Hüseynli M.

 

Aşıq sənətinin yazıq vəziyyəti

 

Azərbaycan xalqının ədəbiyyatını, milli musiqisini yaşadıb, yayanlardan biri də aşıqlarımızdır. Onlar həmişə yaşadığı mühitin ictimai, iqtisadi, siyasi, maddi və mənəvi dəyərlərini böyük ruh yüksəkliyi ilə təbliğ edərək insanları insanlığa, vətənpərvərliyə, comərdliyə, sevgiyə, zəhmət və halallığa səsləmişlər. Xalqın folklor ədəbiyyatını əsrlərdən-əsrlərə qədər yaşatmışlar. 1928-ci ildə ilk qurultayını keçirən aşıqlar bu günlərdə 80 illik bir zaman ərəfəsindədir. Artıq 6-cı qurultaylarına hazırlaşan aşıqlar çox təəssüf ki, çıxılmaz və himayəsiz vəziyyətdədirlər.

 

Bu gün ədəbiyyat və incəsənət işçilərinə dövlət və digər qrumlar tərəfindən himayədarlıq göstərilərək onlara fəxri adlar, fəxri təqaüdlər, ev, maşın, şöhrət və şərəf nişanları verilir. Muğam və digər sənətlər Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət universitetində, orta və ibtidai musiqi məktəblərində tədris edilir. ölkə prezidenti cənab İ.Əliyevin fərmanı ilə qeyri-hökumət təşkilatlarından olan AYB, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinə maliyyə ayrılması tərəfimizdən çox yaxşı qarşılanır. Lakin aşıq sənətinə soyuq münasibətin olmasına, yuxarıda adı çəkilən qayğının olmamasına təəssüfl sayılan bir neçə aşıq qalıb. Onlar da qocalıq, xəstəlik, kasıblıq, qayğısızlıq məngənəsində sıxılmaqdadır. Bizi daha çox narahat edən odur ki, indiki cılız və qeyri-səriştəli saz götürənlərlə bir addım belə atmağa ümid yoxdur. Bu sənəti ancaq ustadlar öyrədib tədris etməlidir. 1984-cü ildə AAB-nin keçirdiyi 4-cü qurultaydan bu günə qədər bir çox dəyərli və dünyəvi hörmət qazanmış aşıqlarımız lentə, yazıya alınmadı. Hər bir sənətkar özüylə birgə qara torpağa dəyəri milyonlarla ölçülən xəzinələr apardı. Dünyasını dəyişən aşıqların sənətinə sahib çıxmayan gənc nəslin bu sənətə gəlməsinə əsas səbəb aidiyyəti qurumların qeyri-ciddiliyidir. Fikir verin ki, son illərdə muğam sahəsində böyük canlanma ona görədir ki, yeni nəsillər bu qayğıya görə həvəslənir, öyrənir, müsabiqələrdə iştirak edir, ali təhsil alırlar.
Bu gün vaxtilə Azərbaycanda və dünyanın çox yerində məşhur olan elm, incəsənət, ədəbiyyat xadimlərimizin ən sanballısı olanları vaxtilə dördüncü və beşinci qurultayın ali rəyasət heyətinə üzv seçilmişdir. Bunlardan xalq şairi, dövlət mükafatı laureatı, AAB-nın sabiq sədri Hüseyn Arif, AYB-nın sədri İsmayıl Şıxlı, xalq şairi Osman Sarıvəlli, xalq yazçısı Mirzə İbrahimov, professorlar - Mürsəl Həkimov, Vaqif Vəliyev, Mirəli Seyidov, əməkdar mədəniyyət işçisi Mikayıl Azaflı, incəsənət xadimi Hüseyn Cavan, Aşıq İmran, Aşıq Əkbər (əməkdar mədəniyyət işçiləri, 6-cı ümumdünya festivalı laureatı), Abbas İsmayıl (6-cı ümumdünya festivalının laureatı), Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar Əfəndiyev, Aşıq Hüseyn Saracılı dünyasını dəyişib. Digər qüdrətli aşıqlarımızdan Aşıq Yusif Yusifov, Aşıq Yunis Həsənov, Aşıq Talıb Əsgəroğlu, Aşıq Müseyib Cilli, Aşıq Murad Niyazlı, Aşıq Abbas Həsənov, Aşıq Məhəmməd Hüseynov, Aşıq Yolçu Məhərrəmov, Aşıq Kərəm İncəli, Aşıq Aslan Aslanov, Aşıq Rza Qobustanlı, Aşıq Mahmud Şıxzərli, Aşıq Sədi Ulaclı, Aşıq Vəli Qaraxanlı, Aşıq Ələkbər Ələsgərov, Aşıq Nağı Rzayev, Aşıq Qədir İsmayılov, Aşıq Qəmkeş Allahverdi, Aşıq Əhməd Sadaxlı, Aşıq Aydın çobanoğlu, Aşıq Məlik Məmmədov, Aşıq Eldar Sarıyev, Şair Sücaət, şair Bəhmən, Həsən Mülkülü, zurna-balaban ustadı Manaf Məmmədov, Aşıq Etibar Mövsümov, Aşıq Məsim Şəmkirli, Aşıq Bala Mikayıl və onlarla ruhu şadolmuşların adını çəkmək olar. çox acınacaqlı haldır ki, bu aşıqların məzarüstü abidələri belə orta səviyyədə deyil. Adlarının əbədiləşdirilməsinə dair təşəbbüs qaldırılmayıb. Paytaxtımızda aşıq sənəti ilə bağlı adi bir muzey və ya sərgi belə yoxdur. Yeganə yer Tovuzdur ki, H.Bozalqanlı adına dövlət muzeyi fəaliyyət göstərir. Muzeydəki foto-şəkillərin, digər invertarların təmirə və bərpaya böyük ehtiyacı var. Binanın özünün vəziyyəti də ürəkaçan deyil. Xaricdən gələn qonaqlar bir tərəfdən bu muzeylə tanışlıqları və ziyarət üçün razı qalsa da, digər tərəfdən müəyyən qüsurlara görə məyus gedirlər.
Dəfələrlə mətbuatda yazıldığı kimi, Aşıq Hüseyn Bozalqanlı ilə onun sevimli şəyirdi olan Aşıq Mirzə Bayramovun qəbirlərinin yenidən bərpaya ehtiyacı var. Uzun illərdir aşıqların səs yazıları, audio və video kasetləri Müəllif Hüquqları Deprtamentinin gözü qarşısında "Nurlu sabah" "Böyük Şahinlər" və digər gizli fəaliyyət göstərən səsyazma studiyaları tərəfindən qanunsuz şəkildə çoxaldılır. Külli miqdarda pul qazanılır. Bir manat da olsa, bu müəlliflərin fonduna pul ödənilmir. özbaşına hərəkətlər, haram pullar studiya rəhbərlərinin və onun havadarlarının cibinə gedir. Nəticədə dünyasını dəyişmiş böyük aşıqların yaradıcılıq, yubiley və kitablarına vəsait tapa bilmirik.

 

Təzadlar.- 2008.- 29 iyul.- S. 14.