Alim Qasımov: Yaponların muğama qulaq asıb
ağlayacağını gözləmirdim
Azərbaycanın xalq
artisti Alim Qasımov qızı Fərqanə Qasımova
ilə birgə iyulun 13-21-də Yaponiyanın Osaka və Tokio
şəhərlərində konsert proqramı ilə çıxış
edib.
Xalq artisti APA-ya bu konsertin
yaradıcılığında yeni bir mərhələ
olduğunu bildirib: “Minillik mədəniyyəti olan Uzaq
Şərqdə Azərbaycan muğamlarının necə
qarşılanacağı özüm üçün də
maraqlı idi. Açığı,
alqışlar gözləyirdim,
amma yaponların ağlaması heç ağlıma gəlməzdi.
Onlar öz hisslərini büruzə verməyi xoşlamayan xalqdır, heç yaslarında da ağlamırlar, amma bizim xalq mahnılarımızı,
muğamları heyrətlə,
göz yaşları ilə qarşıladılar”.
Gündoğan ölkədə
səhnənin və akustikanın fərqliliyi isə xanəndəni heyrətləndirib: “Səhnədə
özümü doğma
bir aurada, çox rahat hiss etdim. Texniki
tərtibat yüksək
səviyyədə idi,
ilk avazdan elə bil səsim
də açıldı.
Musiqimizin Avropada, ABŞ-da təsirini görmüşdüm, amma
Yaponiya konserti sanki bir möcüzə
idi. Konsertdən sonra yaxınlaşıb tara, kamançaya qiymətli bir əşya kimi baxırdılar”.
A. Qasımov bu konsertin biletlərinin 2-3 ay əvvəl satıldığını söyləyib:
“Qiymətlər də
çox baha olub, amma hamısı
satılıb. Azərbaycanın
Yaponiyadakı səfiri
üçün yalnız
bir bilet əldə etmək mümkün olub, onun ailəsi də heç konsertdə iştirak edə bilməyib”. Onu da qeyd
edək ki, xanəndənin gələn
il Yaponiyada böyük konsert proqramı nəzərdə
tutulub.
İki sahil.- 2008.- 24 iyul.- S. 6.