Arifə

 

Klassik musiqini sevənlər yenidən bir araya gəliblər

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən "Klassik musiqini sevənlər" klubunun Avropa klassik musiqisinə həsr edilmiş toplantısı keçirilib. Maestro Niyazinin ev muzeyində düzənlənən toplantıda klub üzvləri "Azərbaycanda klassik musiqinin yayılma mənbələri" mövzusunda çıxış ediblər.
   Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova bu cür yığıncaqların klubun təsis edildiyi vaxtdan hər həftə çərşənbə günləri təşkil olunduğunu, klub iştirakçılarının təşəbbüsü ilə gerçəkləşən toplantılarda seçilən müxtəlif mövzulara dair maraqlı müzakirlər aparıldığını bildirib. O, klubun ilk toplantısının dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyilə əlaqədar olduğunu diqqətə çatdırıb. A.Bayramova klassik musiqinin özəlliklərindən danışaraq Azərbaycanda Avropa musiqi ənənələrinin XIX əsrin sonu, XX əsrin əvvəllərindən təşəkkül tapdığını qeyd edib: "O dövrdə musiqi alətlərinin əksəriyyəti Almaniyadan gətirilir, Avropa ölkələrindən bir sıra musiqiçilər Azərbaycana gəlirdi. Avropa klassik musiqisinin təsiri nəticəsində Azərbaycanda klassik musiqi əsasən iki istiqamətdə formalaşmışdı. Sırf Avropa musiqisi ilə yanaşı milli musiqimizlə, muğamla sintez təşkil edən kompozisiyalar yaranmağa başlamışdı. Bu proseslər Azərbaycanda klassik musiqiçilər nəslinin yetişməsinə təkan verdi".
   Musiqişünas Raya Abbasova hazırda Azərbaycanın zəngin klassik musiqi ənənələrini davam etdirən istedadlı gənclərin olduğunu önə çəkib. Bəstəkarlarımızın musiqinin inkişafındakı xidmətlərindən danışaraq Azərbaycanın Avropanın dünya şöhrətli musiqiçiləri barədə təəssüratlarını iştirakçılarla bölüşdü.
   Sonda konsert proqramı ilə çıxış edən "Badu-Kubə" simli kvarteti Cavad Tağızadənin rəhbərliyi ilə Hendel, Mosart, Şopen, Brams, Molkolm başqa bəstəkarların əsərlərini səsləndirib.

 

525-ci qəzet.- 2008.- 4 iyul.- S. 7.