Ramiz Əzizbəyli:
“Tamaşaçıların sevgisini qazandığıma
görə xoşbəxtəm”
Dəyərli
kino xadimi, tanınmış aktyor və rejissor respublikanın
əməkdar artisti Ramiz Əzizbəyli ilə onun 60 illik
yubileyi ərəfəsində söhbətləşdik. 60
illik ömrün müxtəlif mərhələlərinə
bizimlə birgə nəzər salan Ramiz Əzizbəyli
həyatı, fəaliyyəti, dünyaya baxışı haqqında
fikirlərini də bölüşdü.
- Ramiz müəllim, seçdiyiniz
sənətə ailəniz necə münasibət
bəsləyib?
- 10 yaşımda atam Hacıağa
Əzizbəyov rəhmətə gedib. Evin kiçiyi idim, ona
görə də ailədə qayğı ilə çox
yüklənməmişəm. Sənət yolumu özüm
müəyyənləşdirmişəm. 10 yaşından
başlayaraq yaradıcılıq fəaliyyətinə
başlamışam. Sənətdə öz işimi
görmüşəm, öz fanatlarımı
qazanmışam. Mənə o zamanlar kənardan "unikal
uşaq" deyiblər. Uğur həmişə mənə
yol yoldaşı olub.
- "Bəxt üzüyü" filmi
populyarlığınızı daha da artırıb. Bu film
şöhrətinizə nə əlavə edib?
- "Bəxt üzüyü"nü mən
yaratmışam, o məni yaratmayıb. Həmin filmi
çəkənəcən mən "Pirverdinin xoruzu"
filmimlə artıq tanınırdım. Lakin
"Bəxt üzüyü" mənim
populyarlığımı pik həddə
çatdırdı. Bu film mənim xalq arasında reytinqimi
artırdı. Adıçəkilən filmdə məxfi
kodlar şəklində elə maraqlı epizodlar var ki, baxanlar
hər dəfə maraqlı bir nüans tapdıqlarını
deyirlər. Fəxrlə qeyd edim ki, mənim "Bəxt
üzüyü" filmimi respublikamızın
hüdudlarından kənarda da bəyənirlər. Mən
həmişə göz qabağında olan insanam. Heç
vaxt populyarlığını itirməyən
sənətkaram. Bu, mənəm-mənəmlik deyil. Heç
bunu xoşlamıram da. Heç vaxt
"mənəm-mənəm" deməmişəm. Yalnız
ehtiyac hiss olunanda özümü yada salmağı
xoşlayıram. Böyüklüyüm
böyüklüyə can atmamağımdadır. Xalqın
mənə olan sevgisi, etimadı mənə xalqın
mandatını verib. Başqa ad nəyimə gərəkdir?
Əsas xalq məhəbbətidir, onu da qazanmışam.
- Həyatda və sənətdəki rolunuz
barədə nə düşünürsünüz?
- Səhnədən fərqli olaraq heç vaxt
həyatda oynamamışam. Səhnədə cəllad da,
qapıçı da, şah da olmuşam, amma həyatda
yalnız yaxşı insan olmağa
çalışmışam. Rol oynayanda aktyor kimi heç bir
çətinlik çəkməmişəm. Lakin bir istisna
var: 2003-cü ildə yazıçı-dramaturq Elçin
Hüseynbəylinin tərcüməsində Val de Marın
"Axırı sakitlikdir" əsərini mərhum rejissor
Hüseynağa Atakişiyev benefis tamaşam kimi
səhnələşdirib. Baş rolu - atanı
oynadığım tamaşanın mövzusu qocalmış
ata-analarına baş çəkməyən, onlara laqeyd
yanaşan övladların dramıdır. Gənclər
Teatrında tamaşaya qoyulan bu əsərdəki baş rolumu
ifa edərkən o qədər psixoloji gərginlik
keçirirdim ki, iki dəfə premyeranı oynadıqdan sonra
roldan imtina etdim. Çünki hər dəfə tamaşadan sonra
özümə gələ bilmirdim. Bu rolu oynamaq
mənəvi baxımdan mənə çox çətin
olmuşdu.
- Hansı rolu oynamaq arzusu ürəyinizdə
qalıb?
- Kimsəsizlərə, ehtiyacı olanlara,
arxa-dayaqsızlara mənəvi və maddi kömək
göstərən bir xeyriyyəçinin rolunu yaratmaq
istərdim. Bu mənim daxili dünyama çox yaxın bir rol
olardı.
- Bir yaradıcı olaraq, sizin aləminizdə
rejissor kimdir? Siz bir rejissor kimi istəyinizə
çatmısınızmı?
- Bizim ölkəmizdə həmişə
rejissor ssenari müəllifindən sonra ikinci plana keçirilən
bir insan olub. Bunun səbəbi ideoloji amillə
bağlıdır. Ssenari müəllifinə
üstünlük verilməsi onun yazdığına təsir
imkanı ilə düz mütənasib olub. Amma əslində,
- bu dünya praktikasında da belədir - ərsəyə
gələn filmin əsas müəllifi rejissordur.
Düzdür, ssenari müəlifinin də rolu
danılmazdır, ancaq ekran əsərinə həyat verən
rejissordur. Rejissorluq bir sənət kimi çox unikaldır.
Rejissora da iş prosesində şair kimi vəhy gəlir.
İş prosesində hansısa kadrı
çəkəndə improvizasiya çox köməyimə
yetişib. Nəzərdə tutduğumdan fərqlənən
kadrlar da çəkmişəm və filmə baxış
zamanı bu çox seçilib. Rejissor
başqası üçün görünməz bir epizodu
görməyi bacarmalıdır və filmdə
hadisələrin gələcək inkişafı
üçün o epizoddan istifadə etmək
ustalığına sahib olmalıdır . O, ekstremal situasiyalarda
fantaziyasını işə salmaqla canlı surətdə
rəsmi çəkən rəssamdır. Rejissorluq
elmdir, rejissorluq təhsili almadan səviyyəli film
çəkmək qeyri-mümkündür. Təhsil almadan
yaxşı şair, yazıçı, rəssam,
idmançı olmaq mümkündür, amma rejissor yox. Rejissora azad seçim verilməlidir, o, özü
bilər kimə hansı rolu tapşırmaq lazımdır.
Özüm bir rejissor kimi bunu dərk edərək heç bir
rejissora "məni filan rola çək" deyə
bilmərəm, çünki bir rejissor kimi
işləməyə başlayanda heç bir
məsləhəti qəbul etmirəm. Əsl rejissor
tamaşaçını öz arxasınca aparmağı
bacaran şəxsdir. Ağıllı
tamaşaçının qarşısında
məsuliyyət hiss edirəm, böyük mənada isə
ondan da qorxmuram. Əslində rejissor qorxmamalıdır.
Çünki bu mənəvi qorxunu tamaşaçı hiss
etsə, rejissorun ərsəyə gətirdiyinə inanmayacaq.
Rejissor hər hansı bir ekran əsərində minimum 2-3
elmlər doktorunun işini görür. Hazırda
Mədəniyyət və İncəsənət Universitetinin
dosentiyəm, rejissor-aktyor sənətindən dərs
deyirəm. Tələbələrimə öyrədirəm
ki, rejissor - bədii-yaradıcılıq təfəkkürünün
məhsuluna əsaslanmaqla kütləni inandıraraq,
onların etimadını qazanaraq arxasınca aparan
şəxsdir. Özüm də belə qəbul edirəm.
Hər bir ailədə "Bəxt üzüyü"
sevimli filmdirsə, ona yorulub-usanmadan baxırlarsa, deməli,
mən bir rejissor kimi öz istəyimə
çatmışam.
- Sizin həyatınızda kinonun yeri
nədən ibarətdir?
- Kino mənim həyatımın ayrılmaz
parçasıdır. Kino bütün sənətlərin
fövqündə duran və bütün sahələri
özündə birləşdirən sintetik sənətdir.
Bu baxımdan kino sənətində müxtəlif elm
sahələri birləşir. Hər hansı bir filmi
çəkmək üçün o filmlə bilavasitə
bağlı olan elm sahəsinin hər bir incəliyinə
bələd olmasam, çəkə bilmərəm.
Azərbaycanda kinonun indiki durumu ağırdır. Bu, həm
də kinoya olan münasibətlə bağlıdır.
Xaricdə mənə film çəkmək təklif
etsələr, məmnuniyyətlə çəkərəm,
çünki orada maddi-texniki baza çox güclüdür.
Yaxşı film araya-ərsəyə gətirmək
üçün yaxşı avadanlıq da, maliyyə də
olmalıdır. Kinoya münasibət dəyişməlidir.
Dövlət kinoya qayğını artırıb, ancaq kinonun
inkişafı üçün özəl sektor da maraqlı
olmalıdır. Əsas problemlərdən biri də kinoprokat
sisteminin olmamasıdır. Film çəkənlər onun
nümayişindən nəinki qazanc götürə, heç
öz xərcini də çıxara bilmir. Bazar
iqtisadiyyatında kino üçün tıxac yoxdur,
maliyyə olsa, kinonu inkişaf etdirmək olar. Kino ümumxalq
işidir. Bu gün gürcü kinosunun dünyaya
çıxması, tanınması onların bir millət
olaraq kinoya ciddi yanaşmasının, kinonu böyük siyasət
kimi qəbul etmələrinin nəticəsidir. Onlar kinonu
problem kimi ortaya qoyaraq onun həlli üçün hər
şeyi etdilər. Buna görə də kinoda
sıçrayış baş verdi.
- Bu qədər kinoya can
qoyanların müqabilində Azərbaycan kinosu niyə Oskar
mükafatı ala bilmir?
- Çünki bu mükafatın da
ətrafında "Eurovision" musiqi yarışması,
"Nobel" mükafatı kimi siyasi oyunlar oynanılır,
siyasi alver gedir. Əsl kinonun inkişafı naminə
hərdən düzgün nəticələr də olur
- yəni düzgün oyun oynayırlar.
- Əgər "düzgün oyun
oynayacaqlarını" bilsəydiniz, hansı filminizi Oskar
mükafatına təqdim edərdiniz?
- Hər üç filmimi - "Pirverdinin
xoruzu", "Yalan" psixoloji dramını və
"Bəxt üzüyü" komediyasını.
- Çəkə bilmədiyiniz,
yarımçıq qalan ekran əsəriniz varmı?
- İki filmim yarımçıq qalıb. Biri
Zeynəb Xanlarova fenomeni haqqında olacaqdı. Film
"Azərbaycan səhnə qadını" adlanacaqdı.
Dünya şöhrətli müğənninin həyat və
fəaliyyəti bu filmdə öz əksini tapacaqdı.
Bəzi kadrlar da çəkilmişdi, hazır idi. Amma
1990-cı il 20 yanvar hadisələrindən sonra Zeynəb
xanım bu filmin çəkilişindən imtina etdi. Bu filmin yarımçıq qalmasına çox
təəssüflənirəm. İkinci film isə Ramiz
Rövşənin "Ölü kimdir, diri kim" ssenarisi
əsasında hələ indiyədək toxunulmayan bir
mövzu barəsində olacaqdı: Əkiz qardaşlar
haqqında olan mövzunun nağıl variantını
Əlisəttar Atakişiyev "Qərib cinlər diyarında"
filmində işləmişdi. Biz işləmək
istədiyimiz mövzu fərqlənirdi: çar
imperiyasının ölkələri işğal etməsi,
Qafqaza iddiası, xalqları müstəmləkə halına
salmasından bəhs edirdi. Vətən, millət probleminin
qabardıldığı ssenarinin ekran həlli də çox
maraqlı olacaqdı. Əfsuslar olsun ki, hər iki film yarımçıq
qalıb.
- Böyük kinoda özünüzü
kiməsə bənzədirsiniz?
- Məndə Çarlz Çaplinə
oxşarlıq var. Komediya filmi içərisində
faciəviliyi göstərə bilmək ona xas idi. Cəlil
Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında
çəkdiyim "Pirverdinin xoruzu" filmi buna parlaq
misaldır. Bu baxımdan mən Azərbaycan kinosunun Çarlz
Çapliniyəm. Beynəlxalq festivalda Almaniyaya fəxri
dəvət almış "Pirverdinin xoruzu"na görə
"Klassik milli mövzuya ən müasir rejissor
baxışı" nominasiyası üzrə baş
mükafata sahib olmuşam. Analoqu olmayan
hadisədir ki, festival boyu film iki dəfə ekranda təkrar
nümayiş olunub. Elə
həmin festivalda dedilər ki, bu filmdən Çaplin
üslubunun ətri gəlir.
- Bədii yaradıcılıqla da
məşğul olursunuz. Bu sizin üçün hobbidir, yoxsa?...
- Bədii yaradıcılıqla
məşğul olmağımı bəlkə də
ictimaiyyətin əksər hissəsi bilmir. Ancaq
hərdən dövri mətbuatda hekayələrim,
şeirlərim çap olunub. Bədii
yaradıcılığı hobbim də hesab etmək olar.
Müxtəlif mövzulara üz tuturam. Mən öz qəhrəmanımı
tapmamışam. Peşəkar yazarlar kimi
qələm götürüb hər hansı mövzunu
işləməmişəm. Hekayə
və şeirlərim də improvizasiyanın məhsuludur.
Oturub hansısa mövzu ətrafında
fikirləşmirəm. "Qırmızı
tramvay", "Mıx", "Düyməcik", "O
səhər", "Yuxu" hekayələrim dövri
mətbuatda vaxtaşırı işıq üzü görüb.
İndiyədək kitab nəşr etdirmək
barəsində düşünməmişəm. Ancaq yazdıqlarımı bəlkə də 60 illik
yubileyimlə əlaqədar kitab şəklində
nəşrini istəyərdim. Hələ
bu barədə qəti fikrə gəlməmişəm.
- Bəlkə oxucularınızı şair
Ramiz Əzizbəyli poeziyasından bir nümunə ilə
- Özümə şair deməzdim, amma
şeirlərimdən birini məmnuniyyətlə oxuculara
təqdim edirəm:
Bu dünyada biz də vardıq,
Adam kimi adamlardıq,
Şeytanları yamanlardıq,
İştah apardı bizləri.
Bu nə zaman, nə macaldı?
Bu da bir sayaq əcəldi,
Nəfsimiz bizə güc gəldi,
Tamah apardı bizləri.
Daş üstünə daş qoymadıq,
Vətən üçün baş qoymadıq,
Nə dost, nə yoldaş qoymadıq,
Rifah apardı bizləri.
Halal qismət ola-ola,
Haram yığdıq sağa-sola.
Gələmmədik doğru yola,
Günah apardı bizləri.
Fani ömür getdi yelə,
Gecə ikən tövbə elə,
Kərim Allah bəlkə elə
- Dövlət və xalqdan umduğunuzu
almısınızmı?
- Xalqdan umduğum tamaşaçı sevgisidir
ki, onu da qazanmışam. Dövlət də
yeri gəldikcə mənə umduğumu verib. Lakin 60 yaşa çatmağıma baxmayaraq,
hələ də xalq artisti adı almamağım, prezident
təqaüdünə layiq görülməməyim
hərdən məni kədərləndirir. Bütün bunlara baxmayaraq özümü
küncə dığırlanıb itmişlərdən hesab
etmirəm. Gec-tez dövlət tərəfindən
əsl qiymətimi alacağıma ümidvaram. Dövlətin qayğı və diqqətindən
tam məhrum da deyiləm. İnanıram
ki, 60 illik yubileyim münasibətilə bu diqqət daha da
artırılacaq. Gileylənmirəm,
heç bunu xoşlamıram da, amma hər halda layiqincə
qiymətləndirilmək sənətkara
yaradıcılıqla daha yaxşı məşğul olmaq
üçün stimul verir. Tamaşaçı
sevgisi bu yaşıma qədərki ən böyük
qazancımdır. Bu məhəbbəti
qoruyub saxlamağa çalışıram.
-Siz həm də xeyriyyə işlərilə
məşğulsunuz...
- Bəli, "Adəm" Beynəlxalq
Xeyriyyəçilər Assosiasiyasının birinci
vitse-prezidentiyəm. Əlimə
düşən 5 manatın 4 manatını ehtiyacı olana
verirəm. Baxmayaraq ki, Allah-taala
"tapdığın 5 hissənin birini sədəqə
ver" buyurub. Bu assosiasiyanın əsas
məqsədi, kimsəsiz uşaq və qocalara, ehtiyacı
olanlara yardım etməkdir. Bu
xüsusiyyət mənə valideynlərimdən,
qardaşlarımdan keçən mənəvi keyfiyyətdir.
- Keçən 60 il
ərzində axtardığınız həqiqətə
yetişdinizmi?
- Mən öz böyüklüyümü
kiçikliyimdə tapmaqla ən böyük
həqiqətə yetişmişəm. Tanrı
dünyanı insan üçün yaradıb. Mənim yolum müəyyənləşib - insana
məhəbbət. Daxilən
sufiliyə-hürufiliyə meyl hansısa kitabdan
gəlməyib, bunu mənə Allah fitrən və həyat
təcrübəsi nəticəsində bəxş edib.
Bu həqiqəti anlamaqda mənə
kömək etdiyi üçün Tanrıma minnətdaram.
Mənim içimdə həm də bir
tərkidünyalıq var. Hər hansı bir kütləni
dəyərləndirmək üçün o
kütlədən kənara çıxmaq lazımdır.
Kənardan baxan göz həqiqəti daha
yaxşı seçir. Mənim islam
və digər dinlər haqqında bilgilərimi bəy
nəslindən olan atamdan əxz eləmişəm. O, dövrünün
poliqlotu idi. Ərəb, fars, türk
dillərini mükəmməl bilirdi. Sovet
dövründə ateizmin tüğyan edən zamanında o,
Əli Fəhmi ilə bərabər Qurani-Kərimi
tərcümə etməklə məşğul olub. Daxilən çox azadam. İndiyədək
bu azadlığı qoruyub saxlamışam. Daxili azadlığım elə hüdudsuzdur ki,
mən hərdən özüm-özümü
buxovlayıram. Mənə Tanrı tərəfindən
insanı sevmək kimi ali duyğu
bəxş edilib. Bu baxımdan
axtarışında olduğum həqiqətə
çatdığımı deyə bilərəm.
Bütün millətləri sevirəm, bizə qarşı
son dərəcə düşmənçilik mövqeyi tutan
bir xalq istisna olmaqla, bütün xalqlara məhəbbətim
var. Ümumilikdə götürdükdə isə heç
bir fərq qoymadan küll halında bəşəri
sevirəm:
Mən kiməm -
cahanda bəşərin biri,
Mən kiməm -
bəşəri yaşadan həyat.
Mən kiməm -
ölülər yanında diri,
Dirilər yanında
ölü kimi zad.
- 60 yaşdan dönüb geriyə baxanda
nəyə təəssüflənirsiniz, nəyə
sevinirsiniz?
- Təkcə ona təəssüflənirəm
ki, kinoyla bağlı bir çox arzularımı, enerjimi tam
realizə edə bilməmişəm. Heç
bir əməlimə görə peşmançılıq
hissi keçirmirəm. Tamaşaçıların
sevgisini qazandığım üçün sevinirəm, buna
görə xoşbəxtəm.
525-ci qəzet.- 2008.- 19 iyul.- S. 26.