İsrafilbəyova G.

 

Nəhəng daş  nəhəng inad

 

Azərbaycanın görkəmli heykəltəraşı, böyük bir ziyalılar şəcərəsinin layiqli davamçısı Mirəli Mirəsədulla oğlu Mirqasımov əsl insan və gözəl şəxsiyyət idi. Mirəlinin böyüklüyü və insanlığı özünü bir tərəfdən göstərsə də bu, ilk növbədə, onun yaradıcılığında — kiçikli-böyüklü bütün əsərlərində əksini tapmışdır. Mirəli dünyaya sevgiylə, məhəbbətlə, işıqlı gözlə baxmağı bacaran nikbin insanlardan idi. Ona görə də o, digərlərində də bu həyat eşqini və gözəllikləri görməyi arzulayırdı. Məhz bu axtarışlarla da, əsərlərində canlandırmaq istədiyi obrazları da öz gözləri ilə gördüyü kimi, xəyalında təsəvvür etdiyi kimi aydın və işıqlı yaratmağa çalışırdı. Çətin, ağır və iztirablı həyat yolu keçən Mirəli müəllim həyatın bütün sınaqlarından üzüağ çıxıb. O, şəxsi həyatında və yaradıcılığında bir çox məhrumiyyətlərlə qarşılaşıb. Lakin möhkəm iradəsi, həyata inamlı baxışı və doğma insanların ona olan qayğısı ilə bütün bu maneələri dəf etməyə qadir olub. Ağır xəstəliyin üzüntüləri, üzləşdiyi məmur bürokratiyası, süni əngəllər və bir çox yoldaşlarının qısqanclığı üzündən yaranmış acı mənzərə belə onu həyat idealından döndərə bilməmişdir.

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının heykəlinin ucaldılması ilə bağlı 1959-cu ildə elan olunmuş müsabiqədə iştirak edən Mirəli uğur qazandı. Lakin müsabiqənin qalibi olması və yaradıcılığında əldə etdiyi nailiyyətlər bəzilərini çox narahat edirdi. Həmin insanların rəqabət, birinci olmaq hissləri onda əsəbilik, gərginlik yaradırdı. Hər şeyi ürəyində o qədər götür-qoy edir, o qədər qabarıq düşünürdü ki, iki dəfə infarktqabağı xəstəlik keçirdi. Buna baxmayaraq o, yenidən işə qayıtdı. Cəfər Cabbarlının yeni modelini hazırladı. Model özünün xoşuna gəldi və işləməyə onda böyük inam yaratdı. Mirəli deyirdi: “Cəfər mənim əlimlə həyata ikinci dəfə gəlib. Onu bətndə boğa bilmərəm. Bu günahdır". Mən Mirəlinin nə qədər böyük həvəslə işə girişdiyini görürdüm. Odur ki, sonuncu çörək puluna karkas alıb gətirdim ki, Mirəli məəttəl qalmasın. İş hazır oldu, o zamanın qaydalarına görə işə bədii şura razılıq verməli idi. Yeni çətinliklər başladı. Bədii şurada iki protokol tərtib olunmuşdu. Birinci protokolda Mirqasımovun tək, ikincisində isə müştərək işlədiyi göstərilirdi. Bədii Fond, Yaradıcılıq Kombinatı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı – hamı bizim əleyhimizə gedirdi. Mirəli qərara gəldi ki, bütün hadisələri mərhum Heydər Əliyevə yazsın. O, bu məktubu düz bir aya hazırladı. Deyirdi ki, Heydər Əliyevə məktubu qısa yazmaq lazımdır, onun vaxtını çox almaq olmaz. Onu da deyim ki, Mirəlinin çox gözəl qələmi vardı. Bir müddətdən sonra məktub Heydər Əliyevə çatdı. Həddindən artıq diqqətli olan bu insan aprelin 9-da Mirəlinin emalatxanasına gəldi. C.Cabbarlının heykəlini bəyəndi. Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti M.M.Mirqasımovun qəbirüstü memorialını təqdir etdi. Söhbət Cabbarlı heykəlinin postamenti üzərində dayandı. Mirəlinin postamentin bir daşdan ibarət olması fikrini əhatəsində olanlar qəbul etmirdi. H.Əliyev bu işdə də köməyimizə çatdı: “Qoy bir daşdan ibarət olsun” — dedi. Onun sözündən sonra kim nə deyə bilərdi? Elə həmin gün 28 May meydanına getdik. Əleyhdarlarımız deyirdilər ki, heykəli Nizami kinoteatrının arxasındakı balaca Cabbarlı bağında qoymaq lazımdır. Mirəli isə buna heç cür razı ola bilmirdi. Ümumiyyətlə, heykəltəraş işi məkana görə qurur. O izah edirdi ki, deyilən yerdə ancaq büst qoymaq olar, C.Cabbarlı burada oxuyub, Sabunçu vağzalı onun həyat məktəbi olub, qaynar vağzal həyatını burada, pəncərələrdən müşahidə edib. Heydər Əliyev söhbətlərə diqqətlə qulaq asaraq “bəsdir mübahisə etdiniz, heykəl elə buradaca qoyulacaq” – dedi.
Onu da deyim ki, geniş dünyagörüşlü, yüksək intellektual səviyyəli, qədim milli mədəniyyətə bağlı və prinsipial, obyektiv bir insan olan Mirəlini Rəssamlar İttifaqının rəhbər orqanlarına yaxın buraxmırdılar. Mirəlinin bədxahları ona yalnız rayonlarda işləməyə imkan verirdilər. Buna görə də bir çox əsərlər layihələrdə və eskizlərdə, həyata keçməmiş, yaratdığı əsərlər isə uzun müddət emalatxanalarda qalırdı. 1959-cu ildə hazırlanan Cəlil Məmmədquluzadənin heykəli 1974-cü ildə qoyuldu. Azərbaycanın tanınmış elm xadimi, akademik M.M.Mirqasımovun qəbirüstü abidəsi isə 42 ildən sonra işıq üzü gördü. Müsabiqədən uğurla keçən C.Cabbarlının heykəli yalnız 22 ildən sonra Heydər Əliyevin müdaxiləsindən sonra ucaldıldı. Mirəli deyirdi: “Həyatımda mənə həmişə kömək edən yeganə insan Heydər Əliyev olmuşdur”.

Mirəli deyirdi ki, hər istedadlı heykəltəraş heykəl ucalda bilməz. Heykəl yaratmaq üçün miqyası düzgün seçmək, məkanın memarlığını və peyzajını nəzərə almaq, geniş təcrübəyə malik olmaq lazımdır. Mirəli Neft və Kimya Akademiyası, Sabunçu və dəmiryolu vağzalının binalarının damından 100 metrlik iplərlə miqyası özü ölçürdü. Bakı Sovetində saxlanılan çertyojlarla razılaşmırdı. Bir dəfə Mərkəzi Komitədə məmurlardan biri ona deyəndə ki, heykəl 5 metr olmalıdır, Mirəli demişdi: “Sizin çox böyük vəzifəniz var, amma sənətkar kimi mən necə lazım bilirəmsə, elə də olacaq”. Bu söhbətdən sonra Mirəli infarktqabağı vəziyyətdə xəstəxanaya çatdırıldı. Mən Mirəliyə deyəndə ki, nə desələr razı ol, o cavab verirdi: “Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Heykəl isə xalqındır. Ona baxıb xalqın tarixini, mədəniyyətini yaşadırlar”.

Heykəl məsələsi ilə əlaqədar Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərifov bizi yanına dəvət etdi. Mirəli xəstəxanada olduğu üçün onu oradan “qaçırmalı” oldum. Ona təklif etdilər ki, müəllifliyə iddiaçı olan adamı məhkəməyə versin. Mirəli razı olmadı. Məsələ həll olunmamış qaldı. Növbəti dəfə isə şöbə müdirinin müavini N.Məmmədov bir neçə heykəltəraşı və məni yanına dəvət etdi. Mirəli yenə xəstəxanada olduğu üçün mən tək getməyə məcbur oldum. İclasına başlanması ərəfəsində şöbə müdirini Mərkəzdən çağırdılar. Bir müddətdən sonra o, qayıdıb iclası təxirə saldı. Mən sonralar bildim ki, onu çağıran Heydər Əliyev imiş.

İllərlə işlənib hazırlanmış Cabbarlının heykəli üçün Rəssamlar İttifaqı yalnız Heydər Əliyevin xeyir-duasından sonra qərar çıxardı ki, heykəlin qoyulması Mirqasımova həvalə olunsun. Maneələr yenidən başlandı. Kombinata XI Qızıl Ordunun heykəlinin hazırlanması üçün 1330 kisə gips gəlmişdi. Cabbarlı heykəlinin 2 metrlik modelinin formasını çıxarmaq üçün bizə 20 kisə gips verməyə heç kəs razı olmadı. Borc istədik. Baş tutmadı. Getdim saxsı qablar fabrikindən öz pulumuza gips aldım.

Mirəlinin qardaşı Leninin və C.Məmmədquluzadənin heykəlinin düzəltmək üçün hərəkət edən qurğu almışdı. İş qurtarandan sonra Mirəli onu qoymuşdu ki, kimə lazımsa istifadə etsin. Fondun direktorundan qurğunu emalatxanaya göndərməsini xahiş etdim. Səhəri gün məlum oldu ki, qurğu oğurlanıb. Mən yenidən Heydər Əliyevə müraciət etməyə məcbur oldum. O dedi ki, 500 kiloqramlıq qurğu kibrit qutusu deyil ki, oğurlansın. A.Şərifov vəzifəsindən kənar olundu. İş yavaş-yavaş hərəkətə gəldi.

Heykəltəraşlıq istehsalatla bağlıdır. Moskva Rəssamlar İttifaqında eşidəndə ki, biz usta Nosovu istəyirik, hamı bizə güldü. Mümkün olan iş deyildi. Mənim təklifimlə Moskvaya özümüz getdik. Nosov əvvəlcə razı olmasa da, eskizi görən kimi razılaşdı. Sonralar Nosov deyirdi: “Bildiniz ki, mən o vaxt niyə razılıq verdim? Ona görə ki, sizin yoldaşınız eskizə ürəyini qoymuşdu. Belə işə mən də ürəyimin bir hissəsini qoymaq istədim”. Biz yalnız Qara Qarayevin köməkliyi ilə Nosovun gəlişini təsdiq etdirə bildik. Usta deyirdi: “Mən bu sahədə 14 yaşımdan işləyirəm. Artıq təqaüdə çıxmışam. Hələ bu günə qədər heç bir heykəltəraşın həyat yoldaşını belə zəhmət çəkən görməmişəm”.

Bizim Ukraynadan gətirdiyimiz qranit haqqında əfsanəvi söhbətlər gəzir. Bu həqiqətən də belədir. Heydər Əliyevin verdiyi qərardan sonra qraniti almaq üçün məktub çox gec və səhv hazırlandı, Novodanilski karxanası əvəzinə Yansovski karxanasına göndərildi. Yansovski karxanasının qraniti boz rəngdədir. Fiqur çəhrayı qranitdən olduğuna görə postament boz ola bilməzdi. Bu Mirəlinin işinə əngəl olanların laqeyd münasibətindən irəli gəlirdi.

Məlum oldu ki, karxanadan bu həcmdə daş çıxarmaq olmaz. Mənsə sözümün üstündə israrla dayanmışdım. Mən və Mirəlini bədii fondun direktoru ilə birgə Ukraynaya ezam etdilər. Rəssamlar İttifaqının sədri Boroday məzuniyyətdə olduğu üçün evinə getdik. Onu emalatxanada tapdıq. Gəlişimizin məqsədini bildikdən sonra bu işin qeyri-mümkün olduğunu söylədi. Mən ona çox yalvardım. Razı olmadı. Eskizi görən kimi isə bizə kömək edəcəyinə söz verdi: “Gedin Nazirlər Sovetinə qəbula yazılın”. Orada biləndə ki, Mirəlinin qulağı eşitmir, məni də qəbula yazdılar. Biz Borodayla çox qapılar döydük. Mümkün olmadı. Məlum oldu ki, bu iş Daxili İşlər Nazirliyindən asılıdır. Xoşbəxtlikdən daxili işlər nazirinin müavini general Katargin Borodayın dostu idi. O eskizi göstərib dedi ki, postament parça daşlardan hörülsə heç bir effekt verməyəcək, heykəl gözəlliyini itirəcək, baxın, adamlar necə işləyir?

Boroday bizi də götürüb DİN-ə getdi. Biz bayırda saat yarımadək onu gözlədik. Boroday gəlib dedi ki, nazir işi şöbə müdiri polkovnik Popova tapşırdı. Ona hadisəni olduğu kimi danışdı. Popov razı olmadı. Nazir ona əmr etdi. Popov çığıra-çığıra dedi: — Ey fantazyorlar, siz heç bilirsiniz nə istəyirsiniz? Mümkün olmayan bir şeyi. Tutaq ki, daşı kəsdik. Necə çəkəcəksiniz? Buna bir neçə tank lazımdır. Mən dedim ki, siz razılıq verin biz nə lazımdır edəcəyik. Bədii fonda gedib maşın tutduq. Səhər saat 4-də Nikolayova yola düşdük. Orada da bizi peşiman etdilər. Mümkün olan iş deyil dedilər. Popov cavab verib dedi ki, bu generalın əmridir. Podpolkovnik Roman Mixayloviç Qrinkeli ilə karxanaya gəldik.

Novodanilovski karxanasında dustaqlardan başqa heç kəs olmur. Burada da bizi başa salmağa çalışdılar ki, daşı kəsəcəyik, amma siz oradan çəkib çıxara bilməyəcəksiniz. Bizim də işimiz qalacaq. Sizinlə müqavilə bağlaya bilməyəcəyik.

Axşam dustaqların barakında yatdıq. Nə qədər çalışdım, yata bilmədim. Dəhlizə çıxdım. Roman Mixayloviç dəhlizdə idi. Yatmamağımın səbəbini soruşdu. Dedim ki, onsuz da mənə Bakıda demişdilər ki, belə böyük daşı oradan gətirmək mümkün olmayacaq. Mən inad edib bura gəlmişəm. İndi müqaviləsiz geri qayıtsam mənə necə baxarlar? Özümü saxlaya bilmədim, hönkürdüm. O məni sakitləşdirməyə çalışdı. Yaxşı, Gülya xanım, biz sizə istehsalat iclasının protokolunu verərik. Sənəddə sal daşın və parça daşın nə vaxt verilməsini göstəririk. Səhər biz istədiyimiz ölçüdə daşın kəsilməsini xahiş etdik. Müdafiə naziri Ustinovdan Odessa Hərbi Dairəsindən bizə tank verilməsi üçün icazə aldıq. Mirəli ilə qərargah rəisi general Siviridovun yanına getdik. O, bizi görcək dedi ki, mənə artıq sizin haqqınızda məlumat veriblər. Müharibədə mənim komandirim çox gözəl insan Həzi Aslanov olub. Mən sizi boş qaytara bilmərəm. Odessa Hərbi Dairəsinin generalı Sviridov bizə 7 tank verdi. Bundan başqa Bakıdan çətinliklə əldə olunmuş troslar, qranitin altına qoyub çəkmək üçün lövhə dəmirlər ora göndərildi. Biz hara gedirdiksə, Heydər Əliyevin adından danışırdıq, dövlət sifarişi olduğunu bildirirdik. Bu ad hər yerdə köməyimizə çatırdı. Nəhayət bizə “Daş kəsilib, gedin qəbul edin” dedilər. Getdik. Gördüm ki, orduya əmr verilən kimi əmr verilir. Hamı ora-bura qaçır. Bir də gördüm ki, tək qalmışam. Gördüm ki, bir qrup başdan ayağa qara geyimli dustaq dayanıb. Məni vahimə basdı. Bir zabit mənə yaxınlaşıb dedi: “Qorxmayın, mən buradayam”. Soruşdum ki, dustaqlar niyə belə toplaşıblar. Dedi ki, çox nadir hallarda bura qadın gəlir. Ona görə təəccüblənirlər.

Tanklar daşı çəkməyə başladı. Troslar sanki qırılacaqdı. Görürdüm ki, daş yerindən tərpənmir. Çox həyəcanlı idim. Mirəli bunu hiss edib dedi ki, sən daşa baxma, onun yanındakı əşyalara bax. Doğrudan da daşın hərəkətini gördüm. Daşı çəkib platformaya qoydular. Çətinliklə əldə olunan bu boyda daşın dalınca bizimkilər bir ildən sonra getdilər. Daş Bakıya gəlib çıxanda biz ona baxmağa getdik. Daşı bərəyə qoymuşdular. Mirəli dözməyib uşaq kimi qaçıb özünü daşa çatdırdı. Mən yaxınlaşanda Mirəlini qışqıran gördüm. Daş həmin daş deyildi. 280 tonluq daşdan 140 ton daş gəlib çıxmışdı. Daşı kəsə-kəsə tanınmaz etmişdilər. Əgər 240 tonu səliqə ilə kəssəydilər, postamentə bəs edərdi. Daşı necə gəldi qoparda-qoparda az qala yararsız etmişdilər. Mirəliyə elə gəldi ki, daşı dəyişiblər. O, çox həyəcanlı idi. Mən onu başa sala bilmirdim ki, karxananın yüz ildən bəri mövcudluğu dövründə oradan bu boyda daş çıxarılmayıb. Çarəmiz kəsildi, ustanı gözləməli olduq. Usta əvvəlcə bu işin alınmayacağını dedi. Sonra müxtəlif yerlərdən ölçə-ölçə çətinliklə mümkün olacağını qeyd etdi. Mirəli məcbur oldu ki, postament üçün yeni eskiz hazırlasın. Daş gələndə mən Bədii Fondun direktorundan dəfələrlə xahiş etmişdim ki, onu başqa yerə aparmasınlar, Sabunçu vağzalında yonsunlar. Sözümə qulaq asan olmadı. Daşı nə qədər zəhmət və pul sərf olunmaqla Zığa – limana apardılar. Ustalar hər gün şəraitsiz bir yerə gedib gəlməli oldular. Ustaların yeməyini özüm daşıyırdım. Onların gedib gəlməyi üçün isə hər dəfə maşın tapılmırdı. Daşı çapıb yüngülləşdirdikdən sonra dənizdə olan “Koroğlu” qaldırıcı kranı ilə xüsusi hazırlanmış lafetə qoydular. Daşı maşında, lafetin üstündə, iki tərəfdən yanğınsöndürən maşının köməyi ilə gətirib Sabunçü vağzalına qoydular. Biz o gecə həmin yolu piyada maşının arxasınca getdik. Mən o yolu gündə 10 dəfə gedib, gəlirdim. Mirəli xəstə olduğu üçün çox vaxt uşağı da özümlə götürürdüm. Çoxları uşağın daşların üstünə yıxılacağından qorxurdu. Mirəli isə deyirdi: Qoy bu onun uşaq yaddaşına həkk olunsun ki, heykəl hansı əziyyətlə yaranır.
Heykəlin qoyulması üçün smetada 6 milyon pul ayrılmışdı. O vaxt mənə belə bir təklif etdilər ki, heykəlin təşkilatı işlərinin direktoru olum. Onsuz da bu işi təmənnasız görürdüm. Bu vəzifəyə görə 250 rubl təklif olunurdu. Onsuz da bizim bədxahlarımız hər şeydə bizə mane olurdu. Buna da bir söz çıxaracaqdılar. Amma mən şəhərləri gəzib öz cibimdən heykəl düzəltmək üçün alətlər alırdım. Moskvaya alətləri almaq üçün 18 min rubl pul aparmışdım. O pulu son qəpiyinə qədər xərclədim. Çünki Mirəli Cəfəri öz balası hesab edirdi. O heykəl işıq üzü görməsə dözə bilmərəm, – deyirdi.

Gildən hazırlanan heykəli emalatxanada tərtibçilər gipsə köçürməyə gəldilər. Ertəsi gün fəhlələrdən biri dedi ki, Mirəlinin vəziyyəti gecə pis olub. Mirəli məni sakitləşdirdi. Amma mən təkidlə təcili yardım çağırdım. Məlum oldu ki, o, infarkt keçirib. Heydər Əliyev xəbər tutub öz şəxsi həkiminə tapşırmışdı ki, Mirəli tezliklə sağlam, iş qabiliyyətli adam kimi evə qaytımalıdır. Heykəl artıq meydanda olanda Mirəli qaldırıcı krana qalxıb heykəlin üz hissəsini öz əlləri ilə yondu. Heykəlin üzərində C.Cabbarlı sözünü kiril əlifbası ilə yazmaq istəmədi. Çünki Cəfər özü latın əlifbası ilə işləmişdi. Heykəlin açılışı münasbiəti ilə “Cəfər Cabbarlı” sözü postamentin üzərinə döymə kimi vuruldu. Açılışda o qədər məmur vardı ki... Bizi o qədər incitmişdilər ki, irəli keçmək belə istəmədik. Heydər Əliyev ətrafa baxıb təəccüblə soruşdu : – Bəs müəllif haradadır? Kənarda təvazökarcasına dayanmış Mirəlini onun yanına gətirdilər. Heydər Əliyev yenidən soruşdu: – Bəs xanımınız haradadır? Təbriklər zamanı Mirqasımovlar cütlüyü ilk dəfədən respublika ictimaiyyətinin diqqətini cəlb etdi. İndiyə qədər həmin tarixi kadrlar televiziya kanallarında göstərilir. Biz 50 min rubla qədər olan qonorarın son qəpiyinədək heykələ xərclədik. Akademik Mirqasımov adına xəstəxananın qarşısına qoyulan Mirqasımovun tunc büstü və qəbirüstü abidəsi də təmənnasız qoyuldu. Mirqasımovun digər büstü, Musa Nağıyev adına xəstəxanaya Mirqasımovun rəhbərlik etdiyi kafedraya bağışlanıb. C.Cabbarlının 2 metrlik büstü ədibin ev muzeyinə təmənnasız verilib. Mirqasımovun Azərbaycan Milli Elmlər Akademiyasındakı mərmər büstü də ora bağışlanıb.

2009-cu ildə Mirqasımovun anadan olmasının 85-ci ildönümü olacaq. Bu vaxta qədər Əməkdar incəsənət xadimi, xalq rəssamı, professor, Azərbaycanın ilk peşəkar heykəltəraşı, ümumdünya festivalında təsviri sənət üzrə mükafat almış ilk azərbaycanlı rəssam – heykəltəraş Mirəli Mirqasımovun həyatı boyu nə yaradıcılıq sərgisi keçirilib, nə onun haqqında əsər yazılıb, nə də film çəkilib. Mən çox arzu edərdim ki, ümummilli lider Heydər Əliyevin çox sevdiyi, hörmət bəslədiyi, əsərlərinə böyük qiymət verdiyi Mirəli Mirqasımovun adının əbədiləşdirilməsinə dövlət səviyyəsində köməklik göstərilsin.

Xalq qəzeti.- 2008.- 6 iyul.- S. 6.