Dövlət Film Fondunun binasının tikintisi yekunlaşmaq üzrədir

 

Dövlət Film Fondunun yeni binasının tikintisi yekunlaşmaq üzrədir. Dünya standartlarına uyğun bu beşmərtəbəli binanın inşası ilin sonuna kimi başa çatdırılacaq və 64 min saxlama vahidi olan Dövlət Film Fondu yeni ünvana köçəcəkdir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində inşa edilən binada hazırda tamamlama işləri aparılır. 2 min kvadratmetr ərazisi olan fondun həyəti abadlaşdırılır.
Zəruri infrastrukturla təchiz edilmiş obyektin 3-cü və 4-cü mərtəbələrindəki kimyəvi laboratoriya, 16 saxlama kamerası da lazımi vəziyyətə gətirilmişdir. Burada filmlərin normal temperaturda saxlanması təmin olunacaqdır. Bunun üçün yeni quraşdırılan xüsusi soyuducu və havatəmizləyici qurğu sınaqdan çıxarılmışdır. Avadanlıq mərkəzləşdirilmiş şəkildə binanın zirzəmisində və çardaqda yerləşdirilmişdir. Təhlükəsizlik sistemi də müasir standartlara cavab verəcəkdir. Qoruyucu funksiyaya malik qapılar ən son texnologiya əsasında qurulmuşdur. Yanğın zamanı alov su ilə deyil, qazla söndürüləcəkdir.

Fransız mütəxəssislərinin texniki parametrlərinə görə yüksək qiymətləndirdiyi binada köhnə filmlərin bərpası da mümkün olacaqdır. Kimyəvi laboratoriyalar, subtitrlərin yazılması üçün xüsusi avadanlığın da quraşdırılması nəzərdə tutulmuşdur. Bu sahədə mütəxəssislər kifayət qədər olmadığı üçün yeni kadrlar hazırlanacaqdır.
Yeni binada elektron kitabxana, filmlərin nümayişi üçün 120 yerlik zal və texniki nəzarət otağı da fəaliyyət göstərəcəkdir.

 

Xalq qəzeti.- 2008.- 30 iyul.- S. 2.