Mükərrəmoğlu M.
Milli
azlıqların və etnik qrupların dil və
mədəniyyətlərinə həsr olunmuş
beynəlxalq forum
YUNESKO-nun himayəsi
ilə 2008-ci il Beynəlxalq dillər ili elan edilib. Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, bu günlərdə Yakutsk şəhərində
(Rusiya Federasiyası, Saxa Respublikası) “Kibernetik məkanda dil və mədəniyyət
müxtəlifliyi” mövzusunda
beynəlxalq konfrans keçirilmişdir. Konfrans
YUNESKO-nun himayəsi ilə elan edilmiş
Beynəlxalq dillər
ili çərçivəsində
keçirilir. Konfransda
4 MDB dövlətinin (Azərbaycan,
Belarus, Qazaxıstan, Rusiya Federasiyası), habelə Belçika, Braziliya, Kanada, Mali, Niderland, Yeni Zelandiya, ABŞ, Finlandiya, Fransa, Cənubi Koreya, Yaponiya və digər ölkələrin
nümayəndələri iştirak
etmişlər. Bundan başqa, konfransa YUNESKO-nun Moskva Bürosunun məsləhətçisi
Marius Lukoşunas və YUNESKO baş direktorunun məsləhətçisi
Henrix Yuşkəviçus
dəvət olunmuşlar.
Konfransda 100-dən çox nümayəndə
iştirak etmişdir.
Konfransın təntənəli
açılışı və plenar iclası Hökumət evinin “Respublika” zalında təşkil olunmuşdur.
Açılışda YUNESKO-nun
baş direktoru K.Matsuranın, Saxa Respublikasının prezidenti
V.Ştirovun təbrik
məktubları oxunmuşdur.
Beynəlxalq forumda “Çoxdilliyi
qorumaq üçün
kitabxana, muzey və arxivlər nə edə bilərlər”, “Minoritar dillərdə yerli kontentlərin yaradılması
və yayılması”,
“Mədəni irs və mədəni müxtəliflik internetdə”,
“Çoxdillilik və
mədəniyyətlər dialoqu”,
“Dünyada çoxdillilikdə
nə baş verir”, “Dillər niyə yox olur”,
“Latın, qədim
yunan. Bütün diri dillərdən
ən dirisi olan ölü dillər”, “Dillər və kiberməkan”, “Yakutiyanın yaddaşı”
portalı: ilk nəticələr, “Finlandiyada
kitabxana sahəsində
çoxdillilik”, “Dil və mədəniyyət
müxtəlifliyi məqsədi
ilə dövlət dil siyasətinin hüquqi əsasları və həyata keçirmə mexanizmləri”, “Latın dili. Ölü dildir?”, “Qazaxıstan
Respublikasında ”Mədəni
irs" Milli proqram və Milli portal", “Vahid dil, yaxud
coxdilli tərcümə”,
“Yoxa çıxmış
dillər və multimedia vasitələri”,
“Kiberməkanda çoxdilliliyin
inkişafında Rusiya
kitabxanalarının fəaliyyəti”
və s. maraqlı məruzələr
dinlənildi.
Mədəniyyət və
turizm nazirliyinin bölmə müdiri L.Məmmədova “Azərbaycan:
mədəni simbioz və ənənə müxtəlifliyi” məruzəsi
ilə çıxış
etdi. Məruzəçi müstəqil Azərbaycan
Respublikasının milli-mədəni siyasətindən
geniş məlumat verdi və qeyd
etdi ki, əhalinin mentaliteti digər xalqların, millətlərin mədəniyyətlərinə
tolerantlıq münasibəti
şəraitində formalaşmışdır.
Əsrlər boyu vətənimizdə polikultur
cəmiyyət mövcud olmuşdur. Bu gün də
Azərbaycan əhalisinin
tərkibi çoxmillətli
və çoxkonfessionaldır.
Respublika rəhbərliyinin
balanslaşdırılmış siyasətinin əsas məsələlərindən biri
dövlətin polietnik
əhali kütləsinin
qorunub saxlanılmasından
ibarətdir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından
sonra Azərbaycanda “etnik intibah” dövrü başlanmış,
Azərbaycan Respublikasının
dövlət siyasətində
mədəni müxtəlifliyin
qorunması və dəstəklənməsi öz
əksini tapmışdır.
Ulu öndər qeyd edirdi ki,
“...hər bir millət, hər bir etnik qrup
ümumdünya mədəniyyətinə,
sivilizasiyasına, ümumbəşəri
əxlaq dəyərlərinə
öz töhfəsini
verir”. Məruzəçi
vurğuladı ki, bu siyasət öz məntiqi davamını sonrakı dövrlərdə də tapmışdır. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev haqlı olaraq deyir “...Biz çoxmillətli
ölkəyik... Hər
bir insan, hər bir vətəndaş
bizim üçün
əzizdir... Bu baxımdan Azərbaycan dünyada bir nümunə ölkə kimi ola bilər”.
Nazirlik tərəfindən milli azlıqların və etnik qrupların mədəni dəyərlərinin
qorunması və inkişafı üçün
kompleks tədbirlər
həyata keçirilir:
milli azlıqların mədəniyyət mərkəzləri
ilə əməkdaşlıq,
sərgilərin təşkili,
milli azlıqların xalq kollektivlərinin
respublika daxilində və xaricdə qastrol səfərləri və s. Qeyd
olundu ki, son illərdə bu istiqamətdə Azərbaycanda 4 böyük
layihə həyata keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə YUNESKO-nun mənzil qərargahında “Azərbaycan
sivilizasiyaların və
mədəniyyətlərin qovşağıdır” mövzusunda
qala-konsert və fotosərgi təşkil olunmuşdur. Milli mədəniyyətlərin
qorunması və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən layihələr
haqqında məlumat konfrans iştirakçılarının
böyük marağına
səbəb oldu.
Məruzə zamanı
konfrans iştirakçılarına
Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən
tədbirlər haqqında
maraqlı diaqramlar, statistik məlumatlar, Azərbaycanın etnik xəritəsi və s. nümayiş etdirildi.
Konfrans iştirakçılarına
Azərbaycanın etnik
musiqisini əks etdirən kitab da paylandı.
Konfrans öz işini “Mixail Svetlov” teploxodunda davam etdirmişdir.
Xalq qəzeti.- 2008.- 5 iyul.- S. 6.