Təranə

 

 

Professionallıq olan yerdə həmişə yaxşılar üzə çıxır

 

Bu yaxınlarda prezident İlham Əliyevin incəsənətimizdə göstərdiyi xidmətlərə görə fəxri ada layiq gördüyü sənətkarlar içərisində sənətşünaslıq doktoru, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabovun da adı var.
   Hər bir sənət adamının yüksək fəxri ad aldığı zaman keçirdiyi xoş hissləri bu gün o da yaşayır:
   - Sözün düzü, mən bunu gözləmirdim, qəfildən oldu. Həmin gündən başlayaraq dost-tanışlardan, qohumlardan, tələbələrimdən təbrik zəngləri eşidirəm. Bu məni daha da sevindirir. Hər bir sənət adamının fəxri ada layiq görüldüyü zaman keçirdiyi xoş hissləri mən də keçirirəm. Buna görə hörmətli prezidentimizə minnətdaram! İncəsənət adamları çox kövrəkdir. Onların işlərinə qiymət veriləndə, diqqət göstəriləndə çox sevinirlər.
   - Siz həm də Bəstəkarlar İttifaqında çalışırsınız. Son vaxtlar bu qurumda görülən işlər barədə nə deyərdiniz?
   - Tanınmış bəstəkar Firəngiz Əlizadə İttifaqa sədr seçiləndən dərhal sonra ciddi işə başladı. Bu müddətdə 26 tədbir təşkil edilib. Keçən il İttifaqın 8-ci qurultayını keçirdik. Qurultay bir həftə davam etdi. 5-6 gün bundan əvvəl isə illik hesabatla bağlı mətbuat konfransı keçirdik. Ümumilikdə 11 bölməmiz fəaliyyət göstərir və hər bölmədə fəal iş gedir. Bildiyiniz kimi, təmirlə əlaqədar Hökumət evinə köçmüşdük. Bu günlərdə bizi yenidən öz köhnə binamıza qaytardılar. Düzdür, hələlik köhnə bina təmirdən çıxmayıb. Prezident təmir üçün 2 milyon manat pul ayırdı. Artıq binada təmir işləri davam edir. Vəziyyət çətin olsa da işləyirik. Deyilənə görə, təmir işləri sentyabr ayına qədər başa çatacaq. Yəqin ondan sonra bütün işlər qaydasına düşəcək. Planlarımız böyükdür. İttifaqda beynəlxalq şöbə açılacaq və daha geniş işlər görüləcək.
   - Bəstəkarlar İttifaqının ümumilikdə neçə üzvü var və onların içərisində gənclər nə qədər yer tutur?
   - Bəstəkarlar İttifaqının hazırda 192 üzvü var. Onların arasında gənclər o qədər də çoxluq təşkil etmir. Artıq gənclik yaşı 29 yaşadək müəyyənləşdirilib. Buna görə də biz 35 yaşını gənclik yaşı hesab etmirik. Gənclik yaşında isə bizdə bəstəkar azdır. Çünki tələbə bakalavr, magistr pillələrini və aspiranturanı bitirir. Ondan sonra müstəqil əsər yazmalıdır ki, biz onu İttifaqa üzv qəbul edək. Bu dönəmdə isə o, artıq 29 yaşını adlayır. Yazılan əsərlər də oxuduğu dövrdə müəllimin rəhbərliyi ilə olmalıdır. Müstəqil yaradıcılıq yoluna qədəm qoyandan sonra isə o yazdığı əsərlərlə Bəstəkarlar İttifaqına daxil olur. Onun bundan sonrakı fəaliyyəti Bəstəkarlar İttifaqı ilə əlaqəli olur. Biz ona əsərlərini ayrı-ayrı orkestrlərlə ifa etməyə, plenumlarda, festivallarda iştirak etməyə şərait yaradırıq.
   - Bu gün xarici ölkələrdə çoxlu bəstəkarımız yaşayır. Vətənə qayıdacaqları təqdirdə onlara da şərait yarada biləcəksinizmi?
   - Onlar gələcəkləri təqdirdə, heç şübhəsiz, işləməlidirlər. Əlbəttə, Bəstəkarlar İttifaqında yer olanda biz onları işə qəbul edəcəyik. Ancaq əgər onlar pedaqoq kimi çalışmaq istəyirlərsə, biz bu işlə məşğul olmuruq. Onların əksəriyyəti Musiqi Akademiyasının müəllimləri olub. Bəziləri orkestrdə çalıblar. Qayıdandan sonra, təbii ki, həmin təhsil ocaqlarında və orkestrlərdə onlara şərait yaradılar. Bəstəkar kimi çalışmalarına gəlincə, onlar gərək əsər yazsınlar, biz də həmin əsərləri təbliğ edək. Əsərlərin səslənməsi, plenumlarda, festivallarda çıxış etmələri üçün onlara şərait yaradaq. Əgər onlar əsər və musiqişünas kimi məqalələr yazmasalar, Bəstəkarlar İttifaqına nə xeyirləri var? Düzdür, bu gün onların əksəriyyəti müəyyən vəziyyətlə əlaqədar qayıda bilmirlər. Bəlkə vəziyyətləri orda nisbətən yaxşıdır. Bəziləri də sadəcə, orada işləməyə öyrəşiblər. Mənə elə gəlir ki, onların hamısı tədricən qayıdacaq. Çünki burada da şərait yaxşılaşır, əməkhaqları artır. Rusiya konservatoriyalarında əməkhaqlarını ikiqat, üçqat artırdılar. Ona görə də Rusiyanın xaricdə olan məşhur ifaçılarının, bəstəkarlarının, musiqişünaslarının çoxu qayıdıb gəlir. İnanıram ki, bu proses burada da həyata keçəcək.
   - İndicə özünüz də dediniz ki, bəstəkarlarımızın çoxu dolanışıq üzündən
xaricdə yaşayır. Yəqin ki, sizə də xaricdə işləmək təklifləri olub. Əgər olubsa, niyə getməmisiniz?
   - Əvvəla, mən öz torpağım üçün yaşayıram. Necə imkan olursa-olsun, burada yaşamağa üstünlük verirəm. Hələ Moskvada aspiranturada oxuduğum illərdə məni müəllim kimi saxlamaq istəyirdilər. Orada Zaqafqaziya musiqisi şöbəsinə müdir təyin etmək istəyirdilər. Mənə hər cür şərait yaratmağa söz verirdilər. Evlə də təmin edəcəkdilər. Çünki onların həmin şöbənin fəaliyyət göstərməsinə ehtiyacları vardı. Ancaq mən istəmədim, Bakıya qayıtdım.
   - Siz həm Musiqi Akademiyasının professoru kimi çalışırsınız, həm də bəstəkar kimi yaradıcılıqla məşğulsunuz. Hansı sahəyə daha çox vaxt ayırırsınız?
   - Hər iki sahə məni maraqlandırır və hər ikisindən zövq alıram. Hələ tələbəlik illərindən dərs verirəm. 40 ildir ki, müəllim kimi çalışıram. 20 ildir isə xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiriyəm. Hal-hazırda kafedrada 26 müəllim çalışır. Həmçinin Bəstəkarlar İttifaqında böyük həvəslə çalışıram. Vaxtımı hər iki sahəyə ayırıram. Heç bir narazılığım yoxdur.
   - Bu gün muğam müsabiqələri keçirilir, yeni istedadlar üzə çıxır. Ancaq bu müsabiqələr musiqimizin ümumi ab-havasını tənzimləməkdə acizdir. Çoxları bunu xaos adlandırır, siz necə?
   - Ümumilikdə xaos adlandırmaq düzgün deyil. Musiqi aləmində belə hadisələr baş verir. Bəstəkarlarımız səhnə əsərləri - balet, opera, musiqili komediya, simfonik əsərlər, kamera əsərləri yazırlar. Onlar bu sahədə çox asudə işləyirlər. Çünki bu sahəni yalnız professionallar yarada bilirlər. Onlar yalnız ali təhsil almış və Bəstəkarlar İttifaqının üzvləri olan bəstəkarlardır. Sevinirik ki, bu sahə bizdə inkişaf edir. Yalnız mahnı sahəsində vəziyyət o qədər də yaxşı deyil. Bu vəziyyəti də həvəskar bəstəkarlar yaradır. Mahnı mahnılıqdan çıxıb. Tarix boyu böyük yeniliklərə malik olan Azərbaycan musiqisi bu gün problemlərlə qarşı-qarşıyadır. Hətta bəzi ifaçılar həyatda olmayan bəstəkarlarımızın mahnılarını da korlayırlar. Oxunan mahnılarda heç bir mahnı quruluşu yoxdur. İstədikləri kimi mahnıdan istifadə edirlər. Mahnı 3-5 dəqiqə davam etməlidir. Amma indi oxunan mahnıları o qədər uzadırlar ki, 12 dəqiqə davam edir. Nəticədə xaos yaradırlar. Xaos yalnız kiçik həcmli əsərlərdə, daha doğrusu, mahnı janrında var. Azərbaycanda mahnı janrında heç bir inkişaf yoxdur. Düzdür, peşəkar bəstəkarlar bu janrda da yazıb-yaradırlar. Həvəskar bəstəkarlar isə aləmi qarışdırır, bir xalqın musiqisini başqa xalqın musiqisinə qatırlar. Onların musiqisində hər bir ölkənin mahnıları var.
   - Sizcə, bu qarışıqlığın qarşısını almaq mümkün olacaqmı?
   - İndi televiziya kanallarının sayı çoxalıb. Qabaq bir televiziya kanalı vardı, orada da Bədii Şura fəaliyyət göstərirdi. Mən həmin Bədii Şuranın üzvü idim. Daha doğrusu, 74-cü ildən bu günə qədər həmin şuranın üzvü sayılıram. Bədii Şura hər bir bəstəkarın əsərini qəbul edəndən sonra lentə yazırdı. Redaksiya Şurası da ifaçılara nəzarət edirdi. Proqrama görə ifaçıya əsər verilirdi. Mahnı da, ifaçı da xüsusi baxışdan keçirdi. İndi özəl kanalların sayəsində özbaşınalıq yaranıb. Onlar özəl olduqlarını bəhanə gətirərək belə bir şəraiti yaradıb, onları reklam edirlər. SMS-lə müsabiqələr keçirirlər. Ancaq Az.TV-nin sonuncu dəfə keçirdiyi muğam müsabiqəsi SMS-siz baş tutdu. Münsiflər heyətinin zəhməti sayəsində ən istedadlılar seçildi. Qalib gələnlər klassik Azərbaycan muğamı oxudular. Onlar nə əllaməlik etdilər, nə də başqa xalqların musiqisindən istifadə olundu. Müəllimləri onlara əsl Azərbaycan muğamını öyrədib. Professionallıq olan yerdə həmişə yaxşılar üzə çıxır. Bu layihə uğurla həyata keçirildi. Mehriban xanıma minnətdaram ki, muğamlarımıza belə diqqət göstərir. Onun muğamlarımızla bağlı 7 layihəsi bütün muğamsevərlərin ürəyindən oldu. Eyni zamanda onun dəstəyi ilə Muğam Mərkəzi inşa edilir. Dünyanın heç bir yerində belə bir mərkəz yoxdur. Bu, Mehriban xanımın milli musiqimizə göstərdiyi diqqətin əsl nümunəsidir.
   
Mövqe.- 2008.- 5-7.- iyul.- S. 13.