Məhərrəmova T.

 

Mədəniyyət adlı binanın sakinləri

 

Və yaxud milli musiqimizin Mansurovlar səhifəsi

 

Deyirlər qədim musiqi alətimiz olan tarı yaradan usta ilk dəfə ruhu ilə baş-başa qaldığı anda onu kökləyib. Elə o vaxtdan bəri bu sirli alətin hər pərdəsində gah vüsal səslənir, gah da hicran inləyir. Bu fərqli ovqatlar zaman-zaman hər ustadın barmaqları ilə başqa cür dilə gəlib. Çünki hər tarzən ifa etdiyi muğamlara, mahnılara özünəməxsus könül duyğularını, ürək çırpıntılarını köçürüb. Görkəmli tarzən Mirzə Mansur Mansurovun mizrabı ilə ulu tarımız ayrı bir ecazkarlıqla səslənib.

Keçən əsrin 20-ci illərindən Azərbaycanda xalq yaradıcılığının yeni çiçəklənmə dövrü başlanır. Milli musiqi sənətinin klassik nümunələrinə əsaslanan xalq musiqi yaradıcılığı xalq arasında geniş inkişaf taparaq yeni keyfiyyətlərlə zənginləşir və musiqi folklorşünaslığının əsasını yaradır. Bu işdə mahir müğənnilər, aşıq və xanəndələr, xalq musiqi ifaçıları böyük rol oynayır. İfaçılıq ənənələrinə sadiq qalan, onu daim inkişaf etdirməyə çalışan sənətkarlar içərisində Əsəd Rzayev, Mirzə Bayramov kimi aşıqlar, Cabbar Qaryağdıoğlu, Bülbül Məmmədov, Seyid və Xan Şuşinski kimi xanəndələr, Qurban Pirimov, Əhməd Bakıxanov, Mansur Mansurov və başqa tarzənlərin sənətə bağlılığı bu gün də nümunə ola bilər. Onlar oba-oba gəzib, ansambllar təşkil edib və məşhurlaşıblar. Beləliklə, xalq musiqiçilərinin sənəti dildən-dilə, nəsildən-nəslə keçib, peşəkar cizgilərlə zənginləşib və tədricən ümumxalq incəsənətinə çevrilib.

 

 

"Xalq konservatoriyası"

 

Azərbaycanın görkəmli tarzənlərindən olan Mirzə Mansur Mansurov atası Məşədi Məlik bəyin evində keçirilən Bakı muğam məclislərindən bəhrələnərək musiqiçi olmağa qərar vermişdi. Atası dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Hər axşamçağı İçərişəhərdəki evlərinin pəncərələrindən muğamların və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılanda qonşuluqda yaşayan molla: "Allah sizə qənim olsun, bu evdə şeytan yuva salıb" - deyə qəzəblə lənət yağdırardı. O biri qonşular isə mollanın bu lənətinə gülərdilər. Çünki axşamlar Məşədi Məlikin evində musiqi məclislərinin təşkil olunduğunu Bakıda hamı yaxşı bilirdi. Azərbaycanın bütün guşələrindən gələn muğam biliciləri, musiqiçilər, xanəndələr bu məclisə toplaşardı. Bu məclisdən nəinki görkəmli musiqiçilər faydalanmış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər XIX əsrin ikinci yarısında bir növ "Xalq konservatoriyası" rolunu oynayıb. Bu musiqi ocağı bir həyat məktəbi olub. Buradakı maraqlı söhbətlər, incə, şirin çalğılar balaca Mansurda da musiqiyə böyük həvəs aşılayır.

- O zaman insanlar "Elin gözü tərəzidir" prinsipi ilə yaşayırdı" - deyən Mansurovlar nəslinin davamçısı Eldar Mansurovun xatirələrindən:

- Mən öz nəslim, şəcərəm haqqında bir neçə kitab yazmışam. Bizim nəsil başlanğıcını XV əsr bəylərbəylərindən götürür. Azərbaycanda üç muğam məktəbi olub: Qarabağ, Şamaxı və Bakı. Bunu bütün musiqi tariximizə həsr olunan kitablardan oxuya bilərsiniz. Üç məktəbdən daha akademik olanı Bakı məktəbi idi və bu muğam məclislərinin də 1863-cü ildən etibarən təşkilatçısı ulu babam Məşədi Məlik olub. Həmin muğam məclislərində bu möcüzəli sənətin nəzəriyyəsini və ən müxtəlif ifa tərzlərini öyrənir, onları yeni gələn nəsillərə tədris edirdilər. Muğam nəsildən-nəslə ötürülürdü. Məşədi Məlik ağa mülkədar idi; o, məclisləri təşkil eləyəndə pul barədə düşünmürdü. Çünki onun torpaqları, mülkləri, təsərrüfatı vardı. Onların diqqəti yönəlmişdi mənəviyyat, mədəniyyət məsələlərinə. Onlar sənətlə, muğamatla çox ciddi məşğul olurdular. Onların fəaliyyətini sırf sənətlə məşğul olmaq kimi qiymətləndirmək olar. Onlar üçün sənət bazarda satlıq mal deyildi. Amma bu gün elə vəziyyət yaranıb ki, sənət əsərini yaradanda onun bazarda necə və neçəyə satılacağını nəzərə almalısan. Yəni sənətlə yox, hesabla, mühasibatla məşğul olmalısan. Və nəticədə sənət əsərinin əvəzinə nəsə başqa bir şey alınır.

Tale elə gətirdi ki, bəyzadə nəslindən olan Məşədi Məlikin oğlanları da musiqiçi, tarzən oldular. O illərin musiqiçiləri musiqiyə əyləncə kimi yanaşmır, onu mənəvi qatda qəbul edirlər. Məşədi Məlikin iki oğlu, mənim babam Məşədi Süleyman və yaşca 15 il ondan kiçik olan qardaşı Mirzə Mansur uşaq vaxtlarından evlərində belə məclislərin şahidi olub, sənətlə maraqlanıb, sonra da özlərini bu sahəyə həsr ediblər. Maraq, həvəs, savad və sonsuz zəhmət onları Azərbaycanın ən gözəl tarzənləri sırasına daxil edib. Doğrudur, musiqi tariximizdə daha çox Mirzə Mansurun adı çəkilir. Amma babam Məşədi Süleymanın sənətini görənlər onu da ən yüksək sözlərlə qiymətləndirirlər. O, ticarətlə məşğul olmurdu. Özünün torpaq sahələrini, dükanlarını icarəyə verirdi və diqqətini bütünlüklə sənətə yönəldirdi. Sonra Şura hökuməti gələndə bu torpaqları, mülkləri əlindən aldılar. Nəriman Nərimanovun babamla yaxşı münasibəti vardı, evimizə gəlib-gedən olduğundan hörmət saxlardı. Babamı və ailəsini onun göstərişiylə Bir may küçəsində qırdamlı bir daxmaya köçürdülər. Şura hökuməti onların şəxsi mülklərini əlindən aldı. Amma onların mənəviyyatına, sənətinə toxunmadı. Əksinə, məktəblər açıldı. Bizdə, nəhayət, Musiqi Konservatoriyası yaradıldı. Atam Bəhram Mansurov da ilk təhsilini Üzeyir Hacıbəyovun təşkil etdiyi musiqi məktəbində, daha sonra Konservatoriyada muğam sinfini aparan əmisi Mirzə Mansurdan alıb.

Mən öz tariximizə, tarixi simalarımıza hörmət və sevgi ilə yanaşıram. Amma nədənsə mesenatlardan söz düşəndə, daha çox neft milyonçularından danışırlar. Torpaq, təsərrüfatla məşğul olan mülkədarlarımız qalır bir kənarda. Deyilir ki, kimsə kasıb idi, gündə 3-5 qəpik pul qazanırdı, sonra torpaq aldı və həmin torpaqdan neft fəvvarə vurdu, o da oldu milyonçu. Mən də sual verirəm, gündə 3-5 qəpik pul qazanan, istər Tağıyev olsun, istər Nağıyev, istər Muxtarov, torpaq sahəsi ala bilərdimi? Hansı pulla? Yaxud deyir ki, onların və əcnəbi milyonçuların tikdiyi binalar xalqa qalacaqdı və belə də oldu. Xeyr, həmin binaları təzə hökumət gəlib onlardan alıb verdi xalqa, ictimaiyyətə. Xalqın bunlara heç bir dəxli yoxdur. Xalqa qalacaq ən böyük bina onun mədəniyyətidir. Bax, bunu əlimizdə saxlamaq barədə düşünməliyik. Məşədi Süleyman, mənim babam, cismən özünün mülkədar evində yaşayıb. Mənən isə həmişə dediyim "mədəniyyət" adlı o böyük binanın sakini olub. Bolşeviklər gələndə onun 48 yaşı vardı. Bununla belə, 1955-ci ilə qədər rahat yaşadı, oğlu Bəhram Mansurov, mənim atam, Azərbaycanın Xalq artisti ondan sənəti ilk götürdü, indi də nəvələri bu yolu davam etdirirlər.

 

Musiqi ənənəsi

 

Görkəmli tarzən Mansur Mansurov 1920-ci ildə Üzeyir Hacıbəyovun təşkil etdiyi Dövlət Türk Musiqi Məktəbində, 1926-46-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs verib. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tərtib edib. Mirzə Mansurovun ifasından 1930-cu illərin ortalarında gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salıblar. 1940-cı ildə Mirzə Mansur Mansurova Azərbaycanın "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

Mirzə Mansurun oğlu Ənvər Mansurov atasının ən istedadlı tələbələrindən olub. Ənvər Mansurov Böyük Vətən müharibəsinin ilk günlərində Brest qalasının müdafiəçilərindən biri kimi qəhrəmanlıqla həlak olub. Ənvərin oğlu - Arif Mansurov uzun illər müxtəlif dövlət idarələrində rəhbər vəzifələrdə çalışıb.

Ancaq təəssüf olunası haldır ki, bir neçə əsrdən bəri davam edən Mansurovların ifaçılıq ənənəsi Opera və Balet Teatrının solisti, Əməkdar artist, tanınmış tarzən Elxan Mansurovla bitir.

 

Kaspi.- 2008.-1 iyul.- S. 11.