Babayeva T.
Cazda yalnız uşaqlardır…
Deyirlər ki,
caz elitar sənətdir və hər kəsin onu başa
düşməsi bir qədər müşküldür. Ona
görə də uşaqların zövqünü lap
körpə yaşlarından formalaşdırmaq
lazımdır. Uşaqlarımızın və
yeniyetmələrimizin böyüdüyü mədəni
mühiti isə, əsasən, festivallar və
müsabiqələr vasitəsilə
zənginləşdirmək olar. Son illərdə Bakıda
uşaqlar üçün nəzərdə tutulmuş, musiqinin
müxtəlfi janrlarını əhatə edən kifayət
qədər festival və müsabiqələr keçirilir.
Amma caz musiqisi ilə məşğul olanlar öz istedadlarını
yalnız Bakı Caz Mərkəzinin ildə bir dəfə
təşkil etdiyi uşaq caz festivalında göstərə
bilirlər.
Təşkilatçıların sözlərinə
görə, bu il festival daha əlamətdar olacaq. Belə ki,
festival müsabiqə xarakteri daşıyacaq və balaca
cazmenlərin bacarığı peşəkarlar
tərəfindən qiymətləndiriləcək.
Festivalın məqsədi və məramları ilə
bağlı suallarımızı Bakı Caz Mərkəzinin
art direktoru, festivalın prodüseri Emil Məmmədov
cavablandırdı.
- Artıq beşinci ildir ki, Bakı Caz Mərkəzi Bakı
Beynəlxalq Caz Festivalından əvvəl uşaqlar və
gənclərin festivalını keçirir. Festivalın
əsas məqsədlərindən biri cazı təbliğ
etmək, onun şöhrətini daha da artırmaq,
uşaqları və gəncləri caz musiqisinə cəlb
etməkdir. Bununla yanaşı, festival
çərçivəsində biz yeni istedadlar üzə
çıxarır, digərlərinin isə il ərzində
nə dərəcədə inkişaf etdiyini
müəyyənləşdiririk. Bizim Mərkəzin
fəaliyyətinin başlıca istiqaməti gənc
musiqiçilərə kömək etmək, onları
peşəkar səviyyəyə qaldırmaq və
beynəlxalq arenaya çıxarmaqdır.
- Festivalın bu ay keçiriləcəyi deyilsə də,
dəqiq vaxt göstərilmir///...
- İndi festivala hazırlıq işləri gedir.
Musiqiçilərin seçimi aparılır,
dinləmələr keçirilir.
İştirakçıların siyahısı məlum olandan
sonra festivalın da dəqiq vaxtı
müəyyənləşəcək.
Düşünürəm ki, festival iyulun son
günlərində baş tutacaq. Əgər
iştirakçıların sayı çox olarsa, biz
festivalı bir gün deyil, iki gün keçirməyi
planlaşdırırıq.
- Festival hansı yaş qrupunu əhatə edəcək?
- Festivala beş yaşından iyirmi beş yaşına
qədər uşaqlar və gənclər cəlb olunacaq.
İştirakçılar arasında Jasmin adlı beş
yaşlı istedadlı qız var. Tanınmış
futbolçu Valeri Hacıyevin nəvəsi də
iştirakçılar sırasındadır. Bunların
hər ikisi azyaşlı olsalar da, çox istedadlı
uşaqlardır və caza böyük həvəs
göstərirlər. Seçdiyimiz uşaqlar arasında
altı və yeddi yaşlılar da var. Mənə elə
gəlir ki, festivala gələnlər bu balacaların
çıxışından böyük zövq alacaqlar.
- Seçim apararkən hansı xüsusiyyətlərə
daha çox üstünlük verirsiniz?
- İnsanın daxilindəki istedadı və istəyi
görmək, onun bu sənətin ardınca gedəcəyini
hiss etmək peşəkar yanaşma tələb edir.
Çünki çoxları cazla məşğul olmaq
istəyir. Amma sonra onlardan yalnız bir-iki nəfər bu sənətlə
ciddi məşğul olur. Biz Bülbül adına Musiqi
Məktəbində, Konservatoriyada təhsil alan şagird
və tələbələr arasından ən
istedadlılarını seçirik. Bundan başqa,
valideynlər də öz uşaqlarını gətirir,
onların cazla məşğul olmaq istədiyini
bildirirlər. Mən uşağa qulaq asanda artıq bilirəm
ki, o nə dərəcədə istedadlıdır və onu
təlimatlandırır, məsləhətlər verirəm.
Azərbaycan çoxlu istedadlar yetişdirən
məmləkətdir. Tarix boyu burada istedadlar doğulub. Ona
görə də istedadlı uşaqlarımız və
gənclərimiz çoxdur. Amma təkcə istedad azdır.
İstedadları həvəsləndirmək, inkişaf
etdirmək, onlara kömək etmək və təhsil
vermək lazımdır.
-Builki festivalın proqramında hər hansı
dəyişikliklər nəzərdə tutulub?
- Buna qədər festival müsabiqə xarakteri
daşımırdı. Düzdür, həmişə
seçim edirdik, təşkilat komitəsi daha yaxşı
hazırlaşanları və istedadı olanları
səhnəyə buraxırdı. Bu il isə biz
dəyişiklik etmək istəyirik. Builki festivalın
formatı müsabiqə şəklində olacaq, qalib
mükafatlandırılacaq. Rəqabət hissi
iştirakçılara əlavə stimul, onların daha da
səylə çalışmasına təkan verəcək.
Festivalda fərqlənənlərə Bakı Caz
Mərkəzində məşq etmək, onun
səhnəsində konsert vermək imkanı yaradılacaq.
Bundan əvvəl də biz istedadlı gənclərin
konsertlərini təşkil edir, onları Moskvaya ustad
dərslərinə göndərirdik.
- Artıq beş ildir ki, bu festival keçirilir. Əvvəlki
illərlə müqayisədə yeniyetmələrin caza
marağı artıbmı?
- Bu illər ərzində uşaqlarda və
yeniyetmələrdə caza maraq yüksəlib. Çox
istedadlı musiqiçilərimiz yetişib.
Məsələn, İsfar Sarabski. 12 yaşı olmasına
baxmayaraq, artıq özünü peşəkar musiqiçi
kimi göstərə bilir. İsfar mütəmadi olaraq bizim
səhnədə çıxış edir, tez-tez onu Moskvaya
ustad dərslərinə göndəririk. Həmçinin,
Aysel Quliyeva çox istedadlıdır, cazla ciddi
şəkildə məşğul olur. Bu uşaqlar öz
ifalarını artıq peşəkar müstəviyə
keçiriblər. Ümumiyyətlə, son illər caza maraq
xeyli artıb. Bunda Bakı Caz Mərkəzinin də
böyük rolu var. Çünki hər hansı bir
sahədə uğur əldə etmək üçün uzun
vaxt və mütəmadi iş tələb olunur. Cazı da
inkişaf etdirmək, yüksək səviyyəyə
qaldırmaq üçün on illərlə vaxt
lazımdır. Mənə elə gəlir ki, bu gün
Azərbaycanda caz özünün ən yüksək
səviyyəsindədir.
- Milli cazımızda hansısa yeni tendensiyaları sezmək
olurmu?
- Hansısa bir istiqaməti qeyd etmək çətindir.
Bizdə cazın demək olar ki, bütün
istiqamətlərinə maraq göstərirlər. Bilirsiniz,
əsas məktəbdir. Mütləq, ilk əvvəl klassik
cazı, ümumiyyətlə, klassik musiqini
öyrənmək, daha sonra müasir üslublara
müraciət etmək lazımdır. Caz sərhəd
bilməyən musiqidir. Burada daim eksperiment aparmaq, sintez
etmək, fantaziya işlətmək olar. Bütün bunlar
isə artıq insanın intellektindən və onun
dünyagörüşündən asılıdır. Ən
başlıcası, peşəkarlar yetişdirməkdir.
Musiqiçi peşəkar olanda onun eksperimentləri də
qəbul edilir. O, muğamdan da, xalq mahnısından da
istifadə edərək, cazla sintez edə bilər və onun
kompozisiyaları yaşayar.
-Bəs, builki Bakı Beynəlxalq Caz Festivalının
keçirilməməsi haqqında qərarın səbəbi
nədir?
- Çünki festivalı keçirmək istədiyimiz
bütün meydançalar təmirdədir. Bakı Caz
Festivalı isə son illər yüksək səviyyəyə
qalxıb, bu gün dünyada çox məşhurdur. Bizə
dünyanın hər yerindən musiqiçilər yazır,
festivalda iştirak etmək arzusunda olduqlarını
bildirirlər. Xahiş edirlər ki, onları bu festivala
dəvət edək. Təsəvvür edirsiniz, Amerikadan,
Fransadan, Belçikadan olan musiqiçilər özləri
zəng edib, Azərbaycanda çıxış etmək
istədiklərini deyirlər. Məncə, bu, böyük
əhəmiyyət kəsb edir. Ona görə də biz
festivalın əldə etdiyi nüfuzu saxlamalıyıq. Caz
musiqisi korifeyləri, tanınmış musiqiçilər
elə səhnələrdə və meydançalarda
çıxış etməlidirlər ki, bizim
səviyyəmizi görsünlər. Heydər Əliyev
adına Saray və Opera Studiyasının səhnələri
bizim üçün daha əlverişlidir. Amma onlar
təmirdə olduğu üçün qərara aldıq ki,
gələn ili gözləyək və yüksək
səviyyəli festival keçirək.
- Ötən il festival açıq havada - Yaşıl Teatrda
baş tutmuşdu...
- Elədir, keçən il biz festivalı orada keçirdik.
Amma açıq meydança bizə uyğun gəlmədi.
Bakıda tez-tez külək əsir, bu isə akustika ilə
bağlı problemlər yaradır. Peşəkar səs
operatorları və aparatların olmasına baxmayaraq, çox
çətinlik çəkdik. Ona görə də bu il risk
etməmək qərarına gəldik. Amma caz
həvəskarları ruhdan düşməsinlər. Bu il də
olmasa, gələn il biz Bakıya yenə də dünyanın
ən məşhur cazmenlərini toplayacağıq. Cazı
inkişaf etdirmək vacibdir. Çünki caz, klassik musiqi
incəsənətin elə növləridir ki, onunla hər
hansı bir xalqın mədəni səviyyəsini
göstərmək mümkündür. Bu baxımdan,
dünyada bizim hansı səviyyədə olduğumuzu
görəndə başa düşürlər ki,
Azərbaycan inkişaf etmiş ölkədir və orada
çox istedadlı və ağıllı insanlar
yaşayır. Ona görə də biz caz festivalı və
müsabiqələr kimi tədbirləri itirməməli,
gənclərə kömək etməliyik.
Xəzər.- 2008.- 12 iyul.- S. 18.