Rəhimli İ.

 

Gələcəyi görmək qüdrəti

 

Ötən əsrin yetmişinci illərində Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev bölgələrdə təsərrüfat fəallarının müşavirələrini keçirirdi. Müşavirədən əvvəl bölgədəki rayonların taxıl zəmilərinə, pambıq tarlalarına, üzüm plantasiyalarına və digər təsərrüfat obyektlərinə baxış keçirirdi. Problemləri yerindəcə araşdırıb əlaqədar nazirliklərə müvafiq göstərişlər verirdi. Mən onda "Kommunist" qəzetində işləyirdim və jurnalist kimi bu səfərlərin bir qisminin iştirakçısı olmuşam. Heydər Əliyev həmin səfərlərə 9-cu və 10-cu siniflərdə oxuyanda İlham Əliyevi də özü ilə götürürdü. İlham Əliyev biz jurnalistlərlə durub-otururdu, hətta bəzən bizimlə nahar edirdi. Elə hansısa təsərrüfatın stanında, qısa fasilələrdə ağac kölgəsində ləzzətlə sərin qarpıza da qonaq olurdu. Özü də deyə-gülə son dərəcə sadə davranışı, təbəssümlü ülfəti ilə məni və həmkarlarımı heyran qoyurdu. Onu da deyim ki, ayrı-ayrı rayon rəhbərləri istinin yeri-göyü az qala oda qaladığı bir vaxtda Heydər Əliyevin oğlunun da burada olduğunu bilmirdilər.
Həvəslə təsərrüfatları gəzən, görülən işləri heyranlıqla və maraqla izləyən bu məktəbli oğlan, ölkə rəhbərinin sevimli övladı təvazökarlığı, sadəliyi, səmimiyyəti və mehribanlığı ilə hamımızın hüsn-rəğbətini qazanmışdı. Sanki o da bizim həmkarımız idi. Ulu öndər yeganə oğlunu torpağa səcdə və məhəbbət, el-obaya hörmət və sayğı, vətənə sədaqət və sevgi, əmək adamlarına rəğbət və ehtiram ruhunda böyüdürdü. Onun uzaqgörənliyi və Allah vergisi olan fəhmi bu gün fərəh dolu heyranlıq doğurur, adamı məftun edib sehirləyir.
Ulu öndər təhsil quruculuğunda ən azı otuz-qırx il sonranı görürdü və buna görə də sabiq SSRİ-nin ən müxtəlif ali məktəblərinə azərbaycanlı uşaqları oxumağa göndərirdi. Hətta rus dilini yaxşı bilməyən savadlı yeniyetmələri də inadla və inamla təhsilə yollayırdı ki, həm elm, həm də dil öyrənsinlər. Bir dəfə tələbələrlə ənənəvi avqust görüşündə ulu öndər öz çıxışında dedi ki, təhsil aldığınız şəhərlərdə müxtəlif xalqların etibarlı övladları ilə dostluq edin. Bu dostluğun bəhrəsini çox sonralar həm siz, həm də vətənimiz görəcək.
Azərbaycanın çağdaş quruculuğunda bilavasitə yetmişinci illərdə Heydər Əliyevin təşəbbüsü ilə oxumağa göndərilmiş insanlar da fəal iştirak edirlər. Məhz Prezident İlham Əliyev də həmin dövrdə Moskvanın ən ali təhsil ocağında oxuyub. Elə buna görə də Prezident ulu öndərin yolunu inamla davam etdirərək təhsilə xüsusi diqqət yetirir. Dövlətin və başda Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fondunun xətti ilə təkcə son beş ildə onlarla yeni məktəb binası tikilib, onlarla təhsil ocağı əsaslı təmir edilib, onlarla yeni tədris korpusları ucaldılıb. Həmin məktəblər müasir texnologiya ilə təchiz edilib.
Cənab İlham Əliyevin uzunömürlü quruculuq proqramlarından biri də məhz xalqın zəka, elm, təfəkkür inkişafını təminatlandırmaqdır. Bu fundamental konsepsiya ulu öndərin yaratdığı qranit dayaqlar üzərində bərqərar olub və yeni-yeni əzəmətli sütunlarla daha da genişlənir. Prezidentin sərəncamı ilə "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007)" uğurla başa çatdırılıb. Təhsildə informasiyalaşma və İKT savadlılığını təminatlandırmağın yeni mərhələsinə inamla qədəm qoyulub.
Bu fundamental proqram-konsepsiyada inkişafın zəncirbənd tərəqqisinin yeni təzahürü kimi "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" təsdiqlənib. Onun əsas müddəaları 2010-cu ilin sonunadək başa çatdırılmalıdır. Buna görə də proqramın bununla bağlı müəssisələrin şəbəkəsi optimallaşdırılır, onların maddi-texniki bazaları möhkəmləndirir, təşkilati, hüquqi və iqtisadi mexanizmlər həmin müəssisələrin səmərəli fəaliyyətinə yönəldilir. Kadr təminatı günü-gündən yaxşılaşdırılır.
Ölkə başçısının tapşırığı ilə "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" hazırlanıb və qətiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə keçən ilin aprel ayında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət və qeyri-dövlət xəttilə xaricdə üç mindən çox azərbaycanlı tələbə təhsil alır. Təhsillə əlaqədar Dünya Bankı, YUNİSEF, Avropa İttifaqı, Avropa Şurası, YUNESKO, İSESKO kimi nüfuzlu təşkilatlarla təhsilin tərəqqisi naminə səmərəli layihələr həyata keçirilir.
Azərbaycan Respublikası 2005-ci ildə Bolonya prosesinə qoşulub. Bu proses vahid Avropa ali təhsil məkanının yaradılmasına xidmət edir. Deməli, ölkəmizdə təhsilin ümumdünya tələbləri səviyyəsində inkişafının yeni perspektivləri üçün geniş imkanlar açılıb.
Ulu öndərin müdrik kəlamını xatırlayıram: "Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur". Proqram xarakterli bu fikir cənab İlham Əliyev tərəfindən yeni vüsət alıb. Cənab Prezidentin sərəncamı ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın fəaliyyəti reallaşdırılıb.
Eramızdan əvvəl qədim yunanların ən vacib dövlətçilik şərtlərindən biri də sağlam vətəndaş yetişdirmək idi. Olimpiyanın vətəni sayılan məmləkətdə idmanın uca tutulması dünya mədəniyyətinə, dünya fəlsəfə tarixinə, dünya teatr sənətinə dühalar bəxş etdi. Çağdaş olimpiya stadionları formasında antik teatr yarandı, onun Esxil, Evripid, Sofokl kimi dühaları ölməz əsərlər yazdılar. Heykəltəraş Fidiyin, filosoflar Pittakın, Epikürün, Platonun, Plutarxın, Aristotelin, Sokratın, Diogenin, Demokritin, Polibinin, Anaksimandrın, Antisfenin, tarixçi-filosof Herodotun, alim-filosof Pifaqorun adları bu gün bəşəriyyətin tərəqqi salnaməsində ehtiram və əzəmətlə xatırlanır.
Hələ Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk illərdə cənab İlham Əliyevin atdığı cəsarətli addımlara şübhə ilə yanaşanlar da vardı. Lakin bu gün dünyanın ən müxtəlif şəhərlərində keçirilən mötəbər yarışlarda idmançıların qələbəsi hesabına üçrəngli bayrağımız qaldırılanda, himnimiz zəfərlə çalınanda yurddaşlarımızın qüruru yerə-göyə sığmır. Elə buna görə də inamla deyə bilərəm ki, Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Qubada, Zaqatalada, Şamaxıda, Masallıda, Ağdam - Quzanlıda dünya standartları ilə tikilmiş olimpiya kompleksləri yeniyetmələrin həvəslə məşğul olduqları müqəddəs təlim məktəblərinə çevrilib. Gəncə, Bərdə, Naxçıvan üzgüçülük mərkəzləri, çoxsaylı idman kompleksləri, Stend Atıcılıq Mərkəzi beynəlxalq səviyyələrdə yarışlar keçirilməsinə tam cavab verir. Adlarını çəkdiyim kompleks və mərkəzlərdə sabahın Avropa, dünya, olimpiya çempionları yetişir.
Ulu öndərin ən qüdrətli fəaliyyət proqramlarından biri quruculuq missiyasını başlamaq, istiqamətləndirmək və onun perspektivlərinin möhkəm təməlini qoymaq olub. Heydər Əliyevin quruculuq missiyasının fəaliyyət mexanizmi ardıcıl idi və onun bəhrələri bu gün göz qabağındadır. Onun təməlini qoyduğu mədəniyyət quruculuğu qırılmaz proses kimi öz-özlüyündə məhsuldardır. Həmin məhsuldarlığın bəhrələrini dadmışıq, dadırıq və daha barlı mərhələləri Prezident İlham Əliyev qətiyyət və inamla, xalqına məhəbbət və ehtiramla həyata keçirir. Ulu öndərdən "Quruculuq missiyası" adlı məqaləmdə yazanda bir alman filosofunun müdrik kəlamını misal gətirmişdim: "Mədəniyyət idarə olunmasa, arxasında külə dönmüş torpaqlar qalar".
Bu gün Azərbaycan milli mədəniyyətinin dövlət səviyyəsində idarə olunub istiqamətləndirilməsi, onun tərəqqi və təkamülünə dövlət qayğısı ölkə Prezidentinin qayə və amalının, dövlətçilik siyasətinin aparıcı qollarından biridir. Ən fərəh doğuranı isə odur ki, Prezident təkcə bu əzəmətli və konseptual mədəniyyətin inkişafı proqramını idarə etmir. O, həmin prosesin bilavasitə içindədir, onun tərəqqi müvazinətini dünya standartlarının ölçüləri ilə daim tənzimləyir, inkişaf üfüqlərinə aydın, əzəmətli, sönməz təfəkkürlə baxır. Azərbaycan dövlətinin tarixində "Teatr haqqında" qanun məhz ilk dəfə cənab İlham Əliyevin prezidentliyi dövründə qəbul olunub. Keçmiş SSRİ respublikaları içərisində məhz ilk dəfə Azərbaycanda teatr sənəti hüquqi aktlarla idarə olunur, onun qanuni dövlət təminatı var.
Prezidentin teatr sənətinə göstərdiyi misilsiz qayğılardan bir neçəsini xatırlatmaq istəyirəm. Əvvəla cənab İlham Əliyev ulu öndərin milli mədəniyyətimizin tarixini və inkişaf mərhələlərini dərindən mənimsəmək vərdişlərini inamla özündə formalaşdırıb. Bu mənimsəmə ona mədəniyyət quruculuğu sahəsində gördüyü və görəcəyi işləri fövqəladə dəyərlərlə süsləndirməyə zəmin yaradır. Prezident İlham Əliyev milli gülüş mədəniyyətinin ənənələrini dərindən bilir. Musiqi tariximiz haqqında gözəl və dərin məlumatı var. Bu sənətin fəlsəfi-psixoloji mahiyyətinin hüsnünü bilir və onun tərəqqisindəki çağdaş sənətçilərin bütün qayğılarına həssaslıqla, ehtiram və rəğbətlə yanaşır. Həmçinin muğam, xalçaçılıq və digər sənətlərimizin bəşəri mədəniyyətin sərvəti kimi təbliğinin ardıcıl və sistemli mexanizmini şərəflə idarə edir.
Akademik Milli Dram Teatrının binası 1960-cı ildə istifadəyə verilib. Əlli ilə yaxın dövrdə fəaliyyət göstərən bina bir dəfə də olsun əsaslı təmirə dayanmayıb. Prezident İlham Əliyevin göstərişi ilə dünyanın ən müasir teatr avadanlıqları, işıq, səs texnologiyaları, səhnənin idarəetmə mexanizmi Bakıya gətirilib. Bina tamamilə yenidən qurulacaq və bu sənət ocağı bütün texniki göstəricilərinə görə Parisin, Londonun, Vyananın, PraqanınE sənət ocaqları ilə rəqabətə girə biləcək.
Yeri gəlmişkən qeyd edim ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının binaları əsaslı yenidənqurmadan sonra tamaşaçıların ixtiyarına verilib. Gənc Tamaşaçılar Teatrında bu işlər tamamlanmaq üzrədir. Respublika sarayı yeni möhtəşəmliklə öz qapılarını açmağa hazırlaşırE
Ölkə Prezidentinin "Azərbaycan teatrının inkişaf etdirilməsi" (30 avqust 2006-cı il) ilə bağlı sərəncamı mədəniyyətimizin səhnə sənəti qolunun inkişaf üfüqləri üçün aydın ənginliklər açmağa
möhkəm zəmin yaradıb.
Bu məqamda ulu Zərdüştün bir aforizmini xatırlamaq lap yerinə düşür. O yazır: "Gözəgörünməz tellər bütün tellərdən bərk bağlayır". Cənab İlham Əliyevin milli mədəniyyətimizin tərəqqisi naminə gördüyü əzəmətli işlərin kökündə ilk baxışda gözəgörünməz və qırılmaz tellərlə xalqa, millətə dərin bağlılıq var.
Eramızdan əvvəl 551-470-ci illərdə yaşamış Çin filosofu Konfutsi söyləyib ki, "alicənab adam üçün borc var". Prezident İlham Əliyev özünün mənəvi borclarından birini mədəniyyətin çiçəklənməsi üçün göstərdiyi böyük qayğı ilə bağlılıqda görür. Görüb dərk edir. Dərk edib onu özünün xalq üçün faydalı əməllərində qətiyyətlə reallaşdırır. Onun mənəvi borcu müdrikliklə dərk etməsi Heydər Əliyevin quruculuq missiyasının layiqli davamı kimi əzəmətli görünür.
On yeddinci əsr fransız filosofu Laroşfuko Fransua yazır ki, "şöhrəti qarşılıqlı inam canlı edir". Bu gün xalqın Prezident kimi İlham Əliyevə böyük ehtiram və məhəbbətinin kökündə ilk növbədə qarşılıqlı inam durur. Prezident bu inamı siyasi-ictimai fəaliyyət proqramı ilə yanaşı, mədəniyyətin tərəqqisi yönündə apardığı əzəmətli işlərin reallıqları ilə qazanıb.
Başqa bir fransız filosofu Qutsav Lebonun (1841-1931) bir kəlamı var: "Xalqın arzularını ifadə etmədən onun rəhbəri olmaq mümkün deyil". Cənab İlham Əliyevin hünərvərliyinin bir özəlliyi də onun xalqpərvərliyində, xalqsevərliyindədir. Bu sevginin, bu məhəbbətin, bu ehtiramın ən parlaq təzahürü Prezidentin milli mədəniyyətin çiçəklənməsi naminə gördüyü işlərdə bütün lətafət və füsunkarlığı ilə ehtiva olunub.
İngilis tarixçisi və filosofu Karleyl Tomas (1795-1881) yazıb:
"Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdirE Nə qədər oğullar var ki, xalqlar onların şöhrəti arxasında dayanır". Azərbaycanı dünya səviyyəsində tanıdan dahi şəxsiyyət məhz Heydər Əliyev idi. Bu gün həmin şöhrəti genişləndirən və onun təntənəsini möhtəşəmliklə artıran qadir Prezident kimi İlham Əliyev xalqın qürrələndiyi, mənən istisinə qızındığı ləyaqətli dövlət rəhbəridir.
Dövlət anlamı müəyyən mənada mücərrəd xarakter daşıyır. Onun vacib və mütləq atributları var. Ən əsası isə odur ki, Prezident onu təmsil edir və Konstitusiya ilə dövlətin qarantıdır. Bu baxımdan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi quruculuq və fəaliyyət konsepsiyasının mahiyyəti onun müxtəlif mövzu-problemlərlə bağlı çıxışlarında, verdiyi ayrı-ayrı sərəncamlarda, imza atdığı digər sənədlərdə özünün parlaq və dərin təcəssümünü tapıb. Mədəniyyətimizin yeni quruculuğu və inkişafı istiqamətində Prezidentin fəaliyyətinin yığcam şəkildə dörd mühüm prinsipini göstərmək olar.
1. Milli mədəniyyətimizin Avropa mədəniyyətinə inteqrasiyası. Zəngin ənənələri olan milli mədəniyyətimiz ilk növbədə özünün tarixi kökləri üzərindəki dayaqlarını daha da möhkəmlətməli və dünyanın mədəniyyətini zənginləşdirməli, onun qabaqcıl, səmərəli nailiyyətlərini həssaslıqla mənimsəməlidir. Qarşılıqlı faydalanma daim mütəhərrik olmalıdır.
2. Dünyaya inteqrasiya daxilində milli mədəniyyətimizi (teatr, kino, rəssamlıqE) bazar iqtisadiyyatının vacib təməlləri əsasına uyğunlaşdırmaq. Bu işdə əsas məqsəd kimi milli mənəviyyatımızın inkişafını ilkin tutmaq. Başqa sözlə, hər şeyi bazar iqtisadiyyatı həll etmir, milli-mənəvi dəyərlərin ilkinliyi və qüdsiyyəti dövlət tərəfindən bütün məqamlarda halallıqla qorunmalıdır.
3. Mədəniyyətin inkişafında dövlət-ictimaiyyət-biznes qarşılıqlığı mütləq səmərəli əməkdaşlığa çevrilməlidir. Dövlət daim öz qayğısını göstərməlidir. İctimaiyyət mədəniyyətin tərəqqisində yalnız dövlət qayğısı ilə arxayınlaşmamalı, özü fəal olmalıdır. Biznesin səmərəli qurumlarının fəallığı təminatlanmalıdır. Yəni, milli mədəniyyətin bəşəri əsaslarla inkişafı yalnız dövlətin və ictimaiyyətin işi deyil, onun halal biznes təməlləri də olmalıdır.
4. Mədəniyyətin inkişafını təmin edən kadrların müasir sistemə uyğun yetişdirilib formalaşdırılması. Möhtərəm Prezidentin geniş fəaliyyət proqramının və quruculuq konsepsiyasının prinsipləri əsasında müxtəlif ali məktəblərdə menecerlik, prodüserlik, beynəlxalq əlaqələr ixtisaslarında fakültələr, şöbələr açılıb. Yaxın iki-üç ildə biz onun geniş miqyasda bəhrələrini görəcəyik.
Bəşər fikir tarixinə dəyərli töhfələr vermiş filosof-sosioloq Ogüst Kontun (1798-1857) belə bir müdrik frazası var: "Bilmək - gələcəyi görmək, gələcəyi görmək isə özünü görmək üçündür". Cənab İlham Əliyev zəngin və çoxşaxəli biliklərə malik şəxsiyyətdir. Doğulub böyüdüyü və görüb-götürdüyü ailə mühitinin yüksək elitarlığı onun hərtərəfli kamil şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyev həmin zəngin bilik xəzinəsi ilə xalqın kamillik tərəqqisini daha parlaqlıqla görə bilir və bu istiqamətdə gələcəkdə daha kamil proqramların həyata keçməsini qətiyyətlə, inamla təminatlandırır.

Azərbaycan.- 2008.- 9 iyul.- S. 5.