Abbasov P.

 

Şimali Kiprə sakitlik üçün getmişəm


Cavanşir Quliyev: "İndi adamın fiziki olaraq harada olmasının heç bir əhəmiyyəti yoxdur"

 

Beynəlxalq Mətbuat Mərkəzində görəndə ilk ağlımdan keçən o oldu ki, ondan müsahibə götürmək maraqlı olardı. İki il yarımdır Şimali Kipr Türk Cümhuriyyətindəki ali təhsil ocaqlarından birind dərs deyən bəstəkar Cavanşir Quliyev 20 günə yaxındır ki, Bakıdadır. Bir gün öncə isə Vaqif Bayatlı Odərin kitabının təqdimat mərasiminə gəlmişdi. Cavanşir Quliyev "siyasətdən sual vermə, qalan soruşursan-soruş" şərtilə müsahibəyə razı oldu. Təqdimat mərasiminə qədər bəstəkar "Xalq Cəbhəsi"nin bəzi suallarını cavablandırdı...

- Orada Yaxın Doğu (Yaxın Şərq) Universitetinin Səhnə Sənətləri fakültəsində musiqi fənləri üzrə professoram. Afrikaya yaxın bir yer olduğundan Kiprdə hava istidir. Ancaq buna baxmayaraq, işləmək istəyən adam üçün şərait yaxşıdır. Universitetdə müəllim üçün , tələbə üçün hər bir şərait var. İşlərim çox rahat gedir. Bundan əlavə, boş vaxtlarımda yazı-pozularımla da məşğul oluram.
- Şimali Kiprdə maddi baxımdan dolanışıq necədir?
- Maddi baxımdan normaldır. Orada universitetdə professor işləyən bir adamın maddi problemləri olmur. O demək deyil orada kasıb yoxdur, yəqin kasıb adamları da var, ancaq mən küçədə dilənçi-filan görmürəm. İnsanların nisbətən varlısı kasıbı var. Ancaq universitet müəllimi, dediyim kimi xüsusilə professor vəzifəsində olan şəxslər orada normal yaşayır. Bildiyimə görə, Azərbaycanda professorun maaşı 121 manatdır. Orada təbii ki, professorlar bu qədər almır, çox alır.
- Bayaq dediniz ki, boş vaxtlarınızda yazı-pozuyla məşğul olursunuz. Şimali Kiprdə bəstələdiyiniz musiqiləri kimlərsə oxuyurmu?
- Orada yox. Şimali Kiprin əhalisi cəmi 250 min nəfərdir. Müqayisə üçün deyim ki, əhalisi təxminən Bakının bir mikrorayonu qədərdir. Musiqi kollektivləri, müğənniləri yoxdur. Məsələ burasındadır ki, Şimali Kiprdən çıxan müğənnilər orada deyil, Türkiyədə fəliyyət göstərirlər. Şimali Kiprin özündə musiqi həyatı çox kasaddır. Əsasən kənardan gələn müğənnilərin qastrol səfərləri çərçivəsində konsertləri olur. Bu da adətən yay fəslində olur. Mən əvvəlcədən bütün bunları bilirdim, heç ora gedəndə Şimali Kipr müğənniləri üçün musiqi bəstələmək niyyətiylə yollanmamışdım. Niyyətim o idi ki, zamanım sakit olsun, boş vaxtım çox olsun bu zaman yaradıcılıq planlarımı həyata keçirim. Bunu da etdim. Artıq iki il yarımdır ki, oradayam, bu müddətdə bir balet bir simfoniya, onlarla mahnılar yazdım, həmçinin başqa əsərlər yazmışam yazıram.
- Bəs yazdığınız mahnıları kim oxuyur?
- Hələlik heç kim. Burada (Azərbaycada - P.A.) oxumaq istəyən olsa təqdim edərəm, baxmayaraq ki, mən özüm buna o qədər can atmıram. Çünki Azərbaycanın mahnı təsərrüfatındakı indiki ab-hava adamı heç həvəsləndirmir ki, nəsə edəsən. Ancaq yazıram. Çünki belə deyək, bal gətirən arıya deyə bilməzsən ki, gətirmə, mənim evdə balım çoxdur. Arıya bunu desən həmişə bal gətirəcək. Çünki bu, onun işidir. Bəstəkarın da işi musiqi yazmaqdır, oxunar-oxunmaz, bu başqa məsələdir. Əsas odur ki, yazırıq...
- Azərbaycandan zəng edən olurmu?
- Əlbəttə, dost-tanışlar, qohum-əqrabalar zəng vurur. İndiki zamanda - İnternet zamanında heç zəngə ehtiyac yoxdur. İndi adamın fiziki olaraq harada olmasının heç bir əhəmiyyəti yoxdur.
- Bəs mahnılarınızı oxuyan məşhur müğənnilər necə, sizə telefon açırmı?
- Brilliyant Dadaşova Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar olaraq gəlib universitetin böyük salonunda gözəl bir konsert verdi. Fürsətdən istifadə edib sizin qəzet vasitəsilə ona bir daha təşəkkürümü bildirmək istəyirəm ki, bizi qırmadı, təklifimizi qəbul edib gəldi.
İlahə Fəda isə keçən il gəlib konsert vermişdi. Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlı gəlmişdi. İndi bəzi müğənnilərlə danışıq aparıram, təklif edirəm ki, gəlib Şimali Kiprdə konsert versinlər. Bilirsiniz, yol uzaqdır, ona görə yol xərci ağır olur. Bu səbəbdən hər müğənni gəlib orada konsert verə bilmir.
- Bakıya tətilə gəlmisiniz?
- Tətilə gəlmişəm, yəqin ki, avqust-sentyabr aylarında yenidən Şimali Kiprə qayıdacam.
- Azərbaycana birdəfəlik qayıtmaq fikriniz yoxdur ki?
- Müsahibələrimin birində demişdim ki, "mən bura gəlməyə hər saniyə hazıram". Diqqət yetirin, ali məktəblərdə ildə iki dəfə tətil olur, mən iki dəfə bura gəlirəm. Siz yəqin xaricdə işləyən ikinci azərbaycanlı müəllim tapmazsınız ki, hər tətildə bura gəlir. Tətildə mənim qədər Azərbaycanda qalan müəllim yoxdur. Bu o deməkdir ki, mən imkan düşən kimi Azərbaycana gəlirəm, çünki ürəyim buradadır. Mən ora qazanc dalınca getməmişəm. Qazanc dalınca gedən şəxs ildə iki dəfə gəlməz. Çünki yol uzaqdır, yol xərci çoxdur. Mən Şimali Kiprə sakitlik üçün getmişəm. Çünki ömür gedir, planlar həyata keçirilməmiş qalır. Onları qədər ki, canımızda su var həyata keçirmək lazımdır. Kiprdə bu şəraiti tapdım. Ama təbii ki, bütün fikrim, bütün düşüncələrim Azərbaycandadır.
- Burada həmin sakitliyi tapmaq olmurdu?
- Azərbaycanda həmin sakitliyi tapmaq olmur, sizlər qoymursunuz.
- Yəni kimlər? Jurnalistlər?
- , jurnalistlər (gülür). Ümumiyətlə burada tədbirlər çox olur. Bu isə yaradıcı adama mane olur. Kiçik olsa bir tədbir olarsa həmin gün yazmaq olmur.
- Şimali Kiprdə bizimkilərə qarşı münasibət yaxşı olmalıdır...
- Bizlərə münasibət çox yaxşıdır, Kıprıs xalqı bizi çox sevir. Azərbaycandan ora cəmi bircə dəfə təyyarə uçub, hələ bu barədə sevinə-sevinə danışırlar. Onlarda bir kompleks var. Yəni tanınmamış bir dövlətin vətəndaşı olan insanlar gecə-gündüz tanınmaq arzusu ilə yaşayırlar. Tanınmağın nümunəsini haradasa - bazarda, dükanda, aerorportda, təyyarədə görəndə çox sevinirlər. Azərbaycanın ora bircə təyyarəmizin uçması bir növ bizim onları tanımağımız anlamına gəldiyi üçün bizə minnətdardırlar, təşəkkürlərini bildirirlər bunun davamını gözləyirlər. Yəni, Azərbaycandan daha bir təyyarə gözləyirlər. Mənə tez-tez deyirlər ki, " oldu, bu uçak niyə gəlmir?" Mən bəzi şeylər uydururam, deyirəm olacaq, hazırlıqlar gedir.
- Türkiyəylə Şimali Kipr arasında fərq görürsünüz?
- Şimali Kiprdə daha çox demokratiya var. Orada avtomobillərin sükanı sağ tərəfdədir, yollar bizimkinin tamamilə əksinədir. Ən çox hörmət etdikləri xarici pul ingilis funtudur. Orada ingilis yaşam tərzi kök salıb. Orada bir-birinə qışqıran iki insan görməmişəm. O demək deyil ki, bir-birləri arasında problemləri yoxdur. Yəqin ki, var, ancaq bunu qışqırıqsız, qanuni yolla həll edirlər. Çox rahat
yaşayan bir cəmiyyətdir

 

Xalq cəbhəsi.- 2008.- 2 iyul.- S. 13.