Həmidə

 

Ruhumuza qida Səmşir

 

Aşıq Şəmşir. Azərbaycan ozan sənətinin ən görkəmli nümayəndəsi ilk peşəkar aşıq kimi tanınan ustad sənətkar. Aşıq Ələsgər Aşıq Qurbanidən dərs alaraq bu qədim el sənətini daha yüksək zirvələrə ucaldan bununla da ustadlaşan, dədələşən Dədə Şəmşir. Aşıq şeirinin bütün janrlarında yazıb yaradan ustad, həm təkrarsız ifa tərzi ilə bu sənətə bir ayrıcalıq, orijinallıq gətirib. Qoşmalarında, gəraylılarında, təcnis müxəmməslərində sosial mövzulara, cəmiyyəti narahat edən məsələlərə geniş yer verən Aşıq Şəmşirin şeiriyyəti məhz buna görə bu gün eyni məhəbbətlə oxunur, sevilir. Aşığın 115 illik yubileyinə həsr olunmuş gecə elin böyük sənətkarına, ustad aşığına, söz sərrafına olan hörmət ehtiramını bir daha göstərmiş oldu.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənən yubiley gecəsində saz sənətimizin zirvələrindən hesab olunan əməkdar incəsənət xadimi Aşıq Şəmşirin nəsillərə örnək yaradıcılığı bir daha xatırlandı.

Gecədə çıxış edən xalq şairi Zəlimxan Yaqub, sənətkarın həyat yaradıcılığından, aşıq sənətimizin inkişafındakı xidmətlərindən danışaraq onu Tanrının Azərbaycan xalqına bəxş etdiyi ərməğan, hədiyyə adlandırdı: «Aşıq Şəmşir təkcə Kəlbəcərin, Dəli dağın, Ooşqarın, Kəpəzin yox, bütün Azərbaycanın oğludur. O, sağlığında heykəlləşən, abidələşən, dədələşən, zamandan irəli yaşamaq hüququ qazanan böyük sənətkar, el adamı idi. Təsadüfi deyil ki, aşıq olan, şair olan, hər zəlliyə şux nəğmələr yazan Dədə Şəmşir zamanında, hələ sağlığında dərin el məhəbbəti, el sevgisi qazanmışdı. Müdrik ustad ruhumuzun qidası olan yaradıcılığı, sazı, sözü ilə bundan sonra da bizi eyni hərarətlə isidəcək, ruhlandıracaq».

Dədə Şəmşirin 115 illik yubiley xatirə gecəsini keçirməyin böyük əhəmiyyətini dilə gətirən natiq, onun sazımızın, sözümüzün ustadı olduğunu dilə gətirdi.

Sonra ozan sənətinin nümayəndələri - aşıqlar səhnədə bir-birini əvəz etdilər. Sazın əsrarəngiz sədaları altında gözəlləmələr, qoşmalar, gəraylılar, təcnislər ifa olundu - Dədə Qorquddan yadigar ozan sənəti bir daha özünün əbədiyaşarlığını təsdiq etdi.

Tədbirin sonunda aşığın oğlu Qənbər Qurbanov çıxış edərək, atasının yaradıcılığına olan tükənməz el məhəbbətinə görə təşəkkürünü bildirdi. Aşığın yaradıcılığının ulu öndərimiz tərəfindən diqqət mərkəzində saxlandığını, onun sərəncamı ilə yubileyinin keçirilməsini xatırladan natiq, Prezident İlham Əliyevin də bu ənənəni davam etdirdiyini, xalqın sənətkarlarına məhəbbətlə yanaşdığını bildirdi.

 

Mədəniyyət.- 2008.- 3 iyul.- S. 3.