Cabbarlı A.

 

O, televiziyanı dostları, övladları qədər sevirdi

 

"Telefenomen". Məşhur televiziyaşünas, əməkdar incəsənət xadimi, professor Elşad Quliyev haqqında yazılan kitablardan birinin adı belədir. "Sehrli qutu"nun bütün incəliklərindən baş çıxaran bir professionalın yaradıcılığını tam dolğunluğu ilə əks etdirən bu ad, əslində Elşad adının sinonimidir.

Bütün xarakterik cizgilərinə tam bələd olduğun, dostluğuna, işgüzar keyfiyyətlərinə və yaradıcılığına heyran qaldığın bir insan barədə xatirə yazmağın çətinliklərini artıq yaşa dolmaqda olan həmkarlarım yaxşı bilirlər. İllah da ki, təmsil etdiyin nəslin yarpaq tökümü başlayanda, uzun illər birgə çalışdığın, dostluq etdiyin adamlarla vida anı yetişəndə ürəyindən hansı hisslər keçir, qəlbin hansı duyğularla süslənir, bunu ifadə etmək çətindən çətindir.

Elşad müəllimlə aramızdakı yaş fərqinə baxmayaraq, yaxın dost idik və 70-80-ci illər televiziyasındakı münasibətlərimiz adi tərcüməçidən komitə sədrliyinədək yüksələn 43 yaşlı rəhbərimizi bizə həm də bir ağsaqqal gözündə görməyə imkan vermişdi. O vaxtlar bu yaşda nazir statusunda olmaq, komitə sədri işləmək hər adama qismət olmurdu. Amma respublika rəhbəri Heydər Əliyev Elşad müəllimin qeyri-adi təşkilatçılığını, səriştəsini, kollektivlə işləmək bacarığını nəzərə almışdı.

Ömrünün son günlərinədək telefon əlaqəsi saxlayır, bir-birimizlə hal-əhval tutardıq. Yüksək qan təzyiqi, şəkərli diabet hədsiz əziyyət versə də, ağrı-acısını bildirməzdi. Söhbəti həmişə televiziya mövzusunun üstünə gətirərdi. Son vaxtlar bəzi telekanallarda istedadsız müğənnilərin, səriştəsiz aparıcıların meydan sulaması, milli-mənəvi dəyərlərimizə xələl gətirən verilişlərin geniş yer alması, üzdəniraq tendensiyalara rəvac verən teleserialların təqdimi onu çox narahat edirdi. Xəstəliyi şiddətlənməmişdən tez-tez görüşərdik, ara-sıra redaksiyamızın təşkil etdiyi "dəyirmi masa"ların başında oturardı. Rəhbəri olduğu Respublika Bilik, Maarifçilik və İnformasiya Cəmiyyətində keçirdiyi yığıncaqlara bizi də dəvət edərdi. Ölkənin tanınmış musiqiçiləri, televiziya işçiləri, qələm sahibləri Elşad müəllimi tək qoymazdılar. Onun yanındakı professional söhbətlər, diskussiyalar, səslənən tənqidi fikirlər və mülahizələr mütləq öz təsirini göstərərdi. Məşhur televiziya bilicisinin qeydlərini, iradlarını ən modern düşüncəlilər, müasir texnologiyaların daşıyıcıları belə iddiasız, rahat qarşılayar, tənqidindən inciməz, onun dediklərini öz fəaliyyətlərində nəzərə alardılar.

O isə incimişdi. Adi, sıravi əməkdaşlıqdan komitə sədrliyinədək əsl yaradıcılıq yolu keçən, təşkilatçılıq sarıdan bir məktəb yaradan Elşad Quliyev 1990-cı il 20 Yanvar hadisələrindən sonra sözün əsl mənasında küncə sıxışdırılmışdı. Şərəfini, təmizliyini uzun illər qoruduğu mavi ekrandan ünvanına yağdırılan hədyanlar, televiziya mərkəzinin enerji blokunun partladılmasında əbəs yerə suçlu sayılması təbii ki, saf, yumşaq təbiətli Elşad müəllimin ürəyində sağalmaz izlər qoymuşdu. Lakin vaxtilə Elşad Quliyevi ölkədə yeganə olan televiziyanın rəhbərliyinə gətirən Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin qayğısı Elşad müəllimə həyat eşqi, dözüm və iradə bağışladı. Əməkdar incəsənət xadimi adı aldı, Prezident təqaüdçüsü oldu. Ölkənin ən nüfuzlu qəzetləri Elşad müəllimin çıxışlarına geniş yer ayırır, televiziyalar bir çox mühüm məsələlər barədə müsahibələrini verirdilər. Bütün bunları yüksək qiymətləndirirdi. Var gücünü toplayıb işləyir, görüşlər keçirir, tələbələrini böyük jurnalistikaya hazırlayırdı. Çağdaş televiziyaların fəaliyyəti, ortaya çıxan problemlər, gənc jurnalistlərin peşəkar kimi yetişməsi, cavanların milli-mənəvi ruhda tərbiyəsi və digər aktual mövzular Elşad müəllimin müşahidə radiusunda idi.

Elşad Quliyev televiziyanın qarşısında duran maarifləndirmə, informasiyavermə və əyləndirmə funksiyasının dəqiq və dolğun yerinə yetirilməsini əslində müqəddəs vətəndaşlıq vəzifəsi sayırdı. Deyirdi ki, bu üç missiyanın uğurla reallaşdırılması bütövlükdə insanların, xüsusən gənc nəslin tərbiyəsində misilsiz rol oynayır. Az.TV rəhbəri işlədiyi müddətdə dediklərini praktiki olaraq həyata keçirirdi. Elşad müəllim həmişə vurğulayırdı ki, televiziya verilişləri daha çox ictimai-siyasi və sosial xarakterli problemlərin, adamların həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin genişləndirilməsi məsələlərinin işıqlandırılmasına yönəldilməlidir. Monoloqdan, nəsihətdən, göstərişlərdən geniş diskussiyalara, ictimai müzakirə formalarına - tok-şoulara keçməklə həqiqət üzərində kütləvi informasiya vasitələrinin tam monopoliyasına haqq verən köhnə təbliğat modellərindən imtina edilməsinin zəruriliyini önə çəkirdi. Həmişə deyirdi ki, müxtəlif mövqe və baxışları, onların qarşılıqlı təhlilini verməli, cəmiyyətimizin təşəkkülünün daha əlverişli yollarının axtarışında irəli sürülən rəylər müqayisəli şəkildə əks olunmalıdır.

Elşad Quliyev bizimlə görüşlərində müasir televiziyanın uğur qazanmasında bir çox şərtlərin mühüm rol oynadığını diqqətə çatdırırdı. Bunların arasında informasiyanın vaxtında, operativ, müxtəsər şəkildə çatdırılmasını önə çəkərdi. Onu da xüsusi vurğulayırdı ki, teleinformasiyanın təsir gücü jurnalistin şəxsi keyfiyyətindən asılıdır. O, informasiya proqramlarının aparıcılarını özünəməxsus keyfiyyətləri ilə fərqlənən ictimai-siyasi xadim kimi xarakterizə edirdi. Deyirdi ki, telejurnalistin fəaliyyətinin təsiri və səmərəsi özünün əqidəsindən, tutduğu mövqedən, sübut və dəlillərinin dərinliyindən asılıdır. Buna görə də onun ideya etiqadı, peşə hazırlığı, siyasi dünyagörüşü çox önəmlidir. Televiziya jurnalisti özünün yaradıcı, inqilabi, qaynar enerjisi ilə seçilməlidir. Elşad müəllim bu məqamları həyatda reallaşdırmağa çalışırdı və Azərbaycan televiziyasında da məhz yüksək intellektli, zəngin dünyagörüşlü, erudisiyalı jurnalistlərin fəaliyyətinə meydan verirdi. Həyat Elşad Quliyev prinsiplərinin doğruluğunu əyani göstərdi. Onun yetirmələri adlı-sanlı aparıcılar, teleproqram müəllifləri olmaqla kifayətlənmədilər, sonralar müstəqil telekanalların yaradıcıları və rəhbərləri, ictimai-siyasi xadimlər, aparıcı qəzetlərin əməkdaşları kimi ad-san qazandılar.

Azərbaycanda televiziya işinin bütün incəliklərini Elşad Quliyev qədər bilən, bunu praktiki fəaliyyətində uğurla tətbiq edən ikinci bir nəzəriyyəçi tanımıram. O, mütaliəni çox sevir, dünyanın əksər aparıcı telekanallarını izləyir, radiolara qulaq asırdı. Eşitdiklərini, öyrəndiklərini müsahiblərinə çatdırmağa qızırqalanmazdı, polemikanı özünün həyat tərzinə, gündəlik vərdişinə çevirmişdi. Əsl həqiqətin mübahisədə ortaya çıxdığını yaxşı bilirdi. Televiziyanın xalqın mənəvi həyatındakı rolunu yüksək qiymətləndirən Elşad müəllim milli telekanalların xalqın ideya generatoruna, onun müdafiəçisinə, daha çox isə universitetinə çevrilməsini arzulayırdı. Onu da təəssüf hissi ilə bildirirdi ki, bugünkü aparıcıların çoxu həyatımızın bu və ya digər mənəvi dəyərini qiymətləndirməkdə çətinlik çəkirlər. Opponentlərlə aparılan polemikada bəzən birincinin üstünlüyü nəzərə çarpır ki, bu da aparıcının, nəticədə onun təmsil etdiyi telekanalın məğlubiyyətidir. Bir-birinə zidd olan mövqelərin toqquşmasında aparıcının "ağ bayraq" qaldırması nəticədə yüz minlərlə tamaşaçının itirilməsi deməkdir və bu, heç cür yolverilməzdir. Elşad müəllim belə deyirdi və daim tövsiyə edirdi ki, teleaparıcılar özündənrazılıqdan, söz oyunundan əl çəkməli, təmkinli olmalı, yalnız savadın, zəkanın, dünyagörüşün gücünə arxalanmalıdırlar.
Elşad Quliyev Azərbaycan teleməkanında meydan sulayan üzdəniraq teleserialların mənəvi fəsadlar doğuracağından çox narahatlıq keçirirdi. Məsləhət görürdü ki, bizim tamaşaçıya torpaq itkisinin faciəsini yaşadan, müqavimət göstərməyin yollarını açıqlayan, milli şüurun formalaşmasına təsir edən filmlər təklif olunsa, daha məqsədəuyğun olardı.

Elşad müəllim bütün televiziyaların yoluna işıq tutan tənqidə ciddi ehtiyac olduğunu tez-tez vurğulayırdı. Deyirdi ki, indiki halda tamaşaçı zövqü istinad nöqtəsi ola bilməz. Həddən artıq siyasiləşmədən usanmış sosium bu gün dayaz proqram siyasəti də sifariş edə bilər. Belə olan halda süni populyarlıq üçün ondan-bundan gördüklərimizi özününküləşdirmək, primitiv köçürmələri yeni teleməkana transfer etməklə də baş qatmaq olar. Elşad müəllim bununla uzağa getməyin mümkünsüzlüyünü tez-tez yada salırdı və teletənqidi gücləndirməyin zəruriliyini ortaya qoyurdu. Elə buradaca Elşad Quliyevin uzun illər "Nedelya" qəzetində yer alan "Telemetro" və "Telerobinzon" telelayihələrinin, televiziya nəzəriyyəsi ilə bağlı əsərlərinin, ölkə mətbuatındakı ardıcıl çıxışlarının, müsahibələrinin teletənqidin gücləndirilməsindəki müstəsna rolunu xatırlatmaq yerinə düşərdi. O, ölkədə televiziya akademiyasının açılmasını, televiziyaya aid xüsusi nəşrlərin işıq üzü görməsini arzulayırdı. Təəssüf ki, bunları görməyə ömür vəfa etmədi.

Düz qırx gündür ki, Elşad müəllimsizik. Onu yaxından tanıyanlar, vaxtilə birgə çalışdıqları dostları, əzizləri bu ayrılığın doğurduğu acı hissləri yaşamaqdadırlar. Ustadın tez-tez işlətdiyi bir söz bu gün də qulağımda səslənir: "Mən dostlarımı, övladlarımı çox sevirəm, televiziya isə mənə çox əzizdir. Çünki mavi ekran mənim həyatımdır".

Azərbaycan.- 2008.- 5 iyul.- S. 8.