Əliyev İ.

 

Tbilisi Azərbaycan Dövlət Dram Teatrına Heydər Əliyevin adı verilmişdir

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin fərmanı ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrına ümummilli lider Heydər Əliyevin adı verilmişdir.
Teatrın direktoru və bədii rəhbəri, rejissor Qoça Kapanadze müxbirimizlə söhbətində demişdir:
- Bu, bizim üçün böyük şərəf olmaqla yanaşı, həm də Azərbaycan xalqının ümummilli liderinə böyük hörmətin əlamətidir. Heydər Əliyev xalqı və ölkəsi qarşısında, həm də bölgəmizdə əvəzsiz xidmətləri olan böyük şəxsiyyət idi. Azərbaycan və gürcü xalqları arasında mehriban dostluq və qardaşlıq əlaqələrinin qorunub saxlanmasında və möhkəmlənməsində onun misilsiz xidmətləri olmuşdur. Onu demək kifayətdir ki, əsrin qlobal layihələrinin Gürcüstan ərazisindən keçməklə reallaşması məhz Heydər Əliyev cəsarəti sayəsində mümkün olmuşdur. Qədirbilən gürcü xalqı bunu heç vaxt unutmayacaqdır. Tbilisidə onun büstünün ucaldılması, Kür çayının sağ sahilində böyük bir küçəyə onun adının verilməsi dediklərimə əyani sübutdur. Teatrımıza ulu öndərin adının verilməsi ilə Heydər Əliyevin xatirəsi Gürcüstanda bir daha əbədiləşdirilmişdir. Yeri gəlmişkən, teatrımızın qonşuluğunda, Tbilisinin tarixi Hamamlar məhəlləsində onun adına gözəl bir bağça da vardır. Bir faktı da xüsusi qeyd etmək istəyirəm: Azərbaycanda heç bir teatr Heydər Əliyevin adını daşımır. Bu şərəfə ilk dəfə olaraq, Tbilisi Azərbaycan Dövlət Dram Teatrı layiq görülmüşdür. Biz bununla fəxr edir və böyük məsuliyyət daşıdığımızı yaxşı xatırlayırıq. Əminəm ki, kollektivimiz etimadı doğruldacaq, dünya şöhrətli siyasi xadimin adına layiq fəaliyyət göstərəcək, gürcü-Azərbaycan xalqları arasında dostluq-qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəkdir. Heydər Əliyev vaxtilə deyirdi ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər səmimilik, mehriban qonşuluq, həqiqi dostluq əsasında qurulur. Bu, xalqlarımızın, dövlətlərimizin hökmüdür, iradəsidir. Biz Azərbaycan xalqının ulu öndərinin dediklərinə həmişə sadiq qalmağa çalışacağıq.
- Teatrın yaradıcılıq planları barədə nə deyə bilərsiniz?
- Biz artıq A.Çexovun "Razılıq istəmək", G.Eristavinin "Gözəgörünməz papaq", K.Abdullayevin "Bir, iki, üç", Çernetin "Qızıl qaz balası" əsərlərini, sənədli materiallar əsasında isə "Xocalı faciəsi"ni səhnəyə qoymuşuq. Hazırda V.Şekspirin "Qanlı salnamə"si üzərində işləyirik. Bunlarla yanaşı, Qurban Səidin "Əli və Nino" əsərini tamaşaya qoymaq, poeziya gecəsi keçirmək, gürcücədən azərbaycancaya və əksinə tərcümələr edən gürcü və Azərbaycan şairləri ilə görüşlər təşkil etmək istəyirik. Oktyabrda Bakıya qastrola getməyi də planlaşdırırıq.
- Teatrın XIX əsrdə tikilmiş binası köhnədir, təmir etdirmək fikriniz yoxdurmu?
- Ötən qış vəziyyətimiz ağır idi. Şəhər bələdiyyəsi və qədim Tbilisi İcra Hakimiyyətinin başçısı Lasa Purtxvanidze köməyimizə gəldilər. Onlar binanın damını və pəncərələrini təzələdilər. Məşq salonu təmir edildi. Ancaq hələ görüləsi işlər çoxdur.
- Teatrın nəzdində artistlərin yaradıcılıq studiyası yaratmağınıza səbəb nədir?
- Bunun səbəbi odur ki, Ş.Rustaveli adına Teatr İnstitutu Azərbaycan teatrı üçün ancaq bir kurs ayırmışdır. Bu isə kifayət deyildir. Truppanı doldurmaq lazımdır. Buna görə də teatrın nəzdində artistlərin yaradıcılıq studiyasını yaratdıq. Hazırda studiya müvəqqəti olaraq fəaliyyət göstərmir. Mən yalnız azərbaycanlı artistlərin deyil, rejissorların da hazırlıq kursu keçəcəyi studiya yaratmaq arzusundayam. Studiyanın fəaliyyət göstərdiyi dövrdə burada 16 gənc təhsil alır və teatrın özü onlara maaş verirdi. Təhsillərini başa vurduqdan sonra onlar imtahan verdilər. İmtahanın nəticələrinə görə 6 nəfəri stajçı kimi teatrda saxladıq.
Sentyabrda teatr studiyasına qəbul elan edəcəyik. Teatr İnstitutundan professor və müəllimlərin dəvət olunacağı studiyada natiqlik, vokal, xoreoqrafiya, pantomima tədris ediləcəkdir.
- Teatrın yaradıcı heyəti barədə nə deyə bilərsiniz?
- Truppada yaşlı nəslin nümayəndələrinin olmaması təəssüf doğurur.
Gənclərə gəlincə, onlar çox istedadlıdırlar.

 

Azərbaycan.- 2008.- 24 iyul.- S. 1.