Cavadlı N.

 

«Əsl ağsaqqallar bu gün beşikdədirlər»

 

Ayaz Salayev: «Ziyalı sinfi nəinki Azərbaycanda, bütün dünyada məhv olub»

 

«Amerikaya qarşı çıxmaq çox təhlükəlidir»

 

Tanınmış kinorejissor Ayaz Salayevlə cəmiyyətdə həmişə maraqla qarşılanıb. Onun cəmiyyətin problemləri, onlardan çıxış yolları ilə bağlı özəl yanaşması var. Söhbətimizə Azərbaycan kinosunun hazırki durumu ilə bağlı suallarla başladıq.

 

- Ayaz müəllim, Azərbaycan kinosu Azərbaycan gerçəkliyini əks etdirə bilirmi?

- Çox yaxşı sualdır. Amma əfsuslar ki, Azərbaycan kinosu Azərbaycan gerçəkliyini əks etdirmir. Artıq XXİ əsrdir və məndə tamamilə etiraz doğurmayan, hətta rəğbət və sevinc yaradan bir nəsil yaranır. Yeni bir cəmiyyət, yeni bir millət formalaşır. Ancaq bu, bütövlüklə ekranda öz əksini tapmır.

- Səbəb nədir, siyasi, yoxsa iqtisadi məsələlərdir?

- Mən heç vaxt heç kimi boş yerə tərifləməmişəm. Ancaq indiki Mədəniyyət Nazirliyinin kino şöbəsi kinonun inkişafı üçün böyük bir iş aparır. Bədii cəhətdən heç bir perspektivli ssenari kənarda qalmır. Ancaq əfsuslar olsun ki, gözəl ssenarilər çox azdır. İndi əlverişli vəziyyətdir, çünki ölkəyə pul gəlir və kinoya vəsait ayrılır. Təəssüflər ki, bədii cəhətdən problemlər var. Mən özüm Bədii Şuranın üzvüyəm. Ona görə «sandığı açıb pambığı tökmək düzgün» deyil. Nə üçünsə ssenarilər zəifdir. Siz ciddi bir məsələyə toxundunuz. Söhbət ondan gedir ki, Azərbaycanda müəlliflər ətrafımındakı mühitə, yaranan cəmiyyətə diqqətlə baxmır və mənimsəmir. Elə bildiyini yazır. Yəni müəyyən vaxtda əldə etdiyi təcrübəni zənginləşdirmək istəmir. Həyat hər dəqiqə bizim təsəvvürlərimizi darmadağın edir. Hər gün insanda yeni düşüncə formalaşsa da, səhəri gün bu dağılır. Çünki yeni hadisələr və məzmunlar görürsən ki, bu, sənin həyat təcrübən vasitəsi ilə formalaşan təsəvvürləri məhv edir.

- Demək istəyirsiniz ki, müəlliflər bunu çatdıra bilmir?

- Bəli. Müəllifin gözəlliyi ondan ibarətdir ki, hansısa sənət və ədəbiyyat əsərini öyrənəndə gördüyünü ifadə edə bilsin. Kino da o cümlədən. Son illərdə bədii cəhətdən Qarabağ mövzusu müəyyən baxımdan kinoda əks olunub. Çünki kino bu müharibəyə hər bir nöqteyi-nəzəri əks etdirib. Vətənpərvər də, pasifist də, yəni istehza ilə yanaşan filmlər də var. Bu o deməkdir ki, prinsipcə cəmiyyət sağlam olduğundan bütün tərəfləri kinoda əks etdirir. Müasir həyata gəldikdə (bir az düşünür)... Bəli, tarix gözəl şeydir, biz bu istiqamətdə filmlər çəkməliyik. Amma daha çox biz tarixi yaratmalıyıq.

- Bəs tarixi kimlər yaradacaq?

- Cəmiyyət, o cümlədən sənət adamları və kino. Bu baxımdan kino gələcəyə istiqamətlənməlidir. Kino həyatı, yəni vəziyyət və mühit necə dəyişir, bax bunu əks etdirməlidir.

- Sizə elə gəlmirmi ki, neft gəlirlərindən kino sahəsinə az vəsait ayırılır. Məsələn, Qazağıstandakı diqqət bizdə yoxdur…

- Qazaxıstan kinosunun pərəstişkarı deyiləm. Mən kinoda müəyyən bir mədəniyyət konteksti sevirəm. Yəni görürsən ki, film boş yerdən yaranmayıb, bunun arxasında böyük mədəniyyət tarixi dayanıb. Qazax kinosunda bunu hiss etmirəm.

- Bəs Azərbaycanı kinosunun siması varmı?

- Bilirsiniz necədir, mən istəməzdim ki, Azərbaycan kinosunun vəziyyətindən danışanda, bu, Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə əlaqələndirilsin. Məncə, bu, çox prinsipial məqamdır. Çünki bu nazirliyin fəaliyyəti gələcəyi formalaşdırır. Bu günkü kinomuzdan danışanda hardasa keçmiş dövrün nəticəsini görürük. Ona görə bu gün tənqid etməyə ehtiyac duymuram. Səbəb isə çalışırlar ki, yeni bir nəsil formalaşdırsınlar. Amma sualınız ətrafında çox maraqlı məqamlara toxunmaq olar. Həqiqətən də bu günkü həyat indiyə qədər çəkilən filmlərdə öz əksini tam dolğunluğu ilə tapmır.

- Siz çıxışınızda yeni cəmiyyətin yaranmasından danışdınız. Hardadır o cəmiyyət, bəlkə söhbət əyləncəyə meylli cəmiyyətdən gedir?

- Yox, bu, düzgün deyil. Mən ətrafımda bunları görürəm. Bəli, tənqid olunası, yəni adamı əsəbləşdirən, ömrünü qısaldan çox şey var. Amma bununla yanaşı sağlam amillər də çoxdur. Sadə və primitiv dildə söyləsək, mənim aləmimdə nə qədər ki, insanlar bolşeviklərin təsiri altında az yaşayıb, o qədər də sağlamdır. Yəni nə qədər ki, pioner və komsomol olmayıbsa, mənəvi baxımdan daha təmiz və azaddır. Təxminən 1975 və 80-ci illərdən sonra doğulan insanlara ümid bağlayıram.

- Niyə məhz həmin təqvimlərdə doğulanlar?

- Əsl ağsaqqallar bu gün beşikdədirlər.

- Axı arsızlar nəsli də yetişir...

- Bilirsiniz, bütün cəmiyyətlərdə və xalqlarda bu problem yaşanır. Çoxluq həmişə Siz dediyiniz kimi olur. Amma təkrar edirəm, hər şeyi inkar etmək olmaz, azərbaycanlılar cavan millətdir. Mən özümü ona görə müəyyən dərəcədə rahat hiss edirəm ki, Azərbaycanı tərk etmədim.

- Nə mənada rahat hiss edirsiniz?

- O mənada rahat hiss edirəm ki, nə qədər əziyyət çəksəm də, minlərlə maddi problemim olsa da, ikinci dərəcəli adam deyiləm. Rusiyada yaşasaydım, başqa cür olardı, hər gün mənliyim tapdanacaqdı.

- Məgər bu gün mənliyiniz tapdanmırmı?

- Nədə? Başa düşün, mən iqtidar adamı deyiləm.

- Ayaz müəllim, söhbət iqtidardan və siyasətdən getmir, bunları kənara qoyaq. Gözümüzün önündə insanların hər yerdə hüquqları tapdanır. Bunlar Sizə əziyyət vermirmi?

- Əlbəttə ki, əziyyət verir, özü də çox. Onun müsbət cəhətləri də var, yəni Qərb ölkələrində metro ilə rahat gedəndə bunu görmürsünüz. Dünya bu baxımdan çox mürəkkəbdir. İndi bilirsiniz necədir, bu əsrdə baş verən proseslər sanki ölkələr arasındakı fərqləri bir az bərabərləşdirib. Yəni Qərbdə cənnət, burda isə cəhənnəm olmayacaq. Bu gün tarix qeyd etdiyim istiqamətdə gedir. Eramızın əvvəlini götürsək, bir tərəfdə Neron adamları bağda məşəl kimi yandırıb ətrafında gəzirdisə, digər tərəfdə başqa adamlarda ruh yüksəkliyi var idi. Beləliklə, ruhaniliklə vəhşilik bərabər şəkildə cəmiyyətə paylanırdı. Çox müqəddəs adamlar və çox vəhşi adamlar yaşayırdı. Müasir dövrdə müqəddəs də, vəhşi də yoxdur.

- İraqda hər gün onlarla insanın öldürülməsi vəhşiliyin əlaməti deyilmi?

- Onu da inkar etməyək ki, Səddam Hüseyn öz xalqı ilə daha dəhşətli davranırdı. Nədənsə tez yaddan çıxartdıq bunları və Səddam Hüseyndən qəhrəman düzəltdik. Bu diktator və cani idi. Təsəvvür edin ki, düşmənlərinin gözlərini çıxardıb onların ailəsinə göstərirdi.

- Bəs amerikalıların Corc Buşa İraqa görə etirazını necə qiymətləndirisiniz?

- Mən Amerikanın tərəfdarı olmasam da, bu siyasətin tam əleyhinə də çıxmıram. Çünki bu siyasətin əleyhinə çıxmaq son dərəcə təhlükəlidir.

- Nədən belə düşünürsünüz?

- Baxın, görün bu siyasətin əleyhinə çıxan ölkələr hansıdır-Kuba, İran, Şimali Koreya. Bu ölkələrdə hansı rejimlər qurulub? Kim istəyər belə ölkələrdə yaşamaq?

- Əlbəttə ki, yox. Amma indiki kimi də yaşamaq istəmirəm...

- Bilirsiniz, yerin hansı hissəsində diktatura rejimi varsa, ona təzyiq göstərməyin müsbət tərəfləri də var. Artıq bəşəriyyət o istiqamətə doğru gedir ki, yer kürəsini öz vətəni kimi görür. İbtidai dövrün vəhşi insanına elə gəlirdi ki, onun mağarası bütün dünyadır. O anlamırdı ki, zəlzələ ola bilər, meteroid düşər və mağara dağılar. İndi insan özünü mənzilində belə rahat hiss etmir və hesab edir ki, yer kürəsi kosmosun kiçik bir hissəsidir. Bilirsiniz, niyə bu məsələlərə toxundum, mənim Şimali Koreyadan tələbə yoldaşlarım olub. Bu gün həmin ölkədəki rejim məni narahat edir. Mən görəndə ki, Kim İr Çen öz xalqını necə qoyun sürüsünə çevirmək istəyir, bunu özümə bir təhqir hesab edirəm. Məni başa düşün, həqiqətən belə düşünürəm. Düzdür, Şimali Koreya uzaqdadır, təyyarə ilə 10-15 min kilometr getmək lazımdır, amma ordakı rejimə görə mənliyimi tapdanmış hesab edirəm. Amerikanın siyasəti də bu hissiyyatları əks etdirir.

- Bəs Azərbaycandakı özbaşınalıqları, yalanları görəndə mənliyinizin tapdandığını hiss etmirsinizmi?

- Təbii ki, bunlar da var. Amma Azərbaycanda İran və Şimali Koreya rejimi qurulmayıb. Yenə təkrar edirəm, mən siyasətə girişmək istəməzdim. Çünki ömrümdə hökuməti tərifləməmişəm, indi də bu yola getmək istəmirəm. Digər tərəfdən ölkəmizdə qəddar diktaturanın olduğunu da demək olmaz. Ona görə də gəlin bu sualı kənara qoyaq.

- Yeni cəmiyyətin yarandığını söylədiniz. Bəs yeni ziyalılar yaranırmı?

- Ziyalılar təbəqə kimi dünyada məhv olub. Ziyalı anlayışını intelektuallar əvəz edib. Ziyalı o deməkdir ki, yaşadığı dövrə mənəvi bir hökm verir və ziyalı xüsusi bir anlayışdır. Ziyalı həkim heç vaxt xəstədən pul almaz, ziyalı müəllim valideyinə məsləhət görməz ki, uşağına müəllim tutsun və o müəllim də elə özüdür. Əslində ziyalı təbəqəsi Rusiyada yaranmışdı və bizə də şimal qonşudan keçdi.

- Bəs intelektuallar necə, ziyalıları əvəz edə biləcəkmi?

- Diqqət yetirmişəm, məsələn restoranda görmüşəm ki, intellektual ofisianta necə də yuxarıdan aşağı baxır. Amma ziyalı heç vaxt aşağı təbəqəyə «qara camaat» deməz və bu barədə düşünməz də. Bu təbəqə  XIX əsrin ikinci yarısında yarandı ötən əsrin sonunda məhv oldu.

- Ziyalı təbəqəsinin məhvi Azərbaycan da daxil olmaqla bəşəriyyət üçün fəsadlar törətməyəcəkmi?

- Yox, dünya dəyişir və bu dəyişkənliklə barışmaq lazımdır. Cavanlar bizim dövrün gəncliyindən fərqli olaraq kitab oxumur, amma internetdən öyrənirlər və bəzi məsələlərdə bilikləri bizdən çoxdur. Moskvadakı müəllimimin qızı mənə deyir ki, əgər atası nəvəsinin 25 yaşına qədər bir kitab oxumadığını sağlığında bilsəydi, ürəyi partlayardı. Artıq başqa bir əsrdə yaşayırıq.

- Bəs Azərbaycan qloballaşan dünyada itməyəcəkmi?

- Yox. İki-üç il əvvəl Azərbaycanın bir sıra rayonlarında sifarişli filmlər çəkirdim. Məsələn, Tovuz rayonunun kəndlərində çox sərbəst və azad düşüncəli insanlar görmüşəm. Görürsən ki, bu, Şərq aləmi deyil, Avropaya baxırlar. Ona görə də məhz indi tarixi yaratmalıyıq. Düşünməməliyik ki, Bibliyada ermənilərin adı çəkilir, bizim yox. Bu fikirləri kənara qoyub iş görmək lazımdır. 

- Tarix yaratmaqda potensialımız varmı?

- Görəndə ki, Azərbaycan gənci Rusiya kimi qarışıq bir məmləkətdə əzilə-əzilə pul qazanıb valideyninə göndərir, onda potensialın olduğuna inanırsan. Yəni rus dilində bir kəlmə bilməyən, qidalananda çəngəl və bıçağdan istifadəni bacarmayan azərbaycanlı illərlə Rusiyada pul qazanırsa, deməli nəsə var.

- Söhbətimizin əvvəlində kinomuzun gerçəkliyi əks etdirmədiyini bildirdiniz. İmkan yaransa, gerçəkliyi kinonun diliylə necə verərdiniz?

- Artıq əlimə imkan düşüb, çəkirəm.

- Film nə barədədir?

- İndi bu haqda danışa bilmərəm, ilin sonunda görərsiniz. Hər halda bütün ümidlərim bu filmə bağlıdır.

-  Son zamanlar İran kinosunun inkişafından danışılır. Deyilənlər nə dərəcədə həqiqətə yaxındır?

- Bu xəbər indi Azərbaycana çatıb. Artıq 30 ilə yaxındır ki, İran kinosu bütün dünyada səs-küy yaradıb. İslam və Uzaq Şərqi də götürsək, İran kinosuna heç nədə çata bilməz. Bu ölkədə peşəkar rejissorlar və operatorlar yetişir. Sadəcə, heyran olursan ki, heç nədən yüksək zövqlə filmlər çəkirlər.

- Çox qəribədir, dini totalitar bir rejimdə yüksək sənət əsərlərinin yaranması hansı amillərlə bağlıdır?

- Bu, fenomendir. İranın Hafiz və Xəyyam dövrünü götürsək, həmin mərhələdə İranın dünya sənətinə hansı əsərləri verdiyini bilirsiniz. Hazırki İran kinosu bu ölkənin mədəniyyəti tarixində ikinci mərhələ sayıla bilər. Bilmək olmur ki, bu nədir. Yəqin ki, bu, mədəniyyətin sirli bir gedişatıdır.

- Azərbaycan kinosunda belə bir oyanış görünürmü?

- Gələcəyə bir ümidim var. Mən İran kinosu ilə əməkdaşlığın tərəfdarıyam və hazırda çəkdiyim filmə də qonşu ölkədən aktyorlar dəvət etmişəm. Nədənsə biz Gürcüstan kinomateqrafçıları ilə əməkdaşlıq etmişik. Bilirsiniz ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Bu məsələləri nəzərə almaq lazımdır. Uzun illər həm bizdən, həm də onlardan biri-birimizə nifrət aşılamışıq. Onlar bizə murdar şurəvi, biz onlara başqa ad qoymuşuq.

- Son sual, Hollivudun sirri nədədir ki, filmlərinə pərəstiş bu səviyyədədir?

- Bu, çox çətin sualdır. Dünyanın ən məşhur rejissorları bu suala cavab verə bilməyib. Hər bir Avropa rejissoru bu sualı öz-özünə ünvanlasa da, cavab tapmır. Ona görə mən bu haqda heç nə deyə bilmərəm.

 

Bizim yol.- 2008.- 24 iyul.- S. 9.