Abbasov İ.
Aşıq poeziyasının
tədqiqində yeni söz
Aşıq
sənəti, xüsusən də onun mühüm tərkib
hissəsi olan aşıq poeziyası xalqımızın
mənəvi dəyərlərinin, estetik ideallarının
daşıyıcısı olmaqla bərabər, həm də
ən böyük milli sərvətlərimiz olan ana dilimizin
gözəlliyini, zənginliyini yaşadan tükənməz bir
xəzinədir.
Aşıq
poeziyasının ayrı-ayrı görkəmli
nümayəndələrinin yaradıcılığı
ədəbiyyatşünaslıq, folklorçuluq baxımından
hərtərəfli tədqiq olunsa da, dilçilik
problemləri mövqeyindən hələ kifayət
qədər araşdırılmamışdır. Halbuki,
aşıq poeziyası dilimizin tarixi inkişaf proseslərinin
öyrənilməsi üçün ən mötəbər
mənbələrdən biridir. Lakin bu vaxtacan
aparılmış dilçilik, o cümlədən də dil
tarixi üzrə araşdırmalar əsasən yazılı
ədəbiyyat materiallarına əsaslanmış,
aşıq poeziyasının tükənməz
imkanlarından gərəyincə
bəhrələnməmişdir.
Tanınmış
dilçi alim, filologiya elmləri namizədi, dosent Zabit
Məmmədovun bir-birinin ardınca nəşr olunmuş iki
kitabı filologiya elmimizdə müşahidə olunan bu
boşluğun aradan qaldırılmasına xidmət edir.
"Klassik aşıq poeziyasının leksik-semantik
xüsusiyyətləri" (2006) və "Klassik aşıq
poeziyasının fonetik və qrammatik xüsusiyyətləri"
(2008) adlı bu monoqrafiyalar həm məzmununa, həm də
elmi dəyərinə görə qeyd olunan aktual
vəzifənin öhdəsindən gəlməyə
tamamilə qadirdir.
Dilçiliklə
folklorşünaslıq elmlərinin kəsişmə
xəttində dayanan bu tədqiqatlar eyni zamanda iki mühüm
funksiyanın yerinə yetirilməsini təmin edir. Birincisi,
aşıq ədəbiyyatının
öyrənilməsində indiyəcən yol verilmiş
çatışmazlıqları ortadan götürür,
ikincisi isə, aşıq poeziyasının sistemli liriqvistik
tədqiqata cəlb olunması Azərbaycan dilinin tarixi planda
öyrənilməsini daha da dolğunlaşdırır.
Aşıq
poeziyasının ən zəngin klassik dövrünün
(XVI-XIX əsrlər -Qurbanidən Aşıq
Ələsgərə qədər) öyrənilməsinə
həsr olunmuş bu əsərlərdə şeir
sənətimizin bu sahəsinin dil-üslub
xüsusiyyətləri filologiyamızda ilk dəfə olaraq
geniş əhatəli və sistemli şəkildə
tədqiq olunmuşdur.
Azərbaycan şifahi
xalq ədəbiyyatı, xüsusən də onun
peşəkar ədəbi yaradıcılıq sahəsi
sayılan aşıq ədəbiyyatı janr və forma
əlamətlərinə görə son dərəcə
zəngin və rəngarəngdir. Aşıq poeziyası
xalqımızın milli bədii
təfəkkürünün ən səciyyəvi xüsusiyyətləri
ilə yanaşı, Azərbaycan dilinin zəngin fonetik, leksik-semantik
və qrammatik potensialını da özündə əks
etdirir.
Z.Məmmədovun
tədqiqatları bütün bu xüsusiyyətləri ciddi
elmi arqumentlərlə, zəngin dil materialı əsasında
açıb göstərir. Alim belə bir qənaətə gəlir
ki, tarixi kökləri ilə qədim ozan sənətinə
bağlı olan, bu möhtəşəm özül
üzərində misilsiz inkişaf yolu keçəcək
sənət meydanına ölməz bədii
yaradıcılıq nümunələri çıxaran
klassik aşıq poeziyası həm də dilimizin əzəmətli
tarixi abidəsi kimi dəyərləndirilməlidir. Özünü xalqın bədii
təfəkkürünün ifadəçisi kimi təsdiq edən aşıq, həm də şifahi xalq sənətinin çoxəsrlik inkişafı
boyu
cilalanaraq yüksək kamillik səviyyəsinə
çatmış dil sərvətinin qoruyucusu və
daşıyıcısı olmuşdur. Tarixən yazılı
ədəbiyyata nisbətən daha qədim köklərə
malik olan şifahi xalq ədəbiyyatı eyni zamanda
yazılı ədəbi dilin
təşəkkülünə və inkişafına da
böyük təsir göstərmişdir. Bu qənaətlərini
nəzəri mülahizə və konkret dil faktları ilə
əsaslandıran müəllif göstərir ki, aşıq
poeziyasının dil materiallarının ədəbi dilimizin
inkişafı mövqeyindən qiymətləndirilməsi
bütövlükdə ana dilimizin tarixinin elmi
cəhətdən öyrənilməsi imkanlarını daha
da genişləndirir.
"Klassik aşıq
poeziyasının leksik-semantik xüsusiyyətləri"
adlı birinci monoqrafiyada Z.Məmmədov aşıq
poeziyası dilinin bu cəhətlərini materialın
təbitənə uyğun olaraq, "Lüğət
tərkibi", "Onomastika", "Semantika",
"Frazeologiya" kimi fəsillər üzrə
araşdırmışdır. Hər bir bölmədə
qoyulan problemə müvafiq olaraq, klassik aşıq
poeziyasının ayrı-ayrı nümayəndələrinin
yaradıcılığından son dərəcə zəngin
şeir nümunələri tədqiqata cəlb olunmuşdur.
Bu kitabın elmi redaktoru
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor A.Qurbanov, rəyçiləri isə professor
Ə.Tanrıverdi və professor Z.Xəlildir.
Qeyd etmək
lazımdır ki, aşıq şeirinin dil xüsusiyyətlərinin
araşdırılması, müəyyən mənada,
hətta yazılı ədəbiyyatın dilinin tədqiq
edilməsinə nisbətən daha maraqlı məzmun kəsb
edir. Belə ki, canlı danışıq dilinə daha
yaxın olan aşıq poeziyası dildə baş verən
prosesləri daha bariz şəkildə əks etdirir və buna
görə də tədqiqat üçün yazıh
ədəbiyyatdan öz spesifikliyi ilə fərqlənən
maraqlı və zəngin material verir.
Z.Məmmədovun bu
məsələyə həsr olunmuş "Klassik
aşıq poeziyasının fonetik və qrammatik
xüsusiyyətləri" adlı ikinci monoqrafiyası
"Fonetika", "Morfologiya" və "Sintaksis"
fəsillərindən ibarətdir.
Birinci monoqrafiyada
olduğu kimi, burada da tədqiqatın elmi səviyyəsi
ilə yanaşı, təhlilə cəlb olunmuş bədii
materialın zənginliyi və rəngarəngliyi diqqəti
cəlb edir.
Bu kitabın elmi redaktoru
filologiya elmləri doktoru, professor Ə.Tanrıverdi,
rəyçiləri isə prof. H.Balıyev və prof.
M.Nuruyevadır.
Klassik aşıq
poeziyasının yaradıcıları, canlı xalq dilinin
bütün təbii imkanlarını klassik yazılı
poeziyanın incəlikləri ilə məharətlə uyuşduran
ustad sənətkarların yaratdığı ədəbi
nümunələr son dərəcə zəngin dil
keyfiyyətlərinə malikdir. Aşıq şeiri ana dilimizin
fonetik, leksik-semantik, qrammatik quruluşunu, ifadə
potensialını və poetik üslubiyyatının
imkanlarını əks etdirmək baxımından
əvəzsiz bir mənbədir. Onun bu vaxtacan dilçilik
tədqiqatlarından kənarda qalması həm də
dilçilik elmimizin ümumi səviyyəsinə bir
məhdudluq gətirirdi.
Filologiya elmləri namizədi
Zabit Məmmədovun tədqiqatları həm aşıq
poeziyasının öyrənilməsi, həm də Azərbaycan
ədəbi dil tarixinin mühüm bir sahəsinin ilk
dəfə olaraq sistemli şəkildə
araşdırılması baxımından dəyərlidir.
Xalq qəzeti.- 2008.- 13 iyul.- S. 6.