Məmmədova G.
Qaliblər müəyyən edilib
Son zamanlar
Mədəniyyət və Turizm Nazirliyinin gördüyü
təqdirəlayiq işlər sırasına daha biri
əlavə edildi. Xalq teatrlarının I Ümumrespublika
baxış-müsabiqəsi müvəffəqiyyətlə
başa çatdı.
Xalq teatrımız
Şəmkirdə keçirilən zona
baxış-müsabiqəsinin seçim turunda
münsiflər heyətinin diqqətini çəkərək
II turda iştirak etmək hüququ qazandı.
44 Xalq teatrı
arasından seçilərək finala çıxan 14
teatrın A.Şaiq adına Dövlət Kukla Teatrının
səhnəsində uğurlu çıxışı oldu.
Teatrımız S.Rüstəmin "Çimnaz xanım yuxudadır" əsəri ilə çıxış etdi. Qafar rolunu teatrın rejissoru Mehman Quliyev, Çimnazı - Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Lalə Məmmədova, Nabat rolunu isə Yaqut Ağayeva oynadılar. Teatrda həvəskar aktyor kimi fəaliyyət göstərən, peşəsi sürücü olan Şöhrət Məmmədov Əli obrazını yaratdı.
Mükafatlandırma mərasimi zamanı 14 xalq teatrına diplomlar təqdim edildi. Teatr Xadimləri İttifaqının xüsusi mükafatı da verildi (DVD - Player). Sonra isə ayrı-ayrı nominasiyalar üzrə qaliblər təltif olundu. Ən yaxşı qadın roluna görə Yaqut Ağayeva diplom və pul mükafatına layiq görüldü.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətin bütün sahələrində olduğu kimi teatrda da böyük canlanma yarandığını xüsusi vurğuladı.
Təqdimetmə mərasimindən sonra Mərdəkan xalq teatrının təqdimatında birinci yerin qalibi olan "Dəli Domrul" tamaşası göstərildi.
Xalq yaradıcılığının inkişafı, teatra gənc nəslin cəlb edilməsi, teatr sənətinə marağın artırılması məqsədilə keçirilən bu baxış-müsabiqədən biz çox böyük təəssüratla ayrıldıq. Tədbirin əhəmiyyəti o oldu ki, sənət adamları bir araya gəldi, fikir mübadiləsi etdi, bir-birlərinin repertuarı ilə maraqlandı, ən əsası bir-birlərindən nəyisə gotürdülər, nəsə öyrəndilər.
Şübhə yoxdur ki, teatrımız bundan sonra yeni-yeni
tamaşalarla sənətsevərləri
fərəhləndirəcəkdir.
Yeni Mədəni-maarif jurnalı.- 2008.- № 3 6.- S. 35.