Dünya ekranlarına çıxacaq bədii film çəkmək istəyirəm
Rejissor
Elşən Zeynallı milli kinonun uğurlu
gələcəyini yeni nəslə yaradıcılıq
üçün lazımi imkanlar verilməsində
görür
"Kinoda incəsənətin
digər sahələrinə
nisbətən daha demokratik mühit var. Amma təbii ki, nəsillər söhbəti kinoda da mövcuddur. Kino sahəsinin nisbətən yaşlı
nəsli bizə bir az qısqanclıqla
yanaşır. Bu, yeni nəslə olan inamsızlıqdan qaynaqlanır". Bu fikirlər
sənədli filmlər
rejissoru kimi tanınan Elşən Zeynallıya məxsusdur.
1997-ci lidə Mədəniyyət
və İncəsənət
Universitetinin rejissorluq
fakültəsini bitirdikdən
sonra "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində
rejissor kimi çalışan həmsöhbətim
25-dən çox sənədli filmə quruluş verib. Bu sırada xalq
şairi Fikrət Qoca haqqında çəkdiyi "Mən
kiməm", həmçinin
fərqli mövzuları
əhatə edən
"Şair haqqında
ballada", "Zərif
nəfəs", "Əziz
Əliyev olduğu kimi", "Nehrəmli qız", "Qədim hamamlar", "İsmayıl
bəy Qutqaşınlı",
"Bizim qəribə
taleyimiz", "Tərəkəmə", "Ağ rəngin melodiyası"
və başqa sənədli ekran işləri xüsusi yer tutur. Rejissor
Azərbaycan kinosunun hazırkı vəziyyəti,
gənclərin istedadını
realizə etmək imkanları barədə fikirlərini bölüşərkən
bu gün milli kinonun bir
çox ciddi problem içərisində
olduğunu önə
çəkdi: "Düzdür,
kino sahəsində müxtəlif müsabiqələr
keçirilir. Eyni zamanda ölkə prezidentinin kinonun inkişafı ilə bağlı verdiyi sərəncama əsasən
kinoda müəyyən
irəliləyişlər hiss
olunur. Bütün bunlar kinonun böhrandan çıxması
üçün yetərli
olmasa da, hər halda, müəyyən irəliləyişlərə
imkan verir. Sovetlər Birliyinin süqutundan sonra kino ənənələrimizin
sıradan çıxması,
uzun müddət davam edən keçid dövrü kinomuzun inkişaf tempini çox zəiflətdi. Ancaq son illər Mədəniyyət və
Turizm Nazirliyi kino sahəsinin dirçəldilməsi üçün
xeyli işlər görür. Son dövrdə çəkilən
rejissor Rövşən
Almuradlının "Cavad
xan" və Ramiz Fətəliyevin
"Hökmdarın taleyi"
filmlərini müasir
Azərbaycan kinosunda hadisə hesab edirəm. Ümumilikdə
isə kinomuzun vəziyyəti ağırdır.
Konkret olaraq kinonun başlıca problemi maliyyə vəsaitinin çatışmamasıdır.
Bütün məsuliyyəti
dövlətin üzərinə
atmaq düz olmaz. Özəl sahə də kinonun inkişafına maraq göstərməlidir".
Rejissorun fikrincə,
kinonun əsas problemlərindən biri də texniki avadanlıqların və quruluşçu rəssam,
səs operatoru, səs rejissoru, kinomontajçı kimi vacib kadrların azlığıdır: "Bədii filmləri çəkmək üçün
Azərbaycanda dünya
standartlarına cavab verən modern kino avadanlığı yox dərəcəsindədir.
Əslində bütün
bu problemlərin kökü yenə də maliyyə problemindədir. Ümid edirik ki, ölkə
prezidentinin sərəncamına
uyğun olaraq bu problemlər Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən tədricən
aradan qaldırılacaq
və kinomuz öz reabilitasiya dövrünün başa
vuraraq əvvəlki şöhrətini, dəyərli
ənənələrini bərpa
edəcək".
E.Zeynalov bu
fikirdədir ki, nəsillər arasında münasibətlərdəki arzuolunmaz
çalarlar, digər
sahələr kimi, kinoda da mövcuddur:
"Müəllimim - xalq
artisti Eldar Quliyev deyirdi ki, biz Həsən
Seyidbəylidən estafet
kimi aldığımız
kino ənənələrini
siz gənclərə
ötürə bilmirik.
Ona görə ki, bu ənənələr
artıq yoxa çıxıb. Ortada sanballı, gözəgörünən
heç nə yoxdur. Müəllimimin bu fikri ilə
həmrəyəm. Ancaq
bir məsələni
də deməliyəm
ki, gənclərə
geniş meydan verilməlidir. 3-cü dəfədir
ki, "Bu meydan, bu ekran"
kino müsabiqəsində
iştirak edirəm, hər dəfə də ancaq sənədli
filmlə təmsil olunuram. Axı gənclərə özünü
tam realizə etmək üçün lazımi şərait yaradılmalıdır. Gənclərin
nəyə qadir olduğunu bilmək üçün onlara bədii film çəkmək şansı
verilməlidir".
Arzusunu həyata
keçirərək bədii
film çəkməkdə
E.Zeynallının qarşısını
kəsən əsas maneə vəsait qıtlığıdır. Ancaq
digər problemlər də var: "Fikrimcə, bu yöndə əsas problem gənclərə etimad göstərilməməsi
və kinonun qeyri-peşəkarlara tapşırılmasıdır. Qeyri-peşəkarlıq problemi, bir çox
sahələrdəki kimi,
kinoda da özünü göstərir.
Efirdə bol-bol yayımladığı səviyyəsiz
kliplər rejissor işinin ucuzlaşdırılmasından
xəbər vermirmi? Professional rejissorları bəlkə də tanıyan yoxdur, amma bəzi müğənnilərin bayağı
mahnılarına 1-2 günün
içində zövqsüz,
səviyyəsiz "kliplər"
çəkən "klipmeykerlər"in adını çoxları əzbər
bilir. Mən və bu sənətin təəssübünü
çəkən başqa
həmkarlarım isə
əsl sənətə,
kinoya olan məhəbbəti ucuz şoulara xərcləmək
istəmirik. Şəxsən
mən dünya ekranlarına çıxacaq
bədii film çəkmək arzusundayam.
Fürsət düşən
kimi ilk işim Ağa Məhəmməd Şah Qacar haqqında bədii film çəkmək olacaq. Hazırda Qarabağ problemini əks etdirən "İpək yolu" və qaçqınlıq
həyatının insanın
psixologiyasına vurduğu
mənəvi zərbələrdən
bəhs edən "Bu çayın suyu lilli" adlı bədii film üçün ssenarilərim hazırdır.
Çox acınacaqlıdır
ki, gənc rejissorlara sınaq filmi çəkməyə
icazə verilmir, amma kino təhsili
olmayan, hətta deyərdim ki, kinodan bixəbərlərə
bədii film çəkmək tapşırılır.
Belə anlaşılır
ki, Mədəniyyət
və İncəsənət
Universitetinin kino sahəsi üzrə verdiyi diplom etibarsızdır, yaxud mənə kino sənətinin incəliklərini
öyrədən xalq
artisti Eldar Quliyevin verdiyi təhsil yararsızdır?
Bu qaranlıq mətləblər məndə
hədsiz təəccüb
hissi doğurur. Belə davam etsə, əlbəttə
ki, kinomuzun inkişaf edib müasir dünya səviyyəsinə cavab verməsi üçün
əsrlər lazım
olacaq".
525-ci qəzet.- 2008.-
1 iyul.- S. 7.