Ağaoğlu T.
Muğamlarımız dünyanı
heyrətləndirir
Milli musiqi
sərvətimizin nümunələrindən olan muğam
sənətinin yaranışı qədimdir. İlk
ifaçıları isə daim ehtiramla xatırlanır, yad
edilirlər. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski,
Seyid Şuşinski, Ağabala Abdullayev, Yaqub Məmmədov,
Əbülfət Əliyev və başqalarından
qalmış səs yadigarları bu gün də
həvəslə, maraqla dinlənilir.
Muğama qayğı son illər daha da artmışdır.
Mahir muğam ifaçıları bu sənəti dünyada
tanıtdırırlar. Onlardan biri də xalq artisti,
məlahətli səsiylə şöhrət qazanmış
Alim Qasımovdur. Görkəmli xanəndə yaxın
günlərdə növbəti qastrol səfərindən -
Yaponiyadan qayıdıb. O dedi:
- Dünyanın çox ölkəsində qastrol
səfərində olmuşam. Xalq mahnıları,
təsniflər, muğamlar oxumuşam. Dilimizi
bilməyənlər də ifalarımdan zövq alıblar.
Yaponiyaya gedəndə isə müəyyən qədər
tərəddüd keçirirdim. Amma ifa zamanı yaponiyalı
dinləyicilərin kövrəlməsini görəndə
daha da ürəkləndim.
Səhnədə özümü doğma mühitdə
olduğu kimi hiss edirdim. İfalarım alqışlarla
qarşılanırdı. Sanki möcüzəli bir
aləmə düşmüşdüm.
Tamaşaçılar, dinləyicilər səhnəyə
çıxır, bizlərə gül dəstələri
verir, tar-kamana diqqətlə, heyranlıqla baxırdılar.
Səmimi alqışları, qarşılanmanı görəndən
sonra növbəti dəfə də bu ölkəyə
səfər edəcəyimə vəd verdim.
Milli musiqimizi tanıtdırmaq, sevdirmək üçün
hər bir ifaçı var gücü ilə
çalışmalıdır. Bu baxımdan xalq artisti Alim
Qasımovun yaradıcılığı təqdirəlayiqdir.
Azərbaycan.- 2008.- 27 iyul.- S. 4.