Almaniyada
Azərbaycan muğamı
dərsləri
Cahangir
Səlimxanov: "Belə
bir uğur mədəniyyətimizin qarşısında
yeni perspektivlər açır"
"Almaniyada Azərbaycan mədəniyyəti
- 2008" festivalı çərçivəsində
keçirilən müxtəlif
proqramlar sırasında
iyunun 23-ü və
25-i tarixlərində baş
tutmuş "Muğam:
səslər və sədalar" adlı silsilə konsertlər eksperimental layihə olaraq uğurla keçib. Layihənin təşəbbüskarlarından
biri olan musiqişünas, Avropa Mədəniyyət Parlamentinin
üzvü Cahangir Səlimxanovun "Həftə
içi" qəzetinə
bildirdiyinə görə,
layihənin gerçəkləşməsinə
şərait yaradan tərəfin şərtinə
görə, Azərbaycanın
klassik musiqi irsi olan muğam
sənəti və ölkənin muğamdan
bəhrələnən müasir
kamera musiqisi və caz ifaçılığı
almaniyalı sənətsevərlərə
və mütəxəssislərə
təqdim olunmalıydı.
C.Səlimxanov: "Məsələ
belə qoyulmuşdu ki, bu janrlar
ayrı-ayrılıqda
təqdim olunmalı idi. Bu isə xüsusi
yaradıcı bir həllin tapılmasını
qaçılmaz edirdi
- konsertlər ifa olunan musiqinin mahiyyətinə və daxili strukturuna xələl gətirmədən,
əlavə elementlərdən
cüzi dərəcədə
istifadə olunmaqla hər iki proqram
müəyyən gizli
süjet əsasında
qurulmuş fasiləsiz
tamaşa formasında
meydana çıxdı.
Tərtib edilmiş proqramı ifa etməkdən ötrü
"Contempo" kamera
ansamblının üzvləri
kimi gözəl ifaçılar cəlb olunmuşdular." Birinci konsert-tamaşa "hermetik",
özü-özlüyündə
mükəmməl bir
sistem olan müasir avanqard musiqi aləmini muğam aləmi ilə qarşılaşdıraraq Xəyyam Mirzəzadə, Elmir Mirzəyev, Firəngiz Əlizadə, Oleq Felzer, İsmayıl Hacıbəyov, Rəhilə
Həsənovanın bəstələrini
təqdim edib. Gənc bəstəkar Rüfət Xəlilov isə məxsusi olaraq bu layihə
üçün "İntizar"
əsərini bəstələmişdi.
C.Səlimxanov: "Konsert-tamaşanın quruluşuna görə, əvvəlcə mobil telefonun diktofonuna yazılmış və zalda asta səslənən
musiqi sədasının
ardınca gələn
tarın səsi musiqiçilərin mobil telefonlarına təkidlə
gələn zənglərin
səs siqnalları kimi eşidilir. Bundan sonra isə
tar ifaçısının
konsert məkanına canlı müdaxiləsi baş verdi: tarzən zalın foyesində əyləşib
"öz sözünü
deməyə başladı".
Konsert-tamaşanın
sonuna yaxın ifaların hamısı daha çox muğam intonasiyasını
özündə ehtiva
etməyə başladı.
Finalda Qərb musiqi alətləri ilə tarın müştərək ifası
bu dialoqun apogey nöqtəsi ola bilərdi. Lakin dialoq fikirlərin
və ideyaların qarşılıqlı mübadiləsi
deməkdir. Bizim konsert-tamaşada isə tarzən bütün salondan keçərək mobil telefonundan səslənən
bas-klarnetin solo ifasını özü ilə apardı". İkinci proqramda 2 gənc xanəndə - Güllü Muradova və Babək Niftəliyev - dinləyici ilə birlikdə muğamı dərketmə
yolunu keçir.
Tamaşa boyu onlar ifa tərzlərinə
uyğun olaraq geyimlərində zərxara
effektli qızılı
rəngdən tədricən
mənəvi paklıq
və müdriklik rəmzi kimi qəbul edilən ağ rəngə keçirlər. Proqramın muğam hissələri
arasında caz pianoçusu eşitdiyi musiqiyə münasibətini
lirik şərhlər
vasitəsilə çatdırırdı.
Sona yaxın isə o, ümumi
ahəngə qoşulur
- muğam triosunun üzvləri ifalarını
bitirib aram-aram səhnəni tərk edəndən sonra da tənha qalmış
cazmen şikəstənin qulaqlarda hələ də cingildəyən sədasını
bir az da
uzatmağa çalışır".
Təəccüblü deyil
layihənin Münhendəki
təqdimatı qeyri-adi
hərarətlə qarşılanıb.
Konsert-tamaşalar 200 yaşlı
Gözəl Sənətlər
Akademiyasının tələbkar
və məlumatlı
auditoriyaya malik olan mötəbər salonunda baş tutub. Dinləyicilərin istəyi ilə xanəndələrimiz "Qarabağ
şikəstəsi"ni
də ifa ediblər. C.Səlimxanov
bizimlə söhbətində
vurğuladı ki,
"belə bir uğur eksperimentin digər ölkələrdə
də maraqla qarşılanacağına zəmanət
verir və Azərbaycan mədəniyyətinin
müasir anlayışlara
cavab verən innovativ tərzdə təqdim olunması imkanları barədə dərindən düşünmək
zərurətini
xatırladır".
Həftə içi.-
2008.- 5-7 iyul.- S. 8.