Babayeva T.

 

Ramiz Əzizbəyli: "60 yaşı haqlasam da, kino üçün hələ cavanam"

 

Adı çəkiləndə istər-istəməz üzlərdə xəfif bir gülüş yaranır. Onu təqdim etmək üçün uzun-uzadı söhbətə, növbətçi sözlərə ehtiyac yoxdur. Onun adi jestləri, mimikası tamaşaçını sağlam gülüşə kökləyir. Söhbət xalq artisti Ramiz Əzizbəylidən gedir. Bu günlərdə sənətçi 60 yaşını qeyd edib. Biz də bu münasibətlə Ramiz müəllimin ömür və yaradıcılıq yoluna nəzər salmaq üçün onun özü ilə görüşüb, söhbətləşdik. Sənətçi öz yubileyini yaxınlarının əhatəsində keçirdiyini dedi.
- Ad günümü qohumlarımın əhatəsində keçirdim. 20 iyul həm də bacımın nəticəsinin doğum günüdür. Mən 60, o isə 1 yaşını qeyd etdi. Odur ki, bundan sonra ad günümü xüsusi təntənə ilə keçirmək fikrim yoxdur estafeti balaca Sabirə ötürürəm.
- Bu illər ərzində qeyd etdiyiniz ad günlərindən ən yaddaqalanı hansı olub?
- 50 yaşım tamam olanda yalnız dostlarımı bir yerə yığıb, 150 nəfərlik süfrə açmışdım. Bir bayram təntənəsi qurmuşdum və məclisdə elə bir ab-hava yaratmışdım ki, qonaqlar özlərini tam sərbəst hiss etsinlər. Amma ən yaddaqalanı o idi ki, ad günümü "Yaşıl bağ" adlanan restoranda keçirirdim. İki yanğınsöndürən maşın gətirdib həmin bağın qocaman ağaclarını yudurtmuşdum. O ağacların üzərində az qala bir əsrin tozu vardı. Yuyulandan sonra xüsusən Eldar şamı çox gözəl görünürdü.
- Adətən, doğum günündə insanlar keçilmiş, yaşanmış dövrə, günlərə nəzər salır, özlərinə hesabat verirlər. Ramiz Əzizbəyli 60 yaşın astanasından geri baxanda özünü necə hiss edir?
- Məsuliyyətli adamlar nəinki ildən-ilə, saatdan-saata özlərinə hesabat verirlər. Dönüb geri baxmasan, gördüyün işləri çıxdaş etməsən, pis əməllərin üçün heyfslənməsən, yaxşı əməllərin üçün sevinməsən, yaxşını-pisdən ayıra bilməsən, növbəti illərdə necə yaşamaq olar? Yaradıcılıq baxımından çox işlər görsəm də, 15-20 illik fəaliyyətsizliyimə görə özümü qınayıram. Hərdən mənə deyirlər ki, Ramiz müəllim, sən o qədər işlər görmüsən, özünü niyə qınayırsan? Mən o işləri qırx, qırx beş yaşıma qədər görmüşəm. Bəs, bundan sonra iş görməməliyəm? Axı, mən yaşayıram. Yaşadığım illərin hamısında da yaratmalıyam. Ümumiyyətlə isə, bu illər ərzində xalqın qəbul etdiyi, sevdiyi, dəyərləndirdiyi işlərimin hamısı ilə fəxr edirəm. Elə bir işim olmayıb ki, ona görə peşmançılıq hissi keçirim. Bundan sonra da ortaya pis məhsul qoymağa ixtiyarım yoxdur.
- Siz əsasən kino aktyoru kimi tanınır, sevilirsiniz. Bir neçə tamaşada çıxış etsəniz də, daimi olaraq teatrda çalışmamısınız...
- 1979-cu ildə Musiqili Komediya Teatrına dəvət olunmuşdum. Amma o dövrdə onların iş xüsusiyyəti, prinsipləri məni qane etmədi. Mən islahatı xoşlayan adamam. Dünyada sudan saf nemət yoxdur, o da bir yerdə çox qalanda bulanır. Sənətdə də müəyyən dövrlərdə islahatlar etmək lazımdır. O dövrün sənətkarları bunu bəyənmədilər, qəbul etmədilər. Mənə çətin oldu, qayıtdım kinoya. Amma hansısa teatr məni aktyor qismində bir tamaşaya dəvət edəndə, getmişəm. Məsələn, beş il bundan əvvəl Gənclər Teatrında "Axırı sakitlikdir" adlı tamaşa qoyulmuşdu. Mən həmin tamaşada 75-80 yaşında bir kişi obrazını yaratdım. Çox ağır tamaşa idi. O tamaşaya baxan teatrsevərlər indiyə qədər məni görəndə kövrəlirlər. Hətta bir polkovnik mənə dedi ki, tamaşa çoxdan oynanılıb-qurtarsa da, sənin üzünə soyuqqanlıqla baxa bilmirəm. Bu tamaşanı iki premyera oynadım, sonra gördüm ki, ürəyim ağrıyır, tamaşadan imtina etdim. Realist yaradıcılığa üstünlük verdiyim üçün səhnədə hər şeyi həqiqətən yaşayıram, üzdən oynaya bilmirəm. Bu da çox realist əsər idi. Keçən il isə dahi Üzeyir bəyin 120 illiyində, C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında "O olmasın, bu olsun" tamaşası hazırlandı. Mən bu tamaşada Məşədi İbad rolunu ifa etdim. Mətbuatda oynadığım bu rolu "Əsrin Məşədi İbadı" adlandırmışdılar. Çünki mən Məşədi İbadı gülüş, tənqid, satira hədəfi kimi göstərməmişdim. Bu yanaşma sosializm dövründən qalıb. Məşədi İbada nə olub? İndiki dövrdə çoxları Məşədi İbaddır. Mən də indiki dövrün Məşədi İbadını oynadım. Partituraya baxanda gördüm ki, mənə qədər bu obrazı yaradan aktyorlar notda gəzişmələr ediblər, onu öz səslərinə uyğunlaşdırıblar. Amma mən dahi Üzeyir bəyin orijinalda yazdığı səslə oxudum. Bu tamaşanı da iki-üç dəfə oynadım. Çünki mənim gördüyüm, təklif etdiyim Məşədi İbad klassik üsluba uyğunlaşmadı. Müəyyən çətinliklər ortaya çıxdı. Bundan sonra da ola bilər ki, hansısa bir tamaşada oynadım. Hamletə gücüm çatmaz. 60 yaşım var, Hamlet isə həddindən artıq çevik roldur. Amma, məsələn, Şekspirin "Kral Lir" əsərini hazırlasalar, böyük məmnuniyyətlə Kral Liri ifa edərdim.
- Özünüz tamaşa qoymaq istərdinizmi?
- Mən Mədəniyyət və İncəsənət Universitetində rejissorluq, akytorluq sənətindən dərs deyirəm. 2003-cü ildə oranın müəllim heyətilə filosof, dramaturq Firuz Mustafanın "Əqrəb bürcü" tamaşasını qoymuşdum. Deyilənlərə görə, maraqlı alınmışdı. Əgər teatrlar dəvət etsələr və bəyəndiyim, duyduğum, özəlləşdirə bildiyim bir əsər, ideya olsa, ona quruluş verərəm.
- Kinoda necə, bir layihəniz varmı?
- Hazırda heç bir iş üzərində çalışmıram. Biz kino sahəsinin adamlarıyıq, nazirlik bizə film həvalə edəndə çəkirik. İndi kinorejissorların sayı çox olduğu üçün nazirlikdə çalışırlar ki, heç kim kənarda qalmasın. Tədricən hamıya film çəkmək imkanı yaratmaq istəyirlər. 2005-ci ildə lentə aldığım "Yalan" bədii filmindən sonra gözləmə mövqeyindəyəm. Ola bilər, bu il, ya gələn il mənə də film çəkmək imkanı verilsin. Hələliksə nazirliyə təqdim etmək üçün müəyyən ssenarilər üzərində işləyirəm. 60 yaşımı haqlasam da, kino üçün hələ cavanam. İçimdə deyiləsi sözüm çoxdur, onları realizə edə bilməmişəm.
- Son illərdə çəkilən filmlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
- Mən bu suala nə qədər birmənalı cavab versəm də, başqa cür qiymətləndiriləcək. Yalnız onu deyə bilərəm ki, bu gün Azərbaycanda kino dilini bilən üç rejissor var. Qalanları "kino-kino" oynayır.
- Bəs, gənclərin potensialını necə qiymətləndirirsiniz?
- Düzü, hələ mən kino çəkə biləcək gənc görmürəm. Bir nəfərə - Emin Mirabdullayevə böyük ümid bəsləyirəm. Mən onun "Halal pullar" kommersiya filmində çəkilmişəm. Həmin dövrdə onun yığdığı materiallara, montaj üslublarına diqqət etdim və gördüm ki, kino sənətində danılası mümkün olmayan qanunları bilir. Onun bir neçə klipini də görmüşəm, bəyənmişəm. İndi özünü böyük kinoda sınamaq istəyir.
- Dediniz ki, kino çəkə biləcək gənclər yoxdur. Bunun səbəbi nədədir? Özünüz də Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Bəlkə, problemi təhsildə axtarmaq lazımdır?
- İndi Mədəniyyət və Turizm Nazirliyi gənclərin film çəkməsi üçün hər bir şərait yaradır. Böyük həvəsi olan gənclərimiz var. Onlar müəyyən müsabiqələrdə mükafat da alıblar. Amma onların daha yaxşı nəticələr göstərə bilməməsinin səbəbi universitetdəki maddi-texniki bazanın zəif olmasından irəli gəlir. Tələbələr diplom işini təhvil vermək üçün özləri vəsait və avadanlıqlar tapır, böyük çətinliklərlə üzləşirlər. Tələbə dörd il oxuyub, əziyyət çəkir. Müəllim də onun əziyyətini və həvəsini nəzərə alıb ona qiymət yazır. Amma bu o demək deyil ki, o artıq rejissordur. Həm nəzəri, həm də praktik bilikləri artırmaq lazımdır. Bu, təlimdir. Müəyyən fəndləri öyrənməyən adam döşəyə çıxıb necə güləşə bilər? Universitetin dörd divarı arasında təhsil alan tələbə sonra biliyini təcrübədə sınamalı, vərdişlərini illərlə cilalamalı, inkişaf etdirməlidir. Savadımızı, təcrübəmizi artırmasaq, xaricə çıxmasaq, işbirlikləri yaratmasaq, dünya kinosundan bəhrələnməsək, dövri kino cərəyanlarının sirlərini öyrənməsək, uğur əldə edə bilmərik.
- Qarşıdan Kino Günü gəlir. Arzunuz...
- Mənim arzum budur ki, səlahiyyətli vəzifələrdə çalışan kino işçiləri özləri qədər özgələrini də sevsinlər. Bizim hörmətli nazirimiz kinonu həddindən artıq çox sevən bir insandır. İnanıram ki, hörmətil Əbülfəs müəllim yaşımı, yubileyimi nəzərə alıb, mənə də film çəkmək imkanı yaradacaq. Çünki mən bir yerdə qala-qala saflığımı, şəffaflığımı itirə bilərəm…

 

Xəzər.- 2008.- 26 iyul.- S. 18.