Ağaoğlu T.
Arxivi olmayan xalqın
keçmişi qaranlıqdı
"Arxiv
işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın
tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə
ki, tariximizi təhrif edənlərin qarşısını almaq
üçün çox
mühüm amildir".
Heydər Əliyev
Respublikamızda arxiv
quruculuğu çətin, enişli-yoxuşlu yol
keçmişdir. Bu da təşadüfi deyil. Qədim
dövlətçilik tarixinə, mədəniyyətinə
malik ölkəmiz strateji əhəmiyyətli region kimi
zaman-zaman yadelli işğalçıların diqqətini
cəlb etmiş, vaxtaşırı aramsız və
amansız hücumlara, basqınlara məruz qalmışdır.
Ərazilərimiz müxtəlif dövrlərdə
mübarizə, döyüşlər, çarpışmalar
meydanına çevrilmişdir. Əlbəttə, belə
qarşıdurmalar vəziyyətində bir çox qanlı
faciələr, müsibətlərlə yanaşı, milli
sərvətlərimiz, tarixin olaylarından soraq verəcək
sənədlər də basqınçılar
tərəfindən daşınıb aparılmış,
talan edilmişdir. Hazırda dünyanın bir çox muzey
və arxivlərində xalqımıza mənsub xeyli
ədəbiyyat, incəsənət nümunələrinin
saxlanılması fikrimizin sübutudur.
Ötən əsrin
ikinci onilliyinə qədər Azərbaycanda milli-mənəvi
sərvətlərin toplandığı ünvan - arxiv
olmamışdır. Ölkəmizdə bu
xoşməramlı işin əsası 1920-ci il dekabr ayının
6-da Respublika İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun
imzaladığı "Vahid dövlət arxiv fondunun
yaradılması və Xalq Maarif Komissarlığı
yanında mərkəzi dövlət arxivinin təşkili
haqqında" dekretə əsasən qoyulmalı idi.
Təəssüf ki, obyektiv səbəblərdən həmin qanunun
özü də it-bata düşmüşdür. Sovet
hakimiyyətinin siyasəti çox vacib məsələlər
kimi, onun da "yoxa" çıxmasına, yaxud
dondurulmasına səbəb olmuşdur. Daha sonra qanlı
repressiyalar, ikinci Dünya müharibəsinin başlanması
arxiv sənədlərinin toplanılmasını, olanların
da mühafizə edilməsini unutdurmuşdur.
Lakin hər
çətinliyə dözüm gətirən insanlar ən
dar məqamda xalqının, doğma millətinin
sabahını düşünüblər. Milli-mənəvi
dəyərlərimizin qeyrət, şərəf simvolu kimi
xatırlanan çəfakeş tədqiqatçı Salman Mümtaz
- onun özü də repressiyanın qurbanlarından biri olub -
belə insanlardan idi. Dövlət Ədəbiyyat və İncəsənət
Arxivi ulu öndər Heydər Əliyevin
təşəbbüsü və sərəncamı ilə
S.Mümtazın adını daşıyır. Onun minbir əziyyətlə
topladığı sənədlər, əlyazmalar müasir
dövrümüzdə bəlkə də ən qiymətli
ləl-cəvahir xəzinəsindən üstündür.
Hazırda respublikamızda
6 dövlət arxivi, onların 15 filialı, Naxçıvan
Muxtar Respublikasının Dövlət Arxivi, 55 rayon və
şəhər dövlət arxivləri fəaliyyət
göstərir. Onlardan biri də mərkəzi S.Mümtaz
adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxividir. Burada bir çox
şəxslərin ictimaiyyətə məlum olmayan
əsərləri, əlyazmaları, özləri haqqında
xatirələr toplanıb. Arxivdə şəxsi fondların
sayı 700-dən çoxdur. Əziz-xələf əmanət
kimi mühafizə olunan yadigarların sayı isə milyondan
artıqdır. Bu qurumun yaranmasına dair respublika Nazirlər
Soveti 1965-ci il iyul ayının 17-də qərar qəbul etmişdir.
Fondların yaradılması barədə arxivin direktoru,
əməkdar mədəniyyət işçisi Maarif Teymur
dedi:
- Dövlət
Ədəbiyyat və İncəsənət arxivinin fondlarında
xalqımızın XIX əsrdən başlamış
çağdaş dövrümüzə qədər
yaşayıb-yaratmış çoxlu söz-sənət
ustaları, elm xadimləri haqqında sənədlər,
onların yaradıcılıqlarından, ictimai-siyasi
fəaliyyətlərini əks etdirən nümunələr,
faktlar toplanmışdır. Ən qiymətli və nadir
sənədlər arasında böyük şairimiz Mirzə
Ələkbər Sabirin 1907-ci ildə "Bəhlul"
jurnalının redaksiyasına göndərdiyi məktub,
Üzeyir bəy Hacıbəyovun 1913-cü ildə
Sarabskiyə və sonralar Ceyhun Hacıbəyova ünvanladığı
məktub, Əbdürrəhim bəy Haqverdiyevin
əlyazmaları, Səməd Vurğunun, Hüseyn Cavidin
xatirələrini yaşadan qeydlər, Cəlil
Məmmədquluzadənin 1917-ci ildə Təbrizdə
səhnəyə qoyulmuş "Ölülər" pyesinin
əlyazması, ümumiyyətlə, əksər ədib
və şairlərimizin yadigarları qayğı ilə
mühafizə olunur.
Arxivdə zəngin
fondlardan biri uzun müddət Moskva Dövlət Universitetinin
professoru, ədəbiyyatşünas, tərcüməçi
mərhum Əziz Şərifə aiddir. Xalqımızın
ədəbiyyat və incəsənətə sevgisini yaşadan,
təxminən yüzillik tarixini əks etdirən bu fondda
elə unikal sənədlər, məktublar var ki, onların
heç birinə laqeyd, etinasız baxmaq mümkün deyil.
Əziz müəllimin 1910-cu ildən ömrünün son
gününə qədər yazdığı gündəliklər,
vaxtilə topladığı "Molla Nəsrəddin",
"Dəbistan", "Gələcək", "Dan
ulduzu", "İşıq yolu" və başqa
qəzet-jurnal qovluq komplektləri də xalqımızın
ötən əsrin birinci yarısında
mədəniyyət, incəsənət tarixini
öyrənmək üçün qiymətli mənbədir.
Milli teatr, səhnə
sənətimizin tərəqqisində, inkişaf edib bu
günümüzə çatmasında əvəzsiz
xidmətləri olmuş rejissor və aktyorların da
şəxsi fondlarını yaratmışıq. Yüz
nəfərdən artıq teatr xadimləri haqqında
geniş, əhatəli materiallar toplaya bilmişik. Bu
sənədlər əsasında xeyli ziyalımız
dissertasiya müdafiə edib, elmi dərəcələr
alıblar.
Azərbaycanda milli
musiqinin inkişafında böyük Üzeyir bəy
Hacıbəyovun xidmətləri haqlı olaraq tarixin səhifələrinə
qızıl hərflərlə yazılıb. Bənzərsiz
şəxsiyyətin, sənətkarın
yaradıcılığı, ayrı-ayrı adamlara
göstərdiyi qayğı barədə
topladığımız sənədlərlə tanış
olanda düşünürsən: insanda bu qədər saf-sağlam
düşüncə, təmiz əqidə, mərhəmət,
xeyirxahlıq hardan imiş?! Arxivimizdə çalışan
hər bir əməkdaş kimi mən də qürur hissi
duyuram ki, Üzeyir bəydən qalan yadigarları toplaya
bilmişik və onların qorunmasında sadiq olmuşuq,
olacağıq da! Bu əmanətləri gələcək
nəsiliərə sevgiylə, ehtiramla,
başucalığı ilə çatdıracağıq.
Tədqiqatçılar unudulmaz sənətkarlarımızdan
Fikrət Əmirovun, Tofiq Quliyevin, maestro Niyazinin, Qənbər
Hüseynlinin, Xan Şuşinskinin, Şövkət
Ələkbərovanın, Sara Qədimovanın, Rübabə
Muradovanın və başqalarının zəngin fondlarından
istifadə edə bilərlər. Kinemotoqrafiya sahəsində
çalışan mütəxəssislərimizi də
unutmamışıq. Arxivimizdə ekran əsərlərinin
çəkilişində, hazırlanmasında xidmətləri
olan sənətkarların şəxsi fondlarını
təşkil etmişik.
Arxivdə xalq
yaradıcılığına aid xüsusi bölmə
yaratmışıq. İstənilən faktı,
sənədi əldə etmək, onlarla tanış olmaq
mümkündür. Bu sahə üzrə uzun illər
fəaliyyət göstərmiş
mütəxəssislərin gərgin axtarışları
sayəsində tapılmış və onların
şəxsi qovluqlarında saxlanılmış dastanlar,
nağıllar, zərb-məsəllər, atalar sözləri
arxivimizi daha da zənginləşdirmişdir.
Bir neçə
sənət toplularından ibarət fondlar da
yaratmışıq. Ədəbiyyat xadimləri toplusunda
Səməd Vurğun, Məsud Şeyxzadə,
Böyükağa Talıblı, Aşıq Valeh,
Ənvər Yusifoğlu, Süleyman Rəhimov, Əli Vəliyev,
Əlfı Qasımov və başqalarının
sənədləri, yaradıcılıqları haqqında
orijinal mənbələr, əlyazmalar, faktlar
tədqiqatçılara yetərincə material verə
bilər. İncəsənət xadimləri toplusunda isə
Əlibəy Hüseynzadəyə, İsmət
Səfərəlibəyova, Adil İsgəndərova,
Səfər Turabova, Çingiz Sadıxova və
başqalarına aid sənədlər də var.
Xalqımız ikinci
dəfə dövlət müstəqilliyi qazandıqdan sonra
vaxtilə xarici ölkələrə mühacirət
edərək illər boyu yurd həsrəti çəkən,
Vətənə qayıtmaq arzusu ilə yazıb-yaradan Ceyhun
Hacıbəyli, Almaz İldırım, Abay Dağlı,
Əlibəy Hüseynzadə, Timurçin Hacıbəyli,
Səlim Turan, Yusif İsmayıl və başqalarının
həyat yolundan, talelərindən xeyli xarakterik
nümunələr əldə edə bilmişik.
Əlbəttə, bütün bunlar ulu öndər Heydər
Əliyevin və onun kursunu layiqincə dayam etdirən cənab
Prezident İlham Əliyevin qayğısı sayəsində
mümkün olmuşdur.
Arxivimizin bir saylı
fondu mərhum yazıçı-pedaqoq Mir Cəlal
müəllimin adına açılıb. O,
ədəbiyyatımızın, incəsənətimizin
qədrini uca tutanlardan biri olmuşdu. Hər vaxt
ədəbiyyatşünas-alim Əziz Şərifin adı
hörmətlə çəkilir. Onun yaddançıxmaz
xatirəsi çoxları üçün doğmadır.
Fondumuzda saxlanılan xatirə albomunda Əziz müəllim
yazıb: "...Arxivi olmayan xalqın keçmişi
qaranlıqda qalar. Gələcəyi təşkil etmək,
gələcək üçün hazırlanmaqdan ötrü
mütləq keçmişi öyrənmək
lazımdır".
Azərbaycan.- 2008.- 17 iyul.- S. 5.