Mədəniyyət və turizm sahəsində Azərbaycan-İordaniya əlaqələri inkişaf
edir
Ölkəmizin
İordaniya Haşimilər Krallığındakı
səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyulun
3-dən 6-dək Azərbaycanın mədəniyyət və
turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi
nümayəndə heyəti İordaniyada rəsmi
səfərdə olmuşdur.
Səfər çərçivəsində
Ə.Qarayev İordaniya Kralının
Divanının rəhbəri
B.Avadallah, mədəniyyət
naziri xanım N.Bəkir, turizm naziri xanım M.Xatib ilə görüşlər keçirmiş,
Krallığın mədəniyyət
və turizm sahəsindəki imkanları
ilə tanış olmuşdur.
İyulun 3-də İordaniya Kralının Divanının
rəhbəri B.Avadallah
ilə keçirilən
görüşdə Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin Kral II Abdullaha səmimi salamlarını çatdırmış
və İordaniyanın
dövlət başçısına
ünvanladığı məktubunu
təqdim etmişdir. Ə.Qarayev sürətlə inkişaf
edən ikitərəfli
münasibətlərə toxunaraq
ölkə Prezidenti İlham Əliyevin 2007-ci il iyulun 29-30-da İordaniyaya rəsmi səfərindən sonra bu əlaqələrin daha yüksək səviyyəyə qalxdığını
vurğulamış və
Kral II Abdullahın bu ilin may
ayında Azərbaycana
etdiyi səfərinin
ikitərəfli münasibətlərin
inkişafında yeni mərhələ açdığını
bəyan etmişdir. Ə.Qarayev Azərbaycanda həyata keçirilən islahatlar,
xüsusən mədəniyyət
və incəsənət
sahəsində görülən
işlər barədə
B.Avadallaha ətraflı
məlumat vermişdir.
Görüş zamanı ölkələrimiz
arasında siyasi əlaqələrin yüksək
səviyyədə olduğu
qeyd olunmuş və bu əlaqələrin
mədəniyyət və
turizm sahəsində öz əksini tapması üçün
hər iki tərəfin birgə səy göstərməsinin
vacibliyi vurğulanmışdır.
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə toxunaraq
İordaniya tərəfindən
Azərbaycana göstərilən
daimi dəstəyə
görə minnətdarlığını
bildirmişdir. B.Avadallah
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllinin tərəfdarı
olduğunu qeyd edərək ölkəsinin
bundan sonra da Azərbaycanın mövqeyini dəstəkləyəcəyini
bəyan etmişdir.
Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti
İordaniyanın mədəniyyət
naziri N.Bəkir və turizm naziri M.Xatib ilə görüşmüşdür.
Səmimi şəraitdə keçən görüşlər
zamanı qarşılıqlı
səfərlərin, mədəniyyət
və turizm sahəsində təcrübə
mübadiləsinin və
əməkdaşlığın digər vacib elementlərini özündə
cəmləşdirən tədbirlərin
qarşılıqlı əsasda
həyata keçirilməsinin
vacibliyi qeyd olunmuşdur.
Söhbət zamanı ikitərəfli
əlaqələrdən danışan
Ə.Qarayev Azərbaycanla İordaniya arasında bütün sahələrdə, o cümlədən mədəniyyət
və turizm sahəsində əməkdaşlığın
konkret layihələr
üzrə inkişaf
etdirilməsinin zəruriliyini
qeyd etmiş, Azərbaycan incəsənət kollektivlərinin İordaniyada təşkil
olunan festivallarda iştirakı, qarşılıqlı
şəkildə hər
iki ölkədə mədəniyyət günlərinin
keçirilməsi istiqamətində
birgə səy göstərilməsinin gərəkli
olduğunu vurğulamışdır.
N.Bəkir və M.Xatib Azərbaycan nümayəndə heyətinin
səfərinin uğurlu
keçməsini arzu edərək, belə səfərlərin ikitərəfli
münasibətlərə öz
töhfəsini verəcəyini
vurğulamışlar. Keçirilən
görüşlər zamanı
Ə.Qarayev İordaniyanın mədəniyyət
naziri N.Bəkiri və turizm naziri M.Xatibi Azərbaycana səfərə
dəvət etmiş,
dəvət məmnuniyyətlə
qəbul edilmişdir.
Səfər çərçivəsində
nazir Ə.Qarayev İordaniyanın özəl rəsm qalereyasını ziyarət
etmiş və Turizm Kollecində olmuşdur. Kollecin təlim mərkəzinin rəhbərləri ilə
görüş zamanı
Ə.Qarayevə həmin müəssisənin
fəaliyyəti, əldə
edilmiş nailiyyətlər
və gələcək
planlar haqqında ətraflı məlumat verilmişdir. Azərbaycan
nümayəndə heyəti
İordaniyanın bir sıra tarixi-mədəni abidələrini
ziyarət etmiş və Ölü dəniz sahilində yerləşən bəzi
turizm-istirahət zonalarının imkanları
ilə tanış olmuşdur.
Ə.Qarayevin şərəfinə İordaniyanın
turizm naziri adından rəsmi nahar və ölkəmizin
mədəniyyət naziri
adından rəsmi iftar ziyafəti verilmişdir.
Səfər İordaniya
kütləvi informasiya
vasitələrində geniş
işıqlandırılmışdır.
Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin
İordaniyaya səfərinin
və orada keçirdiyi görüşlərin
uğurla başa çatması Azərbaycan-İordaniya nümasibətlərinin
inkişafı üçün
lazımi dəstək
olmuşdur.
Azərbaycan.- 2008.- 8 iyul.- S. 13.