Məmmədov M.
Bu ilin payızında
Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi ölkəmizdə böyük
təntənə ilə
qeyd olunacaq.
Bununla əlaqədar Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamın
icrası ilə əlaqədar muxtar respublikanın Ali Məclisi Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə tədbirlər planı hazırlayıb. Yubiley tədbirləri sırasında
Naxçıvan teatrının
Gəncə şəhərində,
eləcə də muxtar respublikanın rayon mərkəzlərində
tamaşalar göstərməsi,
"Naxçıvan teatr
salnaməsi"nin nəşr olunması, sənədli film çəkilməsi nəzərdə
tutulub.
Bu günlərdə
AMEA-nın Naxçıvan
bölməsində keçirilən
elmi konfrans da teatrın 125 illik yubileyinə həsr olunmuşdur. Elmi konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev dövlət başçısının imzaladığı
sərəncamın icrasından
irəli gələn vəzifələrdən danışıb.
Sonra akademik İsa Həbibbəyli, AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev, əməkdar mədəniyyət
işçisi, teatrşünas
Cəlil Vəzirov, sənətşünaslıq namizədi
Əli Qəhrəmanov,
filologiya elmləri namizədləri Fərqanə
Kazımova və Lütviyyə Əsgərzadə
müxtəlif mövzularda
məruzələrlə çıxış
ediblər.
Qeyd ediblər ki, Azərbaycan teatrı salnaməsinə
parlaq səhifələr
yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malik
mədəniyyət ocaqlarından
biridir. 1883-cü ilin may ayının 11-də Naxçıvan
şəhərinin Zaviyyə
məhəlləsində dövrünün
mütərəqqi ziyalılarından
biri olan Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli
şah" komediyasının
tamaşası ilə
fəaliyyətə başlayan
teatrın təşəkkülü və inkişafında Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Bəhruz Kəngərli, Məhəmməd Tağı
Sidqi, Eynəlibəy Sultanov, Qurbanəlibəy Şərifov, Əliqulu Qəmküsar və Rza Təhmasib kimi görkəmli ədəbiyyat və incəsənət xadimləri
yaxından iştirak ediblər. Azərbaycan milli teatr sənətinin
Zülfüqar Hacıbəyov,
Hüseyn Ərəblinski,
Mirzəağa Əliyev,
Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə və Hüseynqulu Sarabski kimi tanınmış simaları həmişə
bu qocaman mədəniyyət ocağı
ilə dərin yaradıcılıq əlaqələri
saxlamış, onun inkişafına böyük kömək göstərmişlər. Elmi konfransda
belə bir amil də xüsusi
vurğulanmışdır ki, Naxçıvan teatrı bütün fəaliyyəti boyu maarifçilik düşüncəsinin
daha geniş dairədə yayılmasına
çalışmış, xalqın mədəni intibahı, milli oyanışı və gənclərin milli-mənəvi dəyərlərə
bağlılıq ruhunda
tərbiyəsi işinə
layiqli töhfələr
vermişdir.
Azərbaycan.- 2008.- 13 iyul.- S. 6.