Aktyor və rejissor Ramiz Əzizbəylinin 60 illik yubileyinə
2008-ci il iyulun 20-də tanınmış
aktyor və rejissor Ramiz Əzizbəylinin 60 yaşı
tamam olur. Ömrünün çox
hissəsini teatra və kinoya həsr etmiş istedadlı sənətkar
Azərbaycanın görkəmli
sənət ustaları
Möhsün Sənani,
Ağadadaş Qurbanov,
Hökumə Qurbanova,
Əliağa Ağayev,
Leyla Bədirbəyli,
Adil İsgəndərov
və neçə-neçə
səhnə korifeyləri
ilə çiyin-çiyinə
çalışıb və
onların təcrübəsindən
bəhrələnərək kino, teatr və
televiziyada müxtəlif
səpkili, parlaq və tamaşaçı
tərəfindən sevilən
obrazlar yaradıb və filmlərə quruluş verib.
Əzizbəyli Ramiz Hacıağa oğlu Bakıda ziyalı ailəsində anadan olub və uşaq
yaşlarından aktyorluq
sənətinə meyl
göstərərək, həyətdə,
məktəbdə, dərnəklərdə
təşkil olunan tamaşalarda, sonralar isə televiziyanın uşaq verilişlərində
fəal iştirak edib. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Mədəni-maarif
fakültəsini bitirərək
"Azərbaycanfilm" kinostudiyasında
fəaliyyətini davam
etdirib, irili-xırdalı
30-a yaxın bədii filmdə, "Mozalan" satirik kinojurnallarında yadda qalan və
sevilən obrazlar yaradıb, 1000-dən çox
xarici filmlərin Azərbaycan dilinə dublyajına əmək sərf edib.
1987-ci ildə
"Debüt" studiyasında
çəkdiyi "Pirverdinin
xoruzu" qısametrajlı
bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb
və ilk çəkdiyi
film ona uğur gətirib. Film bir neçə
Beynəlxalq kinofestivalda
müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində
keçirilən Ümumittifaq
festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.
1992-ci ildə yeni iqtisadi münasibətlərin
formalaşdığı bir
zamanda Ramiz Əzizbəyli tamaşaçıya
və bazara hesablanmış "Bəxt
üzüyü" tammetrajlı
bədii filmini çəkdi. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni
tariximizdə çəkilən
ilk ən gəlirli kino işi kimi
yadda qaldı.
Film Daşkənddə keçirilən
Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında
xüsusi diploma layiq görüldü. Rejissor kimi
çəkdiyi son bədii
filmi olan "Yalan" Qarabağ probleminə, onun törətdiyi faciələrə
həsr edilib.
Əməkdar artist fəxri adına
layiq görülmüş
Ramiz Əzizbəyli Kinematoqrafçılar İttifaqının
və Professional Kinorejissorlar
Gildiyasının üzvü
olaraq milli kinematoqrafıyanın ictimai
həyatında fəal
iştirak edən,
ADMİU-nun dosenti kimi,
gənc kadrların hazırlanmasına, formalaşmasına
öz töhfəsini
verən, həmkarları
və dostları arasında nüfuza, hörmətə malik sənətçidir.
Hörmətli və əziz həmkarımızı
60 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq.
525-ci qəzet.- 2008.- 19 iyul.- S. 27.