Xəlilzadə F.
Həqiqi sənət həm də
vətənpərvərlik tərbiyəsinə xidmət
etməlidir
Sovet dönəmində
hərbi vətənpərvərlik mövzusunda
müxtəlif janrda, formada yetərincə ədəbiyyat
nümunələri, bədii-sənədli filmlər, musiqi
əsərləri yazılmışdı. İndi
də o əsərləri oxuyanda, filmlərə baxanda
istər-istəməz riqqətə gəlirsən.
Məsələn, "Uzaq sahillərdə", "Bizim
Cəbiş müəllim", "Onun böyük
ürəyi", "Tütək səsi", "Sizi
dünyalar qədər sevirəm"... adlı Azərbaycan
filmlərinə bu gün də maraqla baxılır. Bəs
indi, müstəqilliyimizi qazandıqdan sonra vəziyyət
necədir? Üzləşdiyimiz ədalətsizliklər
haqqında yaradıcı insanlar hansı səpkidə
əsərlər yaradırlar? Gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasına,
böyüməsinə rəvac verən bədii filmlər
çəkilirmi? Musiqi əsərləri
bəstələnirmi? Bu mövzu ilə bağlı
yaradıcı insanlara müraciət etdik.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadə:
- Bəstəkarlarımız hərbi
vətənpərvərlik mövzusunda diqqət
çəkən, maraqlı, dolğun, eləcə də
müxtəlif həcmli, janrlı əsərlər
yaradıblar. Mərhum bəstəkar Vasif Adıgözəlov
şair Teymur Elçinin sözlərinə 1989-cu ildə
"Qarabağ şikəstəsi" oratoriyasını
bəstələmişdi. Bu əsər həm
Azərbaycanda, həm də qardaş Türkiyədə
səsləndirilərək böyük
rəğbətlə qarşılanmışdı. Unudulmaz
bəstəkar ömrünün sonunadək hərbi
vətənpərvərlik mövzusunda uğurlu
əsərlər yaratdı. Məsələn, "Odlar
yurdu", "Çanaqqala", "Qəm
karvanı" oratoriyası, "Çəkin Qarabağdan
qara əlləri", habelə solist, xor və simfonik orkestr üçün
"Şuşam, laylay" mahnısı və
nəhayət, sonda "Natəvan" operası. Hərbi
vətənpərvərlik mövzusunda bəstəkarlar
həqiqətən müxtəlif janrlarda
möhtəşəm əsərlər yaradıblar.
Sadəcə, onların adlarını çəkmək
bəs edər ki, bu barədə müəyyən təsəvvür
yaransın. Ramiz Mustafayevin "Salatın"
oratoriyası, "Haqq səninlədir, Azərbaycan"
kantatası, Tofiq Bakıxanovun "Yeddi saylı Qarabağ
harayı" simfoniyası, Aqşin Əlizadənin "Ana
torpaq" odası, Eldar Mansurovun bu mövzuda xeyli sayda
mahnısı, Ceyhun Allahverdiyevin müxtəlif simfoniyaları,
Vasif Allahverdiyevin tar üçün "Qarabağ
balladası", nəfəsli orkestr üçün
"Türk marşı", Xalq Çalğı Orkestri
üçün "Cəngi
sədası", Mobil Babayevin "Məmləkətim"
kantatası, Elnara Dadaşovanın müxtəlif romans və
mahnıları, Tahir Əkbərin "Azadlığa gedən
yollar", "Azərbaycan" odaları, Rəşid
Şəfəqin "Ana torpaq Qarabağ" vokal xor
silsiləsi, Sərdar Fərəcovun "Matəm
harayları" simfonik lövhəsi, Oqtay Kazımovun
"Qarabağ lövhələri" simfonik
süitası, Azər Rzayevin simfoniyaları, Sevda
İbrahimovanın "Vətən şəhidləri"
kantatası, tar və simli orkestr üçün
"Sənin üçün darıxmışam,
Şuşa", İsmayıl Hacıyevin "Qarabağ"
simfoniyasıE Siyahı olduqca böyükdür. Bu
bəstəkarların hər birinin hərbi
vətənpərvərlik mövzusunda bir neçə,
bəzən də 10-dan artıq əsəri var. Bu yaxınlarda
Opera və Balet Teatrında mənim bəstələdiyim
"Qarabağnamə" operası (libretto N.Paşayevaya
məxsusdur) tamaşaçılara təqdim edildi. Deməyim
odur ki, bəstəkarlarımız bu mövzuda
yetərincə əsərlər yaradıblar. Bu başqa
söhbətdir ki, həmin əsərlər nə
dərəcədə ekranda, efirdə, konsert salonlarında,
mərasimlərdə səsləndirilir. Bir bəstəkar
kimi bu fikirdəyəm ki, musiqimizdə hərbi
vətənpərvərlik mövzusunda boşluq hiss olunmur.
Bəstəkar, professor Oqtay Rəcəbov:
- Əlbəttə, bəstəkarlarımız hərbi
vətənpərvərlik mövzusunda həm iri
əsərlər, həm də mahnılar, marşlar
yazırlar. Bu yaxınlarda mənim 35 mahnıdan ibarət
"Vətən nəğmələri" adlı
məcmuəm işıq üzü görüb. Bu
mahnılar böyüməkdə olan gənc nəsil və
əsgərlər üçün nəzərdə tutulub.
Bir bəstəkar kimi bizi narahat edən başqa səbəb
var. Sovet dövründə cəmi bir televiziya fəaliyyət
göstərirdi. Biz bəstəkarlar da heç olmasa ayda iki
mahnını həmin televiziyaya təqdim edə bilirdik.
Bəstəkarların vətənpərvərlik mövzusunda
yazdığı mahnılar birinci növbədə qəbul
olunurdu və təbliğ edilirdi. İndi bu ənənə
yaddan çıxıb. Bir tərəfdən qeyri-professional
bəstəkarların keyfiyyətsiz, mənasız
"mahnıları" ekranları zəbt edir, digər
tərəfdən də telekanallarda baş
verənlərə nədənsə göz yumulur! Bir milyona
yaxın qaçqını, məcburi köçkünü
olan bir ölkədə bu qədər də şou
proqramı olar? Soruşursunuz ki, hansı əsərləri
yazmısınız? Cavabımız budur: yazmaqla deyil ki?
İndi hansı televiziyalar hərbi
vətənpərvərlik mövzusunda yazılmış
mahnıların, əsərlərin müsabiqəsini
keçirir? Gərək günümüz himnlə
açıla, marşla bağlana. Əksinə, ekran, efir
qalmaqallar məkanına çevrilib.
Vətənpərvərlik çoxunun yadına
düşmür. Bu, mənəviyyatsızlıqdır! Xalq nə etsin? Əgər telekanalların
əksəriyyətində əsl sənət
əsərləri ikinci plana keçirsə, onların yerini
orta səviyyəli, zövqləri korlayan
"musiqilər" tutursa, gənc nəsil hərbi
vətənpərvərlik mövzusunda
bəstələnmiş melodiyalardan necə xəbər
tutsun? Bizim korifey
bəstəkarlarımızın - Üzeyir Hacıbəyovdan
tutmuş Tofiq Quliyevə kimi, eləcə də indi
səmərəli fəaliyyət göstərən
peşəkar bəstəkarlarımızın hərbi
vətənpərvərlik mövzusunda çoxlu
əsərləri var. Ağrılı cəhət odur
ki, onlara meydan verilmir. Musiqi əsərləri o zaman xalqın
malına çevrilir ki, yaxşı təbliğ olunsun,
səsləndirilsin, millətə çatdırılsın.
Mən heç də əyləncəli proqramların
əleyhinə deyiləm. Sadəcə, üstünlük
hərbi vətənpərvərlik mövzusunda olan
əsərlərə verilməlidir! İndiki
şəraitdə bizim buna böyük ehtiyacımız var!
Yazıçı Mustafa Çəmənli:
- Bu gün hərbi vətənpərvərlik
tərbiyəsindən söhbət açarkən ilk olaraq
Qarabağ mövzusunda yazılmış əsərlər
yada düşür. Bu da təbiidir, xalqımızın
ən ağrılı yeri Qarabağdır. İşğal
altında qalan torpaqlarımız, yurd itkisi,
şəhidlər, döyüşlərdə əlil
olmuş insanlardır. Bir sözlə, faciənin miqyası
təsəvvür olunduğundan qat-qat çoxdur. Deyərdim ki, son 15 ildə Qarabağın tarixi
keçmişindən, etnoqrafiyasından, Qarabağ uğrunda
gedən qanlı döyüşlərdən,
müharibənin törətdiyi faciələrdən,
şücaət göstərmiş, şəhid olmuş
qəhrəmanlardan xeyli bədii və publisistik
əsərlər yazılmışdır.
Təəssüf doğuran odur ki, yaxşı ilə pisin
saf-çürük edilməsinə, istedadla
yazılmış əsərlərin vaxtında,
qərəzsiz və vicdanla təhlil edilib
qiymətləndirilməsinə lazımi diqqət yetirilmir.
Nəşr olunan bədii əsərlərin təbliği,
reklamı demək olar ki, yoxdur. Qəzet və
jurnal səhifələrində çap olunan bəzi
resenziyalar, təqdimat mərasimlərindən
hazırlanmış bəsit, məzmunsuz reportajlar geniş
oxucu kütləsi arasında elə bir əks-səda
doğurmur. Ümumiyyətlə, bədii əsərlərin
təbliğinə həsr olunmuş televiziya
verilişləri yoxdur. Belə olan halda kitaba maraq
olarmı?
Bu gün ədəbi əsərlər çox məhdud
tirajla çap olunur. Respublikamızda kitab ticarəti
təşkilatı olmadığından yazılan
əsərlər paytaxtın darvazasından kənara
çıxmır. Nəticədə nəsillər
arasında mənəvi əlaqələr, oxucu
səviyyəsinin tarazlığı itir və
əyalətlərdə yaşayan oxucular istədikləri
kitabları əldə etməkdə çətinlik
çəkirlər.
Teatr və kino rejissoru Mehriban ƏLƏKBƏRZADƏ:
- Biz müharibənin müvəqqəti
atəşkəs rejimində yaşayan bir ölkənin
vətəndaşlarıyıq. Əslində, ərazi
bütövlüyü uğrunda mübarizə
gündəlik həyat normamıza çevrilməlidir.
İndi daha çox şou əyləncələr,
mənasız "mövzular" meydan sulayır. Bunun
da nəticəsində milli kimlik və milli şüur, yurda
yiyəlik hissi kimi vətəndaş tərbiyəsi işi
kölgədə qalır. Hər bir Azərbaycan
vətəndaşının harada və necə
yaşamasından asılı olmayaraq itirilmiş,
işğal olunmuş ərazilər uğrunda
mübarizəsində ideoloji müharibənin
aparılıb-aparılmaması haqqında
düşünməliyik. Dünya bəzən bizim
həqiqətə inanmaq istəmir. İlk növbədə,
yaradıcılığın bütün sahələrində
bu məsələyə xüsusi önəm verilməlidir. Hərbi vətənpərvərlik tərbiyəsi
həyatımızın əsas istiqamətverici
qüvvəsinə çevrilməli, bu mövzuda kitablar
yazılmalı, mahnılar, marşlar oxunmalı,
sənədli-bədii filmlər çəkilməlidir.
Əsas odur ki, arxa cəbhədə hər birimizin
vətəndaş mövqeyi olsun. Olsun ki, bu, sabah tarixin
və millətin mühafizəsi üçün qalxan rolunu
oynasın. Qarabağ məsələsində böyük
Azərbaycan düşüncəsini beyinlərə köçürəcək
mükəmməl əsərlər yetərincə
yaranırmı? Bəziləri söyləyirlər ki,
filmlər çəkmək üçün maddi imkanlar
zəifdir. Mən bu sözləri qəbul edə bilmirəm.
Necə ola bilir ki, zövqsüz kliplərə, şoulara,
müğənniciklərin konsertlərinə, "qastrollarına",
qalmaqallarına sponsorlar tapılır, söhbət hərbi
vətənpərvərlikdən gedəndə ortaya
maliyyə problemləri çıxır?! Söhbət
köksümüzdə vətəndaş mövqeyində
çırpınan ürəyin olmasından gedir. Məgər ötən əsrin
əvvəllərində, ondan da öncə xalqı
maarifləndirmək üçün, onu cəhalətdən
xilas etmək naminə qəzet-jurnal nəşr edəndə,
teatr yaradanda, film çəkəndə həmin şəxsiyyətlər
maddi nemətlər bolluğunun içində
üzürdülər? Xeyr, onların zəngin
mənəviyyatları var idi! Təəssüf ki,
əziyyət çəkib keçmişimizi
öyrənməkdən, bir millət olaraq
gələcəyimizi düşünməkdən
qaçırıq. Əziyyət çəkməkdən
çox əylənməyə meyilliyik. Televiziyalar ən
baxımlı saatlarda para qazanmaq naminə konkret şirkət
sahiblərinin konkret zövqünə uyğun proqramlar
hazırlayırlar. Nə əxlaqi, nə mənəvi
dəyərini düşünmədən bütün
axşamı özlərinin zövqlərinə uyğun
tamaşaçıları da "əyləndirirlər".
Müxtəlif qəzet və dərgilər də həmin
şou aləmindən rəzil xəbərlər yazmaqla
məşğuldurlar. Bu cür yaşam tərzinə
işıqlı insanlar dözə bilmirlər! Biz indi
qəhrəman üçün susamışıq.
"Vətəni sevmədən onu kimsəyə sevdirmək
olmaz" həqiqəti var. Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması
istiqamətində vətənin qorunmasının
bütün maraqlardan üstün olmasını sübut
edəcək işlərin təbliği önə
çəkilməlidir! İstər ssenaristlərin,
istərsə də rejissorların bir devizi olmalıdır -
vətən, torpaq naminə! Əgər bu şüar
hədəf götürülərsə, torpağına
yiyəlik etmək mütləqliyi və vacibliyi
şüurlara köçürülər. Bunun
üçün nə etmək lazımdır? Hər kəs
öz sahəsində qabiliyyətini ortaya qoymalıdır.
Yazılacaq əsər də, tamaşaya qoyulacaq pyes də,
oxunacaq mahnı da, çəkiləcək film də
peşəkarlara tapşırılmalıdır. Bəlkə
belə bir şüar irəli sürək ki, vətən
və torpaq naminə bütün peşəkarlar
birləşsin?!
Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru,
kinoşünas Cəmil QULİYEV:
- Son illər Azərbaycan kinosuna dövlət
qayğısı durmadan artmaqdadır. Elə bunun
nəticəsində də bu sahədə xeyli uğurlar
əldə edilmişdir. İstər xalqımızın
tarixi keçmişi ilə bağlı, istərsə də
Qarabağ mövzusunda tammetrajlı filmlər çəkilir.
Hərbi vətənpərvərlik mövzusunda son vaxtlar xeyli
film istehsal olunaraq tamaşaçıların ixtiyarına
verilmişdir. Kinorejissorlarımızdan Ceyhun
Mirzəyevin "Fəryad", Gülbəniz
Əzimzadənin "Ümid", Yavər Rzayevin
"Sarı gəlin". Ənvər Əblucun "Ağ
atlı oğlan", Rüfət Əsədovun "Arxada
qalmış gələcək", Eldar Quliyevin
"Girov", Ramiz Əzizbəylinin "Yalan", Elxan
Qasımovun "Biz qayıdacağıq", Vasif
Məmmədzadənin "Lal çinar" bədii,
Cahangir Zeynallının "Qaçqınlar", Tofiq
İmirlinin "Qədirin sorağında", "Qarabağ
düyünü", Xamis Muradovun "9 dəqiqə",
Nicat Feyzullayevin "Şirvanda izim qaldı" və
digər sənədli filmlər çəkilmişdir. Bundan
başqa, dövlət vəsaiti hesabına
maliyyələşən "Bu meydan, bu ekran"
kinolayihəsində də səkkiz adda film istehsalata
buraxılmışdır.
Qeyd edək ki, hərbi
vətənpərvərlik mövzusunda çəkilən hər
bir filmdə kinematoqrafçılar buz bulaqlı,
zümrüd ormanlı, münbit və bərəkətli
Qarabağımızın tezliklə azad olunacağını
ekran görüntüləri ilə tamaşaçılara
çatdırmışlar. Qeyd edilən hər bir
filmdə vətən torpaqlarının qaytarılmasına,
qaçqınlarımızın öz yurd-yuvalarına
dönəcəklərinə inam kimi böyük amala
çağırış diqqəti cəlb edir. Bu ekran
əsərlərində müqəddəs ideyaya böyük
inamla yanaşı, erməni
işğalçılarının xalqımıza
qarşı törətdikləri vəhşiliklər də
əksini tapır. Bütün bu filmlərin
süjet xəttində bədnam qonşularımız
tərəfindən xalqımızın başına
gətirilən fəlakətlər durur.
İndi kinoteatrların, demək olar ki, fəaliyyətinin
dayandırıldığı, eləcə də
tamaşaçıların bu mədəniyyət ocaqlarına
maraqlarının azaldığı bir zamanda ekran
əsərlərinin təbliğində müəyyən
çətinliklər var. Bu işi televiziyalar yerinə
yetirməlidir. Çox yaxşı olardı ki, hər bir
telekanalda konkret bir vaxtda hərbi vətənpərvərlik
mövzusunda çəkilmiş bədii, sənədli
filmlər nümayiş etdirilsin. Tamaşaçı da
dəqiq bilərdi ki, hansı gün, hansı saat hərbi
vətənpərvərlik mövzusunda filmə baxacaq,
tamaşa seyr edəcək, musiqi dinləyəcək.
Yazıçı-dramaturq Əli Əmirli:
- Bədii yaradıcılıq gerçək həyatın
inikası olduğundan onda cəmiyyəti narahat edən,
insanları düşündürən problemlərin
əksini görmək və gözləmək,
əlbəttə ki, təbiidir. Sevincini,
kədərini, uğurlarını, bir vətəndaş kimi
özümüzünkü bildiyimiz Vətənimizin
müharibə şəraitində mövcudluğu, xain
düşmənlərimiz tərəfindən bizə
sırınmış hərb, nəticədə
vətənimizin Qarabağ kimi əvəzsiz və
gözəl bir parçasının düşmən
əlinə keçməsiylə baş verən
faciələr, dəhşətlər, insan
fəlakətləri niyə çağdaş ədəbi
prosesə yol tapa bilmir? Nədəndir ki, belə bir vaxtda
hərbi vətənpərvərlik mövzusu müasir
Azərbaycan ədəbiyyatının aparıcı
mövzusuna çevrilə bilmir?
"Azərbaycan" qəzetinin gündəmə
gətirdiyi bu sualları mən bir yazıçı kimi
çox təbii qarşılayıram, hətta
alqışlayıram. Eyni zamanda nə
qədər qəribə olsa da elə bilirəm ki, hərbi
vətənpərvərlik, konkret desək, Qarabağ
müharibəsi haqqında əsərlər az yox, çox
yazılır, kitablar nəşr edilir, qalın-qalın
cildlər bağlanır, amma bütün bu ağır
çəkili kitablar təəssüf ki, makulaturadan
başqa bir şey deyil. Deyirlər son
nəticədə kəmiyyət keyfiyyətə
çevrilir, təəssüf ki, bu fəlsəfi
kateqoriyanı bədii yaradıcılığa aid etmək
olmur. Ən müxtəlif, çox vaxt da natəmiz
niyyətlərlə yazılan, hətta tərtib edilən
qalın-qalın kitablar insanların az-çox qalan
müqəddəs hisslərini də təhqir edir.
Yaxşı ki oxuyan azdır, hamı bir-birinə
kitabını gördüm deyir, oxudum deyən yoxdur.
Mövzunun aktuallıgı arxasında gizlənib
baltakəsməz kitablar baglayan yazıçını nə
torpaq itkisi agrıdır, nə də
vətənpərvərlik düşündürür. O
cür onlarla "bədii" romanın, kitabın
əvəzinə istedadla yazılmış bir məqalə
daha yaxşı, daha faydalıdır. Amma bu çoxluqlar
içərisində adda-budda gözə dəyən
həqiqi bədii əsərlərə də rast gəlirik.
Hesab eləyirəm ki, məhz bu müsbət
nümunələrdən çox danışmaq, onlar haqqında
çox yazmaq lazımdır. Axı gözəl
əsərlər tez-tez yaranmır.
Vətənpərvər olmaq üçün insan
vətənini, elini-obasını, onun tarixini, indisini
yaxşı tanımalıdır. Bu yerdə görkəmli
yazıçı-publisist Mustafa Çəmənlinin
Qarabağ xanlığının tarixindən bəhs
edən, hər bir oxucuda güclü vətən, torpaq
duyğusu oyadan "Xallı gürzə" romanı yada
düşür. Səmimi yazıçı
məhəbbəti ilə yazılmış bu roman başıbəlalı
Qarabağ xanlığının tarixindən,
Şuşanın təməlini qoyan Pənah xan
Cavanşirdən bədii şəkildə söhbət
açırsa, yenə də Mustafa Çəmənlinin
başqa bir romanı "Fred Asif" oxucunu müasir
dövrümüzə gətirir. Aqil
Abbasın tək ədəbi aləmdə deyil,
cəmiyyətimizdə həqiqətən qəfil dolu effekti
yaradan "Dolu" romanı oxuyanları sarsıtdı. Daha
sonra Mövlud Süleymanlının "Erməni
adındakı hərflər" analitik romanı tarixi
düşmənimizin xislətini öyrənmək,
tanımaq, ermənilik sindromunu bilmək və
düşmənə münasibətdə özünü
də tanımaq baxımından faydalı əsər olmaqla
bərabər, parlaq nəsr nümunəsidir.
Təəssüf ki, mənim də qələmimi
işlətdiyim dramaturgiya sahəsində dediyimiz mövzuda
mükəmməl əsərlərə rast gəlmək
çox çətindir. O da məlumdur ki,
rayon, başqa sözlə, əyalət teatrlarında
Qarabağ müharibəsi ilə bağlı ara-sıra
pyeslər tamaşaya qoyulur və təbiidir ki, zəif
konyunktura keyfiyyətli bu cür tamaşalar nəinki
vətənpərvərlik hissləri tərbiyə edir,
əksinə, tamaşaçını, yumşaq
desək, bezdirir.
Amma həvəskar dramaturqları çox da qınamayaq,
ümumiyyətlə, dramaturgiya bədii
yaradıcılığın xeyli spesifik sahəsidir.
Nəinki sosial sifariş olan ciddi hərbi
vətənpərvərlik mövzusunda, hətta sərbəst
mövzuda da pyes yazmaq asan başa gəlmir. Bununla belə,
Akademik Milli Dram Teatrının səhnəsində Qarabağ
mövzusu ilə bağlı iki əsərin adını
çəkməsək insafsızlıq olardı: Ramiz
Novruzun "Hələ sevirəm deməmişdilər"
və Hüseynbala Mirələmovun "Xəcalət"
pyesləri. Hər iki tamaşanın quruluşçu rejissoru
Bəhram Osmandır. Hələ Qarabağ yaralarının
təzə olduğu, lentlərə alınmış
dəhşətli xronikaların teleekranlarda
vaxtaşırı göstərildiyi bir vaxtda
tamaşaçını yalançı ah-vayla,
şivənlə sarsıtmaq, vətənpərvər
etmək mümkün deyil! Tamaşaçını və ya
oxucunu ancaq və ancaq bədii sözün
qüdrətiylə təsirləndirmək
mümkündür. Çox yaxşı haldır ki,
adlarını çəkdiyimiz pyeslərin
müəllifləri bunu bacarıblar.
Hərbi vətənpərvərlik mövzusu
ilə bağlı müasir ədəbi prosesə etdiyimiz
kiçik və ötəri bir ekskurs göstərdi ki,
vəziyyət elə də ümidsiz deyil, sadəcə, biz
olanları da oxumuruq, görmürük. Ümumiyyətlə,
cəmiyyətimizdə kitab oxumayanlar, teatr tamaşalarına
baxmayanlar onların olmadığından yeri
gəldi-gəlmədi gileylənirlər. Onları da
qınamaq istəməzdim, kitab təbliğatı bizdə
yox dərəcəsindədir. Bu gün ən
kütləvi təbliğat vasitəsi olan televiziya, populyar
qəzetlər kitabların təbliğinə yer vermirlər.
Əlbəttə, biz də reallığı bilirik,
yazıçının reklam haqqını ödəmək
imkanı yoxdur, bəs telekanal rəhbərlərinin
ziyalılıq vəzifəsi, qəzet redaktorlarının
zərdabilik missiyası? Telekanallarımız gündə bir
neçə dəqiqə kitab reklamına vaxt ayıra
bilməzmi? Bəs məhsullarını reklam elətdirən
şirkətlərimiz necə? Vətənpərvərlik
mövzusunda yazılmış faydalı (!) bir kitabın
nəşrini və reklam xərclərini təmin
eləyə bilməzlərmi? Hərbi
vətənpərvərlik qaygıları elə
yazıçınınmı boynuna düşməlidir?
Hacı Zeynalabdin Tağıyevdən öyrənməli
nə qədər xüsusiyyət var.
Mən o fikirdən çox-çox uzağam
ki, vətəni qorumaq, torpağı düşmən
tapdağından azad etmək üçün hərbi
vətənpərvərlik mövzusunda çoxlu romanlar,
pyeslər, şeirlər yazmaq lazımdır, əsla!
Ölkəni, üstündə gəzdiyimiz torpağı,
nəhayət, milli varlığımızı qorumaq
üçün daha vacib məsələlər var, amma
o da aydındır ki, həmin nəsnələri əldə
etmək, hərəkətə gətirmək
üçün milli təəssüb hissi güclü
olmalıdır. Vətənin qədrini bilmək
üçün vətəni sevmək lazımdır. Bu
böyük, müqəddəs sevgini, məhəbbəti
yaratmaq isə həm də ədəbiyyatın
vəzifəsidir.
Söhbəti yazdı:,
Azərbaycan.- 2008.- 10 iyul.- S. 6.