İbrahimova S.

 

Xaricdə yaşayan elm xadimləri vətənə dönməlidir

 

Türkiyədə fəaliyyət göstərən Cahangir Novruzovun fikrincə,

onların potensialından istifadə etmək vacibdir

 

"12 ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına getmirəm. Bəzən yaxşı tamaşalar olur. Amma bir-iki tamaşaya görə ümumi qiymət vermək çox çətindir". Bu sözləri Türkiyədə fəaliyyət göstərən Xalq artisti Cahangir Novruzov deyib. Onun əlavəsinə görə, hazırda xaricdə fəaliyyət göstərən dəyərli elm, sənət digər sahələrin nümayəndələri vətənə dönməlidir ki, illər boyu formalaşan bünövrə dağılmasın: "Azərbaycan düşüncəsinin "sementi"ni təşkil edən çox insan Azərbaycanı tərk edib. Onları geri qaytarmaq, potensiallarından istifadə etmək vacibdir, ehtiyac olsa, hətta onların nazı ilə oynamaq da lazımdır. Xaricdən gələn amerikalı, ingilis mütəxəssislərin nazı ilə oynanılır, onlar burda qapıları ayaqla açır, yüksək səviyyədə qəbul edilirlər. Azərbaycandan kənarda elə elm adamları, həkimlər, fiziklər, riyaziyyatçılar var ki, onların yanında mən bəlkə heç kiməm. Azərbaycan kiçik ölkədir, insan qaynaqlarına, mütəxəssislərə bu qədər etinasız olmamalıdır. Bunun da öz səbəbi var. Çünki bəzən əlaqədar təşkilatların başında rəhbərlik etdiyi sahədən xəbəri olmayan, o işin fəlsəfəsini anlamayan şəxslər oturur. Belə insanların da kadr siyasəti təbii ki, yanlış olacaq. Xaricdə yaşayan azərbaycanlı kimi Azərbaycan prezidenti ilə fəxr edirəm. Bu, gerçək səmimi etirafdır".

 

Kaspi.- 2008.- 9 iyul.- S. 16.