Ulyanovskda Ümummilli lider Heydər
Əliyevin abidəsi açılmışdır
İyulun 11-də
Ulyanovskda Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin abidəsi açılmışdır.
Ulyanovsk
şəhərinin Zasviyajsk rayonundakı Jiqulyovsk və
Fruktovaya küçələrinin kəsişməsində ümummilli
liderin şərəfinə salınmış bağda
ucaldılan, hündürlüyü beş metr olan abidənin
müəllifi Moskvada Yuri Qaqarinin abidəsinin
müəlliflərindən biri olan tanınmış
heykəltəraş Sergey Bobrakovdur. Abidənin
ucaldılması barədə qərarı Ulyanovsk
şəhərinin meri Sergey Yermakov 2008-ci ilin fevralında
imzalamışdır.
Elə həmin gün
Ulyanovskdakı 78 nömrəli orta məktəbdə
Azərbaycan tarixi və mədəniyyəti muzeyinin təntənəli
açılışı olmuşdur, Burada Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin, ulu
öndərin ailə üzvlərinin, habelə
ölkəmizin görkəmli xadimlərinin həyat və
fəaliyyətinə həsr olunmuş ayrıca stend
yaradılmışdır.
Abidənin və muzeyin
açılışı Ulyanovsk sakinlərinin
Azərbaycanın ümummilli liderinə dərin
hörmətinin əlamətidir. Dahi lider
dəfələrlə Ulyanovskda olmuşdur. 1983-cü ildə
isə ulu öndər "Aleksandr Suvorov" teploxodunun
qəzaya uğramasının nəticələrinin aradan
qaldırılması üzrə Dövlət
Komissiyasının sədri kimi buraya gəlmişdir. O vaxt
Sovet ittifaqının ali rəhbərlərindən biri
olmuş Heydər Əliyev faciə ilə bağlı
çoxsaylı problemlərin həlli üçün
qısa müddətdə tədbirlər
görmüşdür.
Ulyanovsk vilayətinin
qubernatoru Sergey Morozov demişdir ki, Heydər Əliyevin
xatirəsinin Ulyanovskda da əbədiləşdirilməsi
Rusiya və Azərbaycan xalqları arasında dostluq və
əməkdaşlığın
möhkəmlənməsində və inkişafında
mühüm rol oynayacaqdır.
Respublika.- 2008.- 12 iyul.- S. 2.