Burda bir qəhrəman dönüb heykələ
Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid
olmuş Vüqar Əsədovun xatirəsinə ucaldılan
abidə qəhrəmanlara bəslənilən ümumxalq
məhəbbətinin təcəssümüdür
Torpaqlarımızın ərazi bütövlüyü
uğrunda son nəfəsinədək döyüşüb
qəhrəmancasına həlak olmuş Vətən
övladlarının müqəddəs xatirəsinin
əbədiləşdirilməsi işinə Dövlət
Neft Şirkəti də (ARDNŞ) öz töhfələrini
bəxş etməkdədir. Bu cür layihələrin davamı olaraq Qaradağ rayonunda yerləşən, şəhid
Vüqar Əsədovun
adını daşıyan
uşaq bağçasının
ərazisində bu qəhrəman döyüşçünün
büstü ucaldılıb.
Büstün açılışına
həsr olunmuş dünənki mərasimə
Qaradağ rayon ictimaiyyətinin nümayəndələri
ilə yanaşı,
ARDNŞ və Qaradağ
rayon İcra Hakimiyyəti rəhbərliyinin
rəsmiləri də
qatılmışdılar.
Büstün üzərindəki
örpək götürüldükdən
sonra tədbir iştirakçıları ölməz
qəhrəman Vüqar
Əsədovun müqəddəs
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra bağçada tərbiyə alan uşaqların ifasında
şəhidlərimizin şücaətini
və vətənpərvərliyini
tərənnüm edən
şeir parçaları
səsləndi:
Burda bir qəhrəman dönüb
heykələ,
Odlu cəbhələrin
içindən keçib.
Vətənə göz
dikən yağı düşməni
Bu Vətən övladı tarimar edib.
Orda bir igidlik, bir əbədiyyət,
Burda bir gözəllik, ağıl
yaşayır,
Torpağın üstündə
heykəl-qəhrəman,
Ana ürəyində
oğul yaşayır!
Mərasimdə çıxış edən ARDNŞ-in Sosial İnkişaf İdarəsinin (Sİİ) rəis
müavini Vasif İmanov Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın
xatirəsinin dövlət
tərəfindən daim
əziz tutulduğunu,
respublikamızın müxtəlif
guşələrində onların
şərəfinə büst, heykəl
və xatirə kompleksləri ucaldıldığını
vurğuladı. Bildirdi
ki, bu müqəddəs
və şərəfli
missiya hər bir kəsdə vətənpərvərlik hisslərini
artırmaqla bərabər,
xalqımızın öz
qəhrəmanlarına necə
məhəbbətlə yanaşdığını sübut edir: “ARDNŞ-in
maliyyə vəsaiti hesabına uşaq bağçasında ucaldılan
bu əzəmətli büst də Qaradağ rayonunda doğulub boya-başa çatmış, könüllü
şəkildə işğalçı
ermənilərlə savaşa
yollanmış şəhid
Vüqar Əsədovun
xatirəsini əbədi
yaşadacaq.”
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zemfira Şıxəliyeva,
İcra Hakimiyyətinin
digər nümayəndələri
Vaqif Həsənov və Ağəli Əhmədov, Sİİ-nin
Təlim, Tədris və Sertifikatlaşdırma
Departamentinin direktor müavini Dünyamalı Pənahov da öz çıxışlarında
dövlətimizin və
xalqımızın Vüqar
Əsədov kimi
düşmənə boyun
əyməyən igidlərin
xatirəsini əziz tutduqlarını və belə insanların öz əməlləri sayəsində əbədiyaşarlıq
haqqı qazandıqlarını
qeyd etdilər. Qaradağ rayon Şəhid Anaları Cəmiyyətinin nümayəndəsi
Pakizə Abbasova övlad itkisinin hər bir valideyn
üçün dözülməz
dərd olduğunu, lakin Vüqarın ata-anasının dərdə boyun əymədiklərini söylədi:”Onlar övladlarının
öz canlarını
Vətən yolunda qurban verməsindən təsəlli tapır, bilirlər ki, ciyərparaları ölməzliyə
qovuşub. Onu bugünkü nəsillər
kimi, gələcək
nəsillər də əsl qəhrəman kimi yad edəcək,
büstü önünə
gül-çiçəklər
düzəcək, cəsurluğundan
söz açacaqlar...”
Şəhidin anası,
106 saylı orta məktəbin müəlliməsi
Alimə Əsədova
övladının
xatirəsinin əbədiləşdirilməsinə
görə dövlət
başçısına, ARDNŞ və Qaradağ rayon İH rəhbərliyinə
öz ailəsi adından minnətdarlığını
bildirdi: “Mənim balam azğın ermənilərə qarşı
vuruşaraq həlak oldu. Onun ən
böyük arzusu torpaqlarımızın bütünlüklə
düşmənlərdən azad olunması idi. Mən inanıram
ki, çox yaxın bir müddətdə Vüqarın
bu arzusu yerinə yetəcək, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı
siyasət nəticəsində
ərazilərimiz geri
alınacaq!”
Mərasim şəhidin
adını daşıyan
uşaq bağçasında
onun xatirəsinə həsr olunan bədii proqramla davam etdirildi.
Məlumat üçün
bildirək ki, Vüqar Habil oğlu Əsədov
1974-cü il iyun ayının 29-da Qaradağ
rayonu, Lökbatan qəsəbəsində anadan
olub. Orta təhsilini də elə bu qəsəbədəki
106 saylı orta məktəbdə alıb.
Bakı Hərbi Zabitlər məktəbində oxuyan Vüqar Əsədov
1992-ci il oktyabr ayının 15-də təhsilini yarımçıq
qoyaraq, Qarabağa-döyüş
bölgəsinə yollanıb.
19 yaşlı gənc
Füzuli rayonunda gedən ağır vuruşlarda iştirak edərək cəsarətli,
hünərli, qorxmaz,
mətin
bir döyüşçü
kimi tanınıb.
1993-cü il avqust ayının 31-də Vüqar Əsədov silahdaşları ilə bərabər Füzuli rayonunun Kürdmahmudlu kəndini erməni işğalçılarından müdafiə edərkən
ağır yaralanır,
ermənilər onu bir neçə döyüşçü yoldaşları
ilə birgə əsir götürür. Azərbaycanlı
bir həkim çiyin nahiyəsindən
iki ağır yara almış döyüşçünün üzərində cərrahiyyə
əməliyyatı aparır.
O ayılanda düşmənə
əsir düşdüyünü
bilir, bunu qüruruna sığışdırmayıb
sarğılarını qoparır
və özünə
qəsd edir. Beləliklə, şərəfli
ölümü ilə
müqəddəs şəhidlik
zirvəsinə ucalır.
İki sahil.- 2008.- 11 iyul.- S. 6.