Samirə

 

 

Rüstəm İbrahimbəyov: Bizim düşmənlərimiz Ermənistan rəhbərliyi, ordusu və siyasətçiləridir

 

30-cu Moskva Beynəlxalq Kinofestivalında Ukraynada yaşayıb-yaradan kinorejissor Roman Balayanın Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkdiyi "Cənnət quşları" filmi müsabiqə proqramı çərçivəsində nümayişlənib. Filmin çəkilişlərinə sərf olunmuş 17,5 milyon Ukrayna qrivnasının 70 faizini ölkənin Mədəniyyət Nazirliyi ödəyib. Erməniəsilli rejissorla neçə ildən bəri davam edən əməkdaşlığa son qoymamasından narahat olan həmvətənlərinə isə Rüstəm İbrahimbəyovun cavabı belədir: "Ssenarini 15 il öncə yazmışam. Roman Balayan filmin mövzusunu seçərkən Dmitri Savitskinin "K. üçün vals" kitabından bəhrələnib. Mən əsərlə tanış olandan sonra əməkdaşlığa razılıq verdim. Burda hadisələr ötən əsrin 80-ci illərində Ukraynada baş verir. Hadisələrdə ermənilər iştirak edir, azərbaycanlılar. Mən anlaya bilmirəm ki, Ukrayna vətəndaşı olan erməniəsilli rejissorla birgə fəaliyyət nəyə görə belə neqativ reaksiya doğurur. Yalnız vəhşilər belə fikirləşə bilərlər. Erməni xalqı bizim düşmənimiz deyil. Bizim düşmənlərimiz Ermənistanın rəhbərliyi, ordusu siyasətçiləridir. Biz hər yerdə bəyan etməliyik ki, erməni xalqı ilə düşmənçilik etmirik. Biz Qarabağı qaytarmaq istəyirik biz buna o ərazilərin əhalisi ilə birlikdə nail olacağıq. Bizim siyasətimiz elə qurulmalıdır ki, erməni Azərbaycan xalqı bir-birinə düşmən gözü ilə baxmasın. 10-15 ildən sonra hamımız deyəcəyik dostuq, qardaşıq. Bu çox çətin məsələdir. Biz ermənilərlə düşmənçilikdən danışmaqla öz ziyanımıza hərəkət etmiş oluruq. Ermənilər etiraf edirlər ki, Azərbaycana qayıda bilməzlər, çünki azərbaycanlıları sevmirlər. Buna görə biz bəyan etməliyik erməni xalqına, sadə erməniəsilli insana qarşı nifrət hissimiz yoxdur. Biz erməni ordusu ilə mübarizə etməliyik. Biz bu situasiyadan danışıqlar yolu ilə olmasa, hərbi yolla çıxacağıq..."

 

Həftə içi.- 2008.- 1 iyul.- S. 8.