Hacıyev T.

 

Ağaların səsilə söz cana, dada-duza gəlir

 

A.S.Puşkinin müasiri Karatagin familiyalı məşhur bir qiraətçi olub. O, səs tembri, intonasiyası, ifadə zənginliyi ilə böyük auditoriyaların, yüksək salonların hörmətini qazanıbmış. Camaatın diqqətini cəlb edən bir gənc satirik yazıçı ərsəyə çıxır. Bir gün dostları zarafatla Karataginə deyirlər ki, o yazıçı sənin çörəyini əlindən alacaq. İstedadlı qiraətçi halını pozmadan dostlarına cavab verir ki, narahatçılığa dəyməz, çörək getsə də, duzu özümdə qalacaq.
Təbii ki, xəmiri, çörəyi dada gətirən duzdur. Dilin də, danışığın da ürəyə yatması, zövqü oxşaması ifaçının, söz sahibinin bəlağətindəki duzdan asılıdır. Bu gün yazıçı, şair, artist, müğənni bolluğunda usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların da içərisində əməkdar artist Ağalar Bayramov öz ifasının duzu ilə seçilir. Onun ifasında böyük qələm sahiblərimizin bədii sözü dinləyicilərə çox munis görünür.
Ağalar öz ustalığı, səsinin məlahəti, diksiyasının səviyyəsi ilə ifa etdiyi sənət əsərlərinin ikinci müəllifi hüququnu qazanır. Onun səs tembri bir ilahi vergidir ki, ifasının bütün dadı-duzu onun içindədir. Ağalar Bayramovun sifətindəki orijinal təbəssüm, gözlərindəki dərin məna, mimikalarındakı zənginlik onun nadir səs varlığı ilə birləşərək, tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır.
Bu gün öz yetkinliyi ilə o, ifaçılıq sənətimizin tarixində əbədiyyət qazanmış Kazım Ziya, Mehdi Məmmədov, Hökümə Qurbanova, Müxlis Cənizadə kimi ölməzlərlə bir cərgədə dayanmaq haqqını qazanmışdır. Ağaların ifasını dinlədikcə böyük Füzulinin bu sözlərinin gerçəkliyi əyaniləşir:
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyirlər, özgədir can.
Həqiqətən, Ağaların nəfəsi ilə bədii söz insanların duyğularında bir can kimi yaşayır. Ağalar qiraət sənətimizi tarixə yazanlardandır.

Xalq qəzeti.- 2008.- 26 iyul.- S. 6.