratmaq və meydanı planlaşdırmaq işi memarlar S.Dadaşov və M.Hüseynova tapşırıldı.
1941-cı ilin fevralında Nizaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündə olan maketi, Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin bədii-texniki şurasında təsdiq edildi. Eyni zamanda, müəlliflərə abidə üzərində sonrakı işlərində Nizaminin simasındakı milli əlamətləri daha da artırmaq təklif olundu. Gözlənilmədən başlanan Böyük Vətən müharibəsi abidə üzərindəki işləri müvəqqəti dondurdu. Lakin 1944-cü ildən başlayaraq monumental abidə ilə əlaqədar yaradıcılıq işi davam etdirildi. Müharibə qələbə ilə qurtardıqdan bir müddət sonra – 1947-ci ilin yanvarında Bakıda Nizami Gəncəvinin monumental abidəsinin ücaldılması ilə əlaqədar inşaat işlərinin bərpası və sürətlə aparılması barədə ümumittifaq hökümət xüsusi sərəncam verdı. 1947-ci ilin yazında Bakının mərkəzində monumental abidə qoyulacaq bağda memarlar M.Hüseynov və V.İvanovun layihəsi ilə planlaşdırma və arxitektura abadlığı işləri həyata keçirildı. Təbii relyefdən bacarıqla istifadə edilməsi, Nizami muzeyinə tərəf enən bir sıra terrasların yaradılması – elə bil ki, bağı abidə ilə vahid orqanizmdə kompozisiya, miqyas və memarlıq cəhətdən qovuşdurdu. Bu meydançanı, onu bürüyən yaşıllığı, ətrafdakı memarlıq ansamblını indi həmin abidəsiz təsəvvür etmək mümkün deyildir. Nizaminin tunc fiqurunun postament üzərinə qaldırılması daxil olmaqla, bütün tikinti, quraşdırma, bəzək və üz çəkmə işləri 1949-cu ilin yazında başa çatdırıldı. 1949-cu il aprelin 30-da abidənin təntənəli açılışı oldu. O dövrdə abidənin inşa edildiyi meydanı əhatə edən binaların memarlıq formalarından asılı olaraq Nizami Gəncəvinin heykəli vertikal kompozisiyada verilmişdi. Fiqurun hərəkəti və yönü Nizami muzeyi tərəfə yönəldiyindən, heykəllə muzey binası arasında orjinal kompozisiya vəhdəti əmələ gəlmişdi. Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdı. Onun irəli dikilmiş vüqarlı baxışında əzəmətli mənəvi qüvvə və böyük sadəlik hiss edilirdi. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi və sanki dahi şair xalq üçün ürəkdən arzuladığı yeni, şən və xoşbəxt həyatı seyr edirdi.
Şairin obrazının bitkin açılması üçün heykəltəraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdi. Əbanın iri ,agır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdü. Bütün geyimin ciddi sadəliyi kompozisiyanın lakonizmi ilə uzlaşır, abidənin bütün xarakteri ilə həmahənglik yaradırdı.
Dahi Nizaminin tunc heykəli səkkiz üzlü qranit özül-pyedestal üzərində yüksəlirdi. Bu abidənin yaraşıqlı siluetinə hansı nöqtədən baxılır-baxılsın, qarşımızda yumşaq, ahəngdar təsirlə yapılmış poetik bir obraz canlanır. Sonradan tunc heykəlin üzərinə çəkilmiş patin ona Ukraynadan gətirilmiş qırmızı pardaxlanmış qranitlə son dərəcə üzvi şəkildə uyğunlaşan tünd rəng vermişdir.
Nizami dövrünün Azərbaycan milli və şərq memarlığının bədii motivlərini təcəssüm etdirərək bitkin pyedestal yaradan memarların xidmətini xüsusilə qeyd etmək lazımdır. Yeri gəlmişkən deyək ki, hazırda bu cür pyedestallardan Orta Asiya respublikalarında, Şərq ölkələrinin monumental heykəltəraşlıq və memarlığında geniş istifadə olunur. Abidə aşağıdan, postamentin üzlərinin sayına görə səkkiz tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnmişdir. Bunların yeddisinin üzərində Nizaminin “Xəmsə”sinin sujetlərinə aid şəkillər verilmişdir. Burada biz dağları yaran Fərhadın və at belində Şirinin, sevgililər – Leyli və Məcnunun, hökümdar Nüşabə ilə söhbət edən Makedoniyalı İsgəndərin, əjdaha ilə vuruşan Bəhramın, bayquşların söhbətinə qulaq asan şahla onun vəzirinin və Nizaminin poemalarındakı başqa unudulmaz obrazların təsvirlərini görürük. Nizami muzeyinə baxan tərəfdəki səkkizinci barelyef üzərində isə xatirə mətni həkk olunmuşdur. Kənarlardan geniş ornamentlə bəzədilmiş tunc zolaqlarla və zərif sütunlarla haşiyələnmiş bu barelyeflər rəssam Q.Xalıqovun eskizləri əsasında heykəltəraş Xryunov tərəfindən hazırlanmışdır. Abidə açılandan sonuncu rekonstruksiyaya qədər monumentin pilləli özülünün aşağısında çiçəklik salınmış, bunun ətrafina isə qara qranit – labrador döşənmişdi. Hazırda çiçəklik, labrador döşənmiş qeniş pilləkən səki ilə əvəz edilmişdir ki, bu da postamentin detallarının yaxından müşahidəsini asanlaşdırmışdır. Monumental abidəni yaradarkən heykəlin həcmi ilə postamentin siluet və ümumi təfsir cəhətdən ahəng şəkildə əlaqələndirilməsi, hər bir hissəsi və cizgisi üzərində mükəmməl işlənməsi, şairin heykəlinin səlis kompozisiyası, formanın həllindəki tamlıq – bütün bunlar müəlliflərin – heykəltəraş Fuad Əbdürrəhmanovun, memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun böyük yaradıcılıq uğurudur. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur. Müəlliflər və texniki layihə işlərində fəal iştirak edən “Azərdövlətlayihə” İnstitunun kollektivi abidənin qoyulması prosesində bir sıra çətin məsələləri həll etməli olmuşlar. Belə ki, Nizaminin heykəlini pyedestala bərkitmək üçün uzunlugu 10 metr olan xüsusilə möhkəm poladdan hazırlanmış mildən istifadə olunmuşdur. Bunun bir hissəsi postamentə kipləşdirilmiş, o biri hissəsi isə heykəlin içərisinə keçirilmişdir. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə abidənin hündürlüyü 15 metrdir. Nizami Gəncəvinin heykəlinin ucaldılması ilə əlaqədar bütün tunc-tökmə və qranit-üzlük işləri “Rosskulptor” Heykəl-İstehsal Birliyi tərəfindən yerinə yetirilmişdi. Montaj-quraşdırma, üzlükləmə və bədii işlərlə bu birliyin ən yaxşı mütəxəssisləri məşğul olmuşdular. Nizami Gəncəvinin fiquru, postamenti bəzəyən ornamentin və barelyeflərin tuncdan tökülməsi işləri Leninqraddakı (indiki Sankt-Peterburq), “Monument-skulptura” zavodunda icra olunmuşdu. Maraqlıdır ki, Bakıda Nizami Gəncəvinin heykəlinin ucaldılması böyük siyasi əhəmiyyət kəsb edirdi. O dövrdə Nizaminin Azərbaycan şairi deyil, İran şairi olmasını iddia edənlər vardı. Sovet Azərbaycanın paytaxtı Bakının mərkəzində Nizami Gəncəvinin möhtəşəm abidəsinin qoyulması isə sovet təbliğatının tələblərinə tam cavab verirdi və əyani surətdə sübut edirdi ki, SSRİ-də sovet xalqlarının çoxəsrlik tarixinə və mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bu baxımdan Bakıda Nizami Gəncəvinin monumental abidəsinin qoyulması SSRİ miqyasında da böyük hadisə idi və bu işdə Moskva, Leninqrad və digər müttəfiq respublika mütəxəssislərinin iştirakı o dövrün sovet adamlarının dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş Azərbaycan şairinin şəxsiyyətinə hörmət və minnətdarlıqlarının daha bir parlaq ifadəsi idi. Zaman keçdikcə Azərbaycan xalqı öz dahi övladına olan diqqətini azaltmır. Son illər ölkəmizin paytaxtı Bakının digər guşələri ilə yanaşı, onun tarixi mərkəzində də yenidənqurma və bərpa işlərini sürətləndirilmişdir. 2008-ci ilin yazında başa çatmış yenidənqurma, rekonstruksiya, bərpa, ilyuminasiya-işıqlandırma işlərindən sonra Nizami Gəncəvinin abidəsi və onun ucaldıldığı meydan son dərəcə gözəlləşmiş, daha cəlbedici görkəm almışdır. Bu işlər nəticəsində orjinal gecə işıqlandırma sistemi quraşdırılmış, altı terrasvari pilləkən və o qədər də pilləkən meydançası yaradılmış, qranitlə üzlənmişdir. Fəvvarələr silsiləsinin, bağçanın perimetri boyu daş güldanların, digər memarlıq elementlərinin əlavə edilməsi, abidənin özünün gecə işıqlandırılması və yeniləşmənin başqa elementləri nəinki memarlıq ansamblının orqanik ifadəsini yaxşılaşdırmış, hətta onun möhtəşəmliyini yeni şəkildə nümayiş etdirmiş, müasirləşdirmiş, daha cəzbedici görkəm almasına səbəb olmuşdur.

 

Xalq qəzeti.- 2008.- 27 iyul.- S. 4.