Məhərrəmova T.
Heç vaxt heç nəyi
planlaşdırmıram
Mələk
Abaszadə, aktrisa: "Məndə həmişə
həyəcan
sabah üçün
qeyri-müəyyənlikdən yaranır"
Rus Dram Teatrının binası bu
yaxınlarda əsaslı təmirdən sonra istifadəyə
verildi. Ancaq teatrın yenidən istifadəsi yay
mövsümü dövrünə təsadüf etdi. Yəni
kollektiv yeni repertuar üçün
planlaşdırdığı tamaşaları yalnız
gələn mövsümdə oynaya biləcək. Binanın
təmiri dövründə Dənizçilərin
Mədəniyyət Evində yerləşən kollektiv
əvvəlki kimi tamaşaçıları başına
toplaya bilməsə də, bundan sonra hər şeyin
yaxşı olacağına əmindir.
Teatrın aparıcı
aktrisalarından olan Mələk Abaszadə də
yaradıcılıq arzularını reallaşdırmaq
ümidiylə yaşayır:
- Siz Türkiyə podiumunda
məşhurluq zirvəsini yaşamısınız.
Azərbaycandakı eyni səhnə sizin üçün
fərqli idimi?
-
Əlbəttə, bunları müqayisə etmək heç
mümkün deyil. Peşəkarlıq baxımından
Bakı Türkiyəni əvəzləmirdi. Ancaq
həmişə demişəm ki, Azərbaycanda uğurun 15-20
faizini yaşamaq Türkiyədə uğurun 100 faizini
yaşamaqdan yaxşıdır. Çünki bura Vətənin
olduğu üçün sənə daha çox zövq
verir. Həmin vaxtlar - 1999-cu il podium baxımından Bakıda
fəallıq vardı. Modelyer Raf Sardarov Bakıya ilk
dəfə gəlmişdi. Mən onun işinə
qatıldım. Podiumda qızğın fəaliyyətim iki il
bundan əvvələ qədər davam etdi.
- Hazırda podiumda bir
müəllim, yoxsa sadəcə maniken kimi
çalışırsınız?
- Maniken kimi
çalışıram. Çox qəribədir, yanımda
işləyən qızların çoxu məndən
gəncdir. Yaşımı soruşanda həmişə bu
sualdan qaçıram. Bəlkə də yaşımı
vermədikləri və indiki gənclər yaşlarından
çox böyük göründükləri
üçün bu fərq arada itir. Məndə manikenliyi
öyrətmək hissi hələ başlamayıb. Bir də
ki, podiumlara dəvət almaq məndən asılı deyil.
Bakıda 3-4 peşəkar modelyer var. Onlar hamısı
məni tanıyır və işləməyə
dəvət edirlər. Mən onların kolleksiyalarını
nümayiş etdirirəm. Onların geyimlərini,
parçalarını hər hansı bir verilişdə
təqdim etmək lazım olanda, sırf moda
nümayişində, reklam çəkilişlərində
və ya hər hansı bir tədbirdə iştirak edirəm.
Bu, modelyerlərin istəyi ilə bağlıdır,
dəvət etməsələr, yəqin ki,
işləməyəcəyəm.
- Sizin üçün daha çox
aktrisalıq əhəmiyyətlidir, yoxsa podium?
- Hər ikisini
sevirəm. İlk dəfə Türkiyədə model kimi
işləməyə təklif alanda, adi bir iş təsiri
bağışladı. Bunu ciddi qəbul eləmədim.
Aktrisalıqdan sonra belə bir işlə məşğul
olmaq mənə çox bəsit göründü.
Bəlkə də ilk dəfə Bakıda olsaydı, bu
işə başlamazdım. Bu, Türkiyədə çox
yüksək səviyyədə olduğu üçün
qatıldım. Şansım elə gətirdi ki, ən
məşhur modellərin və işləyən qrupun
içərisində olduğum üçün maraqlı
oldu. Avropadan özgə bir modelyer gələndə daha
çox onlarla işləyir və yüksək
səviyyədə iş təklifləri alırdım. Podiumdakı dekorasiya, quruluş, işıq, musiqi,
bir sözlə, texniki hazırlaşma mənə teatrı
xatırladırdı. Hərdən özümdən də
soruşuram: hansından daha çox zövq alıram?
Əlbəttə ki, teatrdan. Çünki onun dramaturgiyası
var - teatr tamamilə başqa bir həyatdır. Orda
başqa bir insanın həyatını oynayırsan. Podiumda
isə daha çox estetik cəhətdən zövq alıram.
Nümayiş ilə musiqi bir-birinə uyğunlaşır,
hər şey bir-birini tamamlayırsa - geyindiyin kostyum, musiqi,
içindəki ruh uyğunlaşırsa, estetik
tərəfdən zövq alırsan.
- Siz həmçinin
"İbRus" Teatrında
çalışırsınız. Peşəkar və
tanınmış səhnəyə malik Rus Draması ilə
bu səhnənin hansı fərqini hiss edirsiniz?
- Bunlar
mənim üçün tamam ayrı teatrlardır. Birini daha
çox xalq teatrı adlandırardım. Çünki ora
gələn tamaşaçıların sayı çoxdur.
Aralarında çox gənc və yaşlı olanlar var. Rus
Dramasını sevib onun repertuarının
pərəstişkarı olanlar da çoxdur.
Ümumiyyətlə, Rus Dramasının çox
qarışıq bir seyrçi toplumu var. İndi gələn
gənclər isə çox təəssüf ki,
komediyanı sevir və teatrda əyləncə axtarırlar.
Onlar teatra əylənməyə gəlirlər. Bakıda
tək-tük qalan intelligentlər də bu teatrın
pərəstişkarlarıdır. Rus Dramasına
Azərbaycandilli camaatdan gələn yoxdur, rusca
danışıb-başa düşən insanlar gəlir. Orda
zalın böyüklüyü də rol oynayır. Ancaq
"İbRus"a gələnlər daha çox teatral
seyrçilər, əsasən teatra daha yaxın olan
çevrədir. Biz "İbRus"da reklamla
məşğul deyilik. Ona görə də Bakıda elə
insanlar var ki, "İbRus"un haqqında heç nə
bilmirlər. Bilənlər də daha çox intelligent
toplumdur. Həmin adamlar tərəfindən teatrın
xəbəri yayılaraq zamanla seyrçilərin sayı
artır. Bununla belə, yenə də "İbRus"un
çox eksklüziv tamaşaçası var.
"İbRus"dan zövq alıram. Oradakı
tərəf-müqabillərim Fərhad Manafov,
Şükufə Yusifova, Fuad Poladov kimi peşəkar
sənətkarlardır.
- Siz teatrdan çox
həvəslə danışırsınız. Amma
ixtisasınız kinoaktrisalıqdır. Bəs Batalov kursu - bu,
həyata keçməyən arzulardır?
-
Uşaqlıqda insan teatr haqqında fikirləşmir.
Uşaqlıqda aktrisalığı kino ilə
bağlayırsan. Sonra başa düşürsən ki,
aktrisalıq üçün əsas məkan teatrdır, orada
işləyirsən, arabir kinoya çəkilirsən.
Əvvəllər nədənsə daha çox
küsürdüm. Bu mənim içimdə qalan bir inciklik idi.
İndi isə bu arzuya daha çox ironiya və
gülümsəməklə yanaşıram. Məni indi kino
ilə bağlayan heç nə yoxdur. 1992-99-cu illərdə
Bakıda olmamışam. Həmin illər filmlər daha
çox çəkilirdi. İndi isə dövlət
filmləri ildə bir-iki dəfə çəkilir, ya
çəkilmir. Artıq Bakıda olduğum 8 ildir və bu
illər ərzində yalnız Hüseyn Mehdiyevin "Boş
məkanın melodiyası" filminin çəkilişi
zamanı ciddi bir kinosınağım olub. Ondan sonra heç
bir fotosınaq da olmayıb. Kinostudiya ümumiyyətlə,
məni heç yada salmır. Həm də təkcə məni
yox, mənimlə bir kursu qurtaranları. Biz fikirləşirdik
ki, çox ciddi təhsil almışıq və
lazımıq. Onu da başa
düşürük ki, ölkəmizdə
çəkilən filmlərin sayında artım yoxdur.
Əgər az da olsa çəkilən filmlərin foto və
kinosınaqlarına dəvət alsaydıq, ancaq bu sınaqlardan
keçməsəydik, deyərdik ki, təklif aldıq,
keçmədik. Amma çoxumuz heç təklif də
almırıq.
- Əgər sizi yada salmırlarsa,
niyə özünüz buna cəhd eləmirsiniz?
-
Şəxsən mən həyatımda heç vaxt heç
nəyi planlaşdırmıram. Hər şeyi - birinci və
ikinci plana nə çıxacağını tale özü
qurur. Məsələn, model olmaq heç vaxt arzularımda
olmayıb. Planımda olmadığı halda bu iş
neçə ilimi aldı. Bakıya qayıtdıqda Rus
Dramasında
çalışıb-çalışmayacağım
haqqında fikirləşirdim ki, dərhal rol aldım.
Həmin rolu almaqla da "İbRus"a dəvət olundum.
Heç vaxt gedib özümü xatırlatmıram.
Əslində, bu mənim sənətim üçün
xarakterik deyil. Bilirəm ki, bu xarakterim mənə mane olur. Bəzən
mənə deyirlər ki, kinostudiyaya get, özünü
xatırlat. Ancaq deyirəm ki, ola bilməz ki, onlar məni
görməsinlər. Reklamlarla da, kliplərdə də olsa,
ekranlara çıxıram, onlar görürlər.
İstəsələr, dəvət edəcəklər.
Üzlü olmaqdan çəkinirəm.
- Geridə qalan illəri
xatırlayıb fikirləşəndə
yaradıcılıq mərhələlərinin hansı
dövrü sizi daha yaxındır?
- Ən
çox yaxın olan Türkiyədə teatrda işlədiyim
vaxtlardır. Bu dövr cəmi iki ilə yaxın
çəkdi. Podiumda işlədiyim müddət çox
uğurlu dövrüm idi. Mən model kimi məşhurluq
zirvəsində idim və birdən-birə teatr təklifi
gəldi. Almaniyadan gələn bir türk reyissoru həmin
tamaşada oynamağımı təklif elədi. Uğurlu, ya
uğursuz olacağı bilinmirdi. Heç
fikirləşmədən podiumu yaddan çıxartdım.
Özümü teatra verdim. Bu, özəl teatr idi və
monotamaşa mənim üzərimdə qurulmuşdu.
Vaxtilə küçə teatrı tamaşaları var idi.
Binamız İstanbulun mərkəzində, Bəyoğlunda
olsa da, biz bunun sevincini yaşadıq. 6 nəfərlik kollektiv
o tamaşanı bir ailə kimi yaradırdı.
Gecə-gündüz işləyirdik ki, tamaşa ortaya
çıxsın. Mən teatra bir iş kimi
yanaşmırdım. Deyə bilərəm ki, işim yox,
həyatım teatr idi. Tamaşa hazır olandan sonra insanlar bizi
ayaq üstə alqışlayır, getmək
istəmirdilər. Onda mən teatrın bütün sevgisini
yaşamışdım. O dövr həyatımın
rəngli bir bölümü idi. Fəlsəfi olaraq da o
bölümdə çox şeyi başa düşdüm.
Model kimi işləməyim mənə yaxşı qazanc
gətirirdi. Bilərəkdən bir ayın içində
hər şeyi birdən-biri dəyişdim, maddi olaraq
aşağı enməyə başladım. Çünki rol
üçün qabaqcadan aldığım pulu artıq
xərcləmişdim. Ancaq pulun yoxluğunu hiss eləmirdim.
Bu, dəli və dolu bir sənət sevgisi olmaqla
bərabər, həyatımın coşğulu bir
dövrü idi. Onda başa düşdüm ki, sənəti
həqiqətən təbiətim özü seçir,
mən heç nəyi seçməmişəm.
- Bəs həyatınızın
indiki dövrünü necə adlandırırsınız?
- İndi
fərq ondadır ki, teatra iş kimi gedirsən. Gedib oynunu
oynayır və qayıdırsan. Sən öz aktrisalıq
vəzifəni yerinə yetirirsən. Bəzən
məndən "maaşın nə qədərdir?" -
deyə soruşanda, bu rəqəmi qəsdən
böyüdüb deyirəm, ya da cavab verməkdən
qaçıram. Çünki insanlar "indiki dövrdə
belə bir maaşa işləməyin nə mənası
var?" deyə bilərlər. Ancaq bununla belə, mən
öz işimi sevərək edirəm. Fərq həm də
onda idi ki, orda öz şəhərində deyilsən,
yanında əzizlərin yoxdur, kirayə evdə qalırsan.
Bir yandan gələcəyi bilməmək, həyəcan,
qorxu... Bütün bu hisslər bir-birinə
qarışmışdı. Məndə həmişə
həyəcan sabah üçün qeyri-müəyyənlikdən
yaranır. Sabahı bilsəm də, o biri günü
bilmirəm.
- İndi artıq bütün
həyəcanlarınız ötüşübmü?
- İndi
azalıb. Bəzən fikirləşirəm ki,
köçüb başqa bir ölkədə
yaşamağı sınaqdan keçirə bilərəm. Bu
ölkə Hollandiya və ya hər hansı başqa bir
ölkə ola bilər. İkinci uşağımın
doğuluşundan əvvəl belə fikirləşirdim. Ancaq
ailə böyüməklə elə bil daha oturaqlı
olursan. Bu hisslər məni daha çox qorxudur. Çünki
bu hisslər mənim təbiətimə zidd hisslərdir.
- Bu qeyri-müəyyənlik daha
çox sizin karyera istəyinizlə bağlıdır?
- Bəli,
sənət axtarışı istəyimlə
bağlıdır. Bunu artıq özüm seçmirəm,
təbiətimlə bağlıdır. Hərdən
mənimlə eyni kursda oxuyan qızlarla söhbət
edəndə biri: "Mənim üçün ailə
birincidir. Sənətdə özümü yaşatmasam da,
fərqi yoxdur. Özümü ailə həyatımda
xoşbəxt hiss edirəmsə, mənim üçün
hər şey tamamdır" - deyir. Mən ailədə
xoşbəxt olsam da, yaradıcılıq arzumu
reallaşdırmaq istəyimi heç nə ilə tamamlaya
bilmirəm. Tam xoşbəxt olmağım üçün
tələbkar olmalıyam. Artıq mən bunu
başqalarının qərarı ilə ölçməməli,
öz içimdə hiss etməliyəm. İçimdə
olan sənət ruhumu yaşadıramsa, başqalarının
necə qiymət verməsi də mənim üçün
müəyyən qədər önəmlidir. Onu
tamamlamasam, elə bil ki, ailə həyatımda bir əskiklik
olacaq. Bu əskikliyi də daha çox yaxınlarım hiss
edəcək.
Kaspi.- 2008.- 2 iyul.- S. 11.