Dahilərin heykəllərinə
divan tutulur
Zahidə Məmmədova: "Abidələrdən
reklam şitləri kimi istifadə olunur"
Şəhərimizdə aparılan
adadlıq işləri mərkəzi küçələrimizi
bəzəyən abidələrdən və heykəllərdən
də yan keçməyib. Artıq bir müddətdir elm
və ictimaiyyət xadimlərinin, musiqiçilərin
və şairlərin adlarını əbədiləşdirmək
məqsədilə ucaldılan heykəllərin təmir-bərpası
işlərinə başlanılıb. Nizami
Gəncəvinin, Mirzə Ələkbər Sabirin və
digər görkəmli şəxsiyyətlərin abidələrinin
yüksək səviyyədə konstruksiya olunaraq abadlaşdırılmasının
şahidi olsaq da, təmirə və təmizlənməyə
ehtiyacı olan abidələr də kifayət qədərdir.
Lakin biz bu gün hazırda konstruksiya və təmir-bərpa
işləri aparılan heykəllərdən söhbət
açacağıq. Bu sırada Hüseyn Cavidin, Nəriman
Nərimanovun və Məşədi Əzizbəyovun
heykəllərini qeyd etmək olar. Mütəxəssislərin
fikrinə əsaslansaq, ümumiyyətlə, abidələrə
mütəmadi olaraq nəzarət olunmalıdır. Abidə cüzi olaraq dağılanda, yəni
erroziyaya məruz qalanda bunun daha da genişlənməməsi
üçün mütləq bərpa və təmir işlər
aparılmalıdır. İnşaat və Memarlıq Universiteti
Memarlıq konstruksiyası və abidələrin bərpası
kafedrasının müdir müavini Zahidə Məmmədovanın
sözlərinə görə, abidələrin bərpası
üçün konkret proqnozun verilməsi düzgün
deyil. Çünki bərpa və ya konstruksiya işlərinə
başlanması onun vəziyyətindən asılıdır:
"Abidə bir dəfə açılmalı, bir dəfə
də bərpa olunmalıdır. Sonra isə onların
çökməməsi və uçmaması
üçün nəzarət edilməlidir. Heykəllərin
arasında isə bəzən təhqirolunmuşlara da
rast gəlinir. Onların müəyyən hissələrinə
xəsarət yetirilir, üzəri çızılır
və s. Əfsuslar olsun ki, abidələrdən hətta
çox vaxt reklam şitləri kimi də istifadə edirlər.
Nəticədə də onların üzərində reklam
lövhələrinin oyuqları qalır. Həmin yerlər
də xüsusi düzəldilmiş yaxmalarla doldurulur,
uçub tökülən yerlər yenidən bərpa
edilir". Abidələrin restavrasiyası və yuyulub
təmizlənməsinin neçə müddətdən
bir aparılması ilə də maraqlandıq. Görəsən,
bu, onların çökməsinə, zaman keçdikcə
oyuqların açılmasına səbəb ola bilərmi?
Abidələrin fasadlarının mexaniki surətdə
təmizlənməsinin, yəni yonulmasının
əleyhinə olan mütəxəssis bildirdi ki, əslində,
dünya təcrübəsində də buna yol verilmir:
"Yalnız onların elmi cəhətdən yuyulması
daha məqsədəuyğundur. Yəni su ilə yumaq
üsulları var. Heykəlləri suya
müəyyən neytral yuyucu vasitələr əlavə
etmək və yaxud da isti su buxarı ilə yumaq məsləhətdir.
Çünki abidənin üzərindəki detallar, profillər
və müəyyən elementlər var ki, mexaniki yuyulanda
onların miqyası və qalınlığı kiçilir.
Daha doğrusu, profillər nazikləşir, relyef itir.
Müəyyən müddətdən sonra isə mikroçatlar
yaranır, oksidləşmə gedir və nəticədə
çatlar getdikcə böyüyür, abidənin
rəngində qaralma əmələ gəlir. Eyni zamanda
atmosferdə olan çirkli maddələr həmin heykəl
və abidələrin üzərinə hopur". Dünya
praktikasında bunun üçün müəyyən
üsulların olduğunu deyən Zahidə Məmmədova
əlavə etdi ki, əslində, abidələrin
bərpası və təmizlənməsi dünya praktikasına
uyğun olaraq nə mexaniki olaraq yuyulur, nə də
təmizlənir. Yalnız abidənin qədimliyi
üzə çıxarılır. Eyni zamanda, təmizləmə
işləri bahalı texnologiyalarla aparılır. Bunun üçün kifayət qədər
məbləğ tələb olunsa da, bütün hallarda
həmin bahalı məhlullardan istifadə etmək keyfiyyət
baxımından çox məqsədəuyğundur.
İtaliyalı mütəxəssislərin fikirlərinə
əsaslanan Zahidə Məmmədova qeyd etdi ki, həmin
məhlulun bir kvadratmetri 20 avrodur. Abidələrin
abadlaşdırılması üçün konkret
məbləğ açıqlamağın mümkün
olmadığını deyən Z.Məmmədova
söylədi ki, bu, görülən işin həcmindən
asılıdır: "Məsələn, 2007-ci ilin
dövlət büdcəsindən abidələrin mühafizəsinə
2 milyon manat pul ayrılmışdı. Azərbaycanda 5
mindən çox abidə var. Həmin məbləği
böləndə bir abidənin baxılması, yüksək
səviyyədə olmasa da, normal səviyyədə
araya-ərsəyə gətirilməsi 4 yüz manat
təşkil edir. Bu da çox azdır. Mütəxəssis
deyir ki, bu gün abidələrimizin vəziyyəti o
qədər də ürəkaçan deyil. Xüsusilə
də, söhbət paytaxtdakı abidə və heykəllərdən
gedir: "Bakıda çoxlu abidə var ki, hələ
də onların bərpasına böyük ehtiyac var.
Bizim regionlardakı abidələrin bir çoxu elmi
praktika əsasında abadlaşdırılıb. Onların maliyyəsini dövlət yox, Norveç
və Amerika səfirlikləri üzərinə götürüb".
Şəhərimizin mərkəzi küçələrində
ucaldılan heykəllərin bəzilərinin
üzərində adların hələ də kiril
əlifbası ilə göstərilməsi bizi
təəccübləndirməyə bilmir. Çünki
2001-ci il avqustun 1-dən etibarən bütün
ədəbiyyatların, nəşrlərin və yazıların
doğma ana dilimizdə göstərilməsi ilə
bağlı sərəncam verilib. Məsələyə
münasibət bildirən mütəxəssis bununla
razılaşmadı və adların latın qrafikası
ilə yazılmasının vacibliyini vurğuladı:
"Heykəllərin təmiri başa çatdıqdan
sonra təbii ki, o işlərə baxılacaq. Dünyada
qayda belədir ki, hər bir dövlət öz əlifbası
ilə işləyir. Lakin bizdə fərqlidir. İstər
heykəllərdə və abidələrdə, istərsə
də digər təqdim etdiyimiz nümunələrdə
adlar həm doğma dilimizdə, həm ingilis, həm
də rus dilində təqdim olunur. Bu da ölkəmizə
gələn turistlərə hörmət baxımından
edilir".
Üç nöqtə.- 2008.- 4 iyul.- S. 13.